Dek
2018
11:45
20
107
5893
Virtual karabakh

Makron hakimiyyətdən vaz keçən deyil. Oxu.Az-ın fransaşünasla müsahibəsi

8 Dek, 2018
11:45
5893

Makron hakimiyyətdən vaz keçən deyil. Oxu.Az-ın fransaşünasla müsahibəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada gərginlik yaşanır, tələbələr kütləvi etiraz aksiyaları keçirir, təhsil islahatlarına qarşı çıxır. Yerli KİV-nin məlumatına görə, aksiya iştirakçıları  asayış keşikçiləri üzərinə Molotov kokteylləri və şüşə qablar atıb. Toqquşmalarda 153 nəfər saxlanılıb. Ümumxalq  etiraz aksiyaları artıq Paris, Bordo, Tuluza, Marsel, Lion və Nantda keçirilib.

Hər şey noyabr ayının ortalarında hökumətin yanacaq qiymətlərini qaldırmasından sonra başlayıb.  Təzyiqlərlə üzləşən hökumət yanvarın 1-dən (2019) etibarən qüvvəyə mindirəcəyi yeni yanacaq vergisinin tətbiqini yarım il müddətinə ertələyib.

Ancaq etirazçılar təkcə bununla kifayətlənməyiblər.

Dekabrın 8-də, Fransanın ən iri şəhərlərində növbəti etiraz aksiyaları və yürüşlərin keçirilməsi planlaşdırılır.  “Sarı jiletlilər” eyni vaxtda Parisin bir neçə rayonunda kütləvi nümayiş keçirmək niyyətindədir.

Bu azmış kimi, şənbə günü fransalı polis əməkdaşları da müddətsiz tətilə çıxmağa hazırlaşır. Buna baxmayaraq,  şəhər mərkəzlərinə ümumilikdə 89 minə yaxın asayış keşikçilərinin səfərbər olunacağı bildirilir.

Politoloq, fransaşünas,  Rusiya  Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının İctimai Elmlər İnstitutunun dosenti İqor İqnatçenko Fransada baş verənlərlə bağlı fikirlərini Oxu.Az-a bölüşüb.

“Aydındır ki, fransızlar  ölkə prezidenti Emmanuel Makronun sosial-iqtisadi islahat proqramından narazıdır. Yanacaq qiymətlərinin qaldırılması, başlıca olaraq dizelin bahalaşması, fransızların səbr kasasını daşdırdı, nəticədə insanlar küçələrə axışdır”, - deyə İqor İqnatçenko bildirib.

Onun sözlərinə görə, Emmanuel Makronun prezidentliyi dövründə etirazlar və qarşıdurmaların yaşanacağı hələ onun inauqurasiyası zamanı məlum idi: 

“O islahatlar həyata keçirəcəyini seçki platformalarında gizlətmirdi. Bu sərt islahatlar nəticəsində müxtəlif sosial dövlət proqramlarında ixtisasların baş verəcəyi  məlum idi. Təsadüfi deyil ki, bu gün fransızlar Makronu “varlıların prezidenti “ adlandırırlar.

Hal-hazırda Fransada baş verənlər,  cibləri sürətlə boşalmaqda olan sıravi Fransa vətəndaşlarının mövcud iqtisadi vəziyyətlə razılaşmaması ilə əlaqədardır.

“İğtişaşların baş almasına baxmayaraq,  yaranmış gərginliyin Makron hakimiyyətinin təməllərini sarsıdacağını düşünmürəm. Halbuki onun reytinqi 25 faizə qədər aşağı düşüb. Bununla belə, onun ilk prezidentlik müddətini axıra çatdıracağı fikrindəyəm. Ancaq ikinci müddətə gəlincə, buna ciddi şübhələr var.

Seçkilər 2022-ci ildə keçirilməlidir. Hazırkı Fransa prezidenti çətin ki, ikinci dəfə mandat qazana bilsin” , - deyə İqnatçenko qeyd edib.

Cari vəziyyətə gəlincə, İqor İqnatçenko,  iğtişaşların sürəkli olacağı təqdirdə fövqəladə vəziyyətin elan olunacağı ilə bağlı söz-söhbətlərin olduğunu vurğulayıb.

“Makron üçün indi ən vacib olan – hakimiyyəti əlində saxlamaqdır. O hakimiyyətdən getməyə hazırlaşmır, ona görə prezident seçilməmişdi ki, nə vaxtsa könüllü istefa versin”.

Həmsöhbətimiz Parisin güc tətbiq edəcəyini, etirazçıları polisin əli ilə dağıdacağını istisna etmir. Belə olan halda fransız məhkəmələri aktiv şəkildə işləyəcək. 

“Ona görə, bir daha qeyd edirəm, Makron hakimiyyətdən vaz keçən deyil”.

Ekspert dünya ictimaiyyətinin  xüsusilə Qərbin Fransada baş verən zorakı toqquşmalara münasibəti məsələsinə də toxunub. 

“Biz bir şeyi anlamalıyıq ki, Emmanuel Makron beynəlxalq layihələr sistemi və qloballaşmada mühüm rol oynayır. İnanmıram ki, Qərbi Avropalı rəsmilər onun ortaya qoyduğu mövqeyə qarşı çıxsın. O legitim hakimiyyətin, dinc vətəndaşların hüquq və azadlıqlarının qorunmasının vacibliyini bəyan edəcəyi təqdirdə, belə bir şey baş verməyəcək”.

Rusiyaya gəlincə, İ.İqnatçenko əmindir ki, rəsmi Moskva məsələyə müdaxilə etməyəcək.

İqor İqnatçenko  Rusiyanın siyasi praktikasında belə bir şeyin olmadığını bildirib. ABŞ və bilavasitə Tramp administrasiyasını isə daha çox ölkədaxili problemlər narahat edir. 

“Ona görə də, qərb siyasətçiləri Fransa hakimiyyətinin azadlıqların qorunması üçün asayışı bərpa etməyə çalışdığını bildirəcək”.

“Biz yaxşı bilirik ki, Qərbin tənqidləri  Rusiya, Azərbaycan və digər ölkələrə yönələndə, bu prinsiplərdən çox, şərq qonşularına pislik etmək niyyətindən irəli gəlir. Qərb üçün bu bir növ təsir və təzyiq alətidir”, - deyə İqor İqnatçenko fikrini tamamlayıb.

Nair Əliyev
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri