İyl
2019
20:23
46
87
4033
Virtual karabakh

Şirməmməd Hüseynov fəaliyyətinə aid kitabın nəşrini münasib görmədi - Davamçısı ilə müsahibə

1 İyl, 2019
20:23
4033

Şirməmməd Hüseynov fəaliyyətinə aid kitabın nəşrini münasib görmədi - Davamçısı ilə müsahibə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 24-də görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov vəfat edib. 

Elmi fəaliyyətini, əsasən, Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.

Ş.Hüseynovun vəfatından sonra onun yarım qalan işlərini BDU-nun “Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi, görkəmli alimin “sağ əli” Samir Xalidoğlu davam etdirəcək. 

Oxu.Az-ın müxbiri S.Xalidoğlu ilə bu məsələ ətrafında söhbət edib.

- Necə oldu ki, Şirməmməd müəllim sizi seçdi? 

- Ümumiyyətlə, Şirməmməd müəllimdə belə bir xüsusiyyət vardı ki, dərs dediyi qruplarda öz xasiyyətinə uyğun gələn tələbəni seçirdi. Bu xüsusiyyət onda dekan işlədiyi vaxtlarda da, dərs dediyi vaxtlarda da olub. Auditoriyalardan seçdiyi müəllimlər olub ki, onun tövsiyəsi ilə fakültədə saxlayıblar.

Elə Nəsir Əhmədlini, Cahangir Hacıyevi, Qulu Məhərrəmlini bu siyahıya əlavə etmək olar. Bu müəllimlərin hərəsini bir dövrdə bəyənib, seçib, saxlayıb. O, həmin şəxsləri seçəndə onların gələcəkdə ya müəllim, pedaqoq kimi püxtələşəcəyini, ya yaxşı tədqiqatçı olacağını təxmin edirdi.

Təvazökarlıqdan uzaq olsa da, mənim tələbə buraxılış işimi bəyəndi. O vaxt işimi arxivdə işləmişdim. O dövrə kimi işlənməmiş əski əlifbada olan bir qəzet haqqında idi. Bu da Şirməmməd müəllimin xoşuna gəlmişdi və təklif etdi ki, məni magistraturaya saxlasınlar. Elə magistraturanı da oxudum, tədqiqatçılıq bacarığımı bir az da inkişaf etdirdim.

Magistraturada dissertasiya işimdə rəhbərim yenə Şirməmməd müəllim oldu. Beləliklə, fəaliyyətimiz davam etdi və 2011-ci ildə Jurnalistika fakültəsinə işə düzələndən sonra daha da intensivləşdi. 

- Şirməmməd müəllimin son kitabı hansı olub?

- 2011-ci ildən başlayaraq Şirməmməd müəllimlə silsilə kitablar çıxarmağa başladıq. Məsələn, “Milli istiqlalımızın bayraqdarı”, “Bakı və Azərbaycan tarixinə dair tədqiqlər”, Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin III, IV, V cildləri. Həmçinin 1919-cu ildə 1 nömrəli “İstiqlal məcmuəsi” çıxmışdı, onu transliterasiya edib kitab şəklində nəşr etdirdik.

Mən Şirməmməd müəllimin kitablarında transliterasiya üzrə redaktor kimi fəaliyyət göstərmişdim, yəni müəllimə bu cəhətdən kömək edirdim. Bundan başqa, müxtəlif qəzetlərin əlamətdar nömrələrini də çevirmişik, istər “Açıq söz” qəzeti, istər “Azərbaycan” qəzeti olsun. Yəni fəaliyyətimiz kifayət qədər geniş idi. 

Qeyd edim ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi münasibətilə Prezident sərəncam vermişdi. O sərəncamın bir hissəsi də əsərlərinin yenidən nəşri idi. Şirməmməd müəllimin əvvəldən işlədiyi iki cild və bir yerdə işlədiyimiz üç cild təzədən nəfis tərtibatda beş cildlik olaraq nəşr olundu.

Sonradan 2016-2018-ci illər ərzində biz “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər adlı üç cildlik kitab buraxdıq. Bu da Şirməmməd müəllimin çıxardığı son kitablar oldu. Yəni ondan sonra kitabımız çıxmadı.

-  Görkəmli alimin hansı işləri yarımçıq qaldı və gələcək planlarınız nədən ibarətdir?

- Şirməmməd müəllim kitabların əvəzinə, 2018-ci ildən bu günlərə kimi “525-ci qəzet”in şənbə nömrələrində hər həftə mühacirət irsindən bəhs edən yazılar dərc etdirirdi. Mühacirlərimizin mətbu irsini bu şəkildə araşdırırdı.

Planında var idi ki, həmin yazıları iki cildlik kitab kimi buraxdırsın. Vəfat etməmişdən təxminən bir həftə, on gün qabaq telefonda danışığımız olmuşdu. Mənə tapşırmışdı ki, həmin yazıları disk şəklində toplayım və sonradan kitab olaraq çap etdirək. Beləliklə, müəllimin bu arzusu yarımçıq qaldı. 

Həyat yoldaşı Ülkər xanımla da danışmışıq. İnşallah, gələcəkdə həmin kitabları buraxacağıq ki, müəllimin də ruhu şad olsun. 

Bundan əlavə, Şirməmməd müəllim mənə “Milli istiqlalımızın bayraqdarı” adlı bir kitab hazırlatmışdı, amma nəşr etdirməyi münasib görməmişdi. Təəssüf ki, onu da görə bilmədi. Həmin kitabda Şirməmməd müəllim haqqında indiyə kimi heç yerdə kitaba salınmamış materiallar, həmçinin özünün müxtəlif mətbuat orqanlarında dərc etdirdiyi, amma heç bir kitabına salmadığı əsərləri toplanmışdı. Yəni bu kitab da müəllimin planında var idi, amma o da yarımçıq qaldı. 

Mən müəllimlə işləyə-işləyə çox şey öyrəndim. Tədqiqatçılıq işində bu günə kimi nə əldə edə bilmişəmsə, hamısına görə Şirməmməd müəllimə minnətdaram. 

Dissertant kimi Şirməmməd müəllim mənim rəhbərim idi. “I Dünya Müharibəsi illərində Azərbaycan mətbuatı” haqqında dissertasiya işi yazıram. O da müzakirəyə hazır idi. Təəssüf ki, son hadisələr bir az ləngitdi və mənim müdafiəmi görmədi. 

Şirməmməd müəllim həmişə qeyd edirdi ki, klassik mətbuat irsi çox geniş və zəngindir. Yəni o mətbu irs, demək olar ki, öyrənilməyib. Elə Şirməmməd müəllim özü şəxsi təşəbbüsü ilə xeyli iş gördü. Sifarişsiz kitabları öz pulu ilə dərc etdirib, pulsuz kitabxanalara, qurumlara paylayırdı ki, bu kitablar oxunsun və irs öyrənilsin.

Biz Məhəmməd Əmin Rəsulzadəni işlədik, amma digər klassiklərimiz var ki, onların əsərləri öz tədqiqatçılarını gözləyir. İstər Mirzəbala Məmmədzadə, Xəlil İbrahim, istər Əli Yusif olsun. Belə görüləsi işlər idi. Bu planlar da yarımçıq qaldı. 

Mən də müəllimin tələbəsi, davamçısı kimi yarımçıq qalan işlərini imkan daxilində davam etdirməyə çalışacam. Nə qədər alınacaq, alınmayacaq, bunu zaman göstərəcək, amma cəhd edəcəm. Onun arzusunda olduğu işləri yekunlaşdırsam, nə xoş mənə.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri