14 
May
2019
16:42
53
281
3163
Virtual karabakh

Deputat Londona cavab verdi - Britaniyada cinayətkarlıq 20 faiz artıb

14 May, 2019
16:42
3163

Deputat Londona cavab verdi - Britaniyada cinayətkarlıq 20 faiz artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatı heç cür anlaşılan və qəbulolunan deyil. Bununla bağlı həm rəsmi strukturlar, həm rəsmi şəxslər, həm siyasilər, həm də millət vəkilləri öz mövqelərini bildiriblər. Hesab edirəm ki, Azərbaycanın bu məsələyə reaksiyası, etirazı tam obyektiv və ədalətlidir.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid səyahət tövsiyələrinə, bu tövsiyələrdə viza məsələsinin qabardılmasına, Azərbaycanda viza rejiminin daha sərt formada olması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

S.Seyidov deyib ki, tövsiyələrdə yer alan məsələlərə statistikanın gözü ilə baxmaq və qiymət vermək lazımdır:

“Əgər Daxili İşlər Nazirliyinin rəsmi statistikasına əsasən Azərbaycanda 100 min əhaliyə 264 cinayət düşürsə, Böyük Britaniyada isə rəsmi açıqlanan məlumatlara görə, hər 100 min nəfərə 7 min 178 cinayət düşür.

Fərq göz önündədir, təxminən 30 dəfə bizdəkindən çoxdur. Odur ki, belə bir bəyanatın guya təhlükəsizliyi təmin etmək naminə verilməsi ən azı təəccüb doğurur.

İkincisi, Azərbaycanda 7-10 min arasında ingilis, Böyük Britaniya vətəndaşı yaşayır, işləyir, onlar tanınmış neft şirkətlərində və digər şirkətlərdə çalışırlar. Mayın 29-da keçiriləcək final qarşılaşmasına da təxminən bu qədər azarkeşin gəlməsi gözlənilir.

Ona görə Azərbaycanda yaşayan - fəaliyyət göstərən təxminən 10 min adamla bağlı hansısa təhlükə olmadığı halda, o zaman niyə Azərbaycan gələcək ingilislərlə bağlı təhlükə olmalıdır?!

Məncə, burada başqa məsələlər var və onları üç kateqoriyaya bölmək olar. Birincisi, həm Avropada, həm dünyada hansısa formada islamafob hisslər mövcuddur. O, ölkələrdəki əhalinin böyük əksəriyyəti İslam dininin daşıyıcılarıdır, onlar hansısa formada təhlükə mənbəyi kimi qələmə verilirlər.

Bu gün müasir Avropada da, çox təəssüflər olsun ki, islamafobiya bir tendensiya halını almaqdadır. Bu tendensiyadan heç Böyük Britaniya özü də əl çəkə bilmir. Heç təsadüfi deyil ki, Londonun meri müsəlman olduğu halda bəyan edir ki, üzərinə yüzlərlə təhlükələr, təhqirlər gəlir.

Bu, sivilizasiyaların toqquşmasıdır və bu toqquşımada iyrənc formalardan, idmandan belə, istifadə edilərək, onun daim gündəmdə saxlanılmağa çalışılması ilk səbəb kimi göstərilə bilər.

İkincisi, böyük ehtimalla, siyasi səbəbdir. Təəssüflər olsun, müxtəlif qüvvələr illərdir çalışırlar ki, ölkəmizlə bağlı həqiqətləri, reallıqları başqa, mənfi istiqamətdə təqdim etsinlər.

Bunları biz dəfələrlə görmüşük. Həm “Avroviziya-2012”-də, həm Birinci Avropa Oyunlarında, həm İslamiadada, həm də başqa böyük tədbirlərdə bunlarla qarşılaşmışıq. Guya ki, Azərbaycanda ümumi vəziyyət ümumi Avropa standartlarına uyğun deyil və s. Bu da, sadəcə, siyasi məqsədləri özündə ehtiva edən bir səbəbdir.

Üçüncüsü, heç kimi üçün sirr deyil ki, Böyük Britaniyanın futbol həvəskarları, azarkeşləri ən yumşaq şəkildə desək, həddindən artıq nizam-intizama riayət etməyən bir qrup kimi dünyada tanınır.

Elə bir neçə ay bundan əvvəl Amsterdamda 100-dən çox böyük britaniyalı azarkeş saxlanılaraq və polis bölmələrinə aparılaraq, müxtəlif müddətlərə həbsxanalara salındılar.

Ona görə belə bir bəyanatın verilməsi məsuliyyətdənqaçma, yəni hansısa formada məsuliyyəti öncədən özlərini normal şəkildə aparmaq qabiliyyətinə malik olmayan insanların boynundan atıb, başqa insanların, yaxud qrupların üstünə atmaq kimi qiymətləndirilməlidir.

Bir sözlə, bu üç səbəbin hamısı birlikdə bir daha sübut edir ki, bəzi qüvvələr Azərbaycan-Böyük Britaniya münasibətlərinin əhəmiyyətini, rolunu və dəyərini ya dərk etmək istəmir, ya da dərk edərək buna qarşı hansısa əks formada işləyirləyir.

Hansı ki, Azərbaycan-Böyük Britaniya münasibətləri bu gün çox yüksək səviyyədədir. Elə BP-nin zamanında Azərbaycana maliyyə dəstəyini, investisiyalarını, o cümlədən, iki ölkə arasında mövcud olan əlaqələri göstərmək özü kifayətdir.

Deməli, bunlar hamısı ona dəlalət edir ki, biz öz həqiqətlərimizi daha aktiv, daha yüksək səviyyədə dünyaya çatdırmalıyıq. O cümlədən, bizimlə daim xoş münasibətdə olan, ancaq idman yarışı ərəfəsində başadüşülməyən bəyanat verən Böyük Britaniya ilə də bu istiqamətdə işlərimizi sürətləndirməliyik, daha yüksək şəkildə təşkil etməliyik”.

S.Seyidov təkcə viza məsələsini deyil, ümumiyyətlə, bəyanatdakı bütün digər bəndləri də qəbul etmədiyini sözlərinə əlavə edib.

“Birincisi, “Qərbyönümlü barlar” ifadəsi mənim üçün başadüşülən deyil. Azərbaycanda həm Qərb, həm Sərq də mədəniyyəti, adət-ənənələri var. Bütün mədəniyyətlər burada normal şəkildə yayılırlar, fəaliyyət göstərirlər.

Odur ki, belə ifadələr xoşagələn ifadələr deyil. Yenə statistikaya müraciət edək. 2018-ci ilin statistikasını götürsək, Böyük Britaniyada ümumi cinayətkarlıq 20 faiz artıb. Xüsusilə ağır cinayətlər. Ümumi cinayətlərin sayı bütün regionlarda artan istiqamət üzrə getməkdədir.

Əgər bizdə 100 min əhaliyə iki soyğunçuluq və bir quldurluq hadisəsi düşürsə, onlarda hər 100 minə 170 soyğunçuluq, 127 quldurluq hadisəsi düşür.

İndi bunları “görməyə-görməyə” Azərbaycanda bir və iki hadisəni qabardıb, Xarici İşlər Nazirliyinin bəyanatı səviyyəsinə qaldırmaq heç cür qəbulolunan deyil. Azərbaycanda belə demək mümkünsə, viza rejimi məsələsi yoxdur. Həm Hava Limanında, həm “ASAN xidmət”də asan viza əldə etmək mümkündür.

Bunları da bir kənara qoysaq, səfirliklər vasitəsilə çox asan və rahat şəkildə viza əldə etmək mümkündür, kiməsə burada heç bir problem yaradılmır. Bunu da kənara qoyuram, mehmanxanaların, hotellərin bahalı olması ilə bağlı fikirlərin söylənilməsi də başdan-ayağa qərəzkarlıqdır. Çünki hotellərin beş ulduzlusu da, dörd ulduzlusu da, üç ulduzlusu da, iki ulduzlusu da var. Hətta hostellər belə mövcuddur.

İndi onlarla da bağlı bəyanat vermək özlüyündə qeyri-peşəkar yanaşmanı ortaya qoyur. Təbii, mənim inanmıram ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi qeyri-peşəkar olsun, onlar həmişə peşəkarlıqları ilə seçiliblər. Ancaq ola bilsin ki, başları “Brexit”ə o qədər qarışb ki, hətta belə məsələləri də normal araşdıra bilmirlər.

Ancaq yuxarıda söylədiyim üç səbəb özünü burada aydın şəkildə büruzə verir”, - deyə S.Seyidov bildirib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri