"Qarabağda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac olunur".
Oxu.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, son illər həm Qarabağ, həm də Şərqi Zəngəzurun iqtisadiyyatında ciddi irəliləyişlər qeydə alınıb:
"Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb. Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat idisə, indi bu göstərici 6 milyard manata çatır. Doğrudur, Qarabağ iqtisadi rayonu yalnız işğaldan azad olunan ərazilərimizi əhatə etmir. Amma işğaldan azad olunan və bərpa edilən ərazilərimizdə xüsusi iqtisadi inkişaf müşahidə edilməkdədir. Belə ki, 2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 17.4 dəfə artım deməkdir. Kənd təsərrüfatında isə 2 dəfə artım qeydə alınıb".
V.Bayramov vurğulayıb ki, Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib:
"2020-ci ildə sözügedən iqtisadi rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat idi. Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var. Qarabağda olduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonumuzda da geniş tikinti işləri müşahidə edilir. Bu iqitsadi rayonumuzda tikinti sektorunun həcmi 4 milyard manata yaxınlaşmaqdadır. Qarabağ Azərbaycanın yeni iqtisadi inkişaf drayverinə çevrilməkdədir. Bu, həmçinin Azərbaycan iqtisadiyyatının dayanıqlığının və iqtisadi diversifikasiyanın dəstəklənməsi deməkdir".