Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Buzlaqlarda tapılan virusların təhlükəsi haqqında mif təkzib edildi
Tibet buzlaqlarında tapılan qədim virus və bakteriyalar bəşəriyyət üçün təhlükə yaratmır, əksinə tərəqqiyə töhfə verir.
Bu barədə Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin baş elmi işçisi, Rusiyanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Anatoli Altşteyn bildirib.
Onun sözlərinə görə, tapıntılar təhlükə yarada bilməz.
“Tapıntılar həmişə tərəqqidir... Düşünmürəm ki, oradan hər hansı təhlükə gəlir, çünki dünya artıq bakteriya və viruslarla doludur”, - deyə o, bildirib.
Alim vurğulayıb ki, insan uzun illər viruslar və bakteriyalar mühiti ilə birgə yaşayır, ancaq bəşəriyyət yox olmaq təhlükəsi ilə üzləşməyib.
O, həmçinin indiyə qədər buzlaqlardan tapılanlardan yoluxma hallarının qeydə alınmadığına diqqət çəkib.
“Onlar tapılanda onlarla heç nə baş vermir. Buzlaqlarda onlar sadəcə olaraq donmuş vəziyyətdədirlər. Tədqiqat üçün götürülənlər laboratoriyalara göndəriləcək. Bakteriya və viruslar üçün elə şərait yaradılır ki, onları öyrənmək mümkün olsun”, - professor fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Tibet buzlaqlarında 28 naməlum virus tapılıb.