Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ceyhun Bayramov Almaniya və Avstriya səfirləri ilə görüşdü - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya və Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirlərini diplomatik fəaliyyətlərinin başa çatması ilə əlaqədar qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.
Ceyhun Bayramov Almaniya səfiri Volfqanq Maniqə Azərbaycanda uğurlu fəaliyyətinə və bu müddətdə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Volfqanq Maniqin Azərbaycan üçün çox önəmli bir dövrdə diplomatik fəaliyyət göstərdiyini qeyd edən nazir Ceyhun Bayramov, Almaniyanın hər zaman Azərbaycanın suverenlik və ərazi bütövlüyünə nümayiş etdirdiyi dəstəyi məmnunluqla vurğulayıb.
V.Maniq xarici siyasət sahəsində sonuncu diplomatik fəaliyyətinin Azərbaycanda olduğunu qeyd edib və ölkədən xoş təəssüratlarla ayrıldığını bildirib. İki ölkə arasında əlaqələrin xüsusi olduğunu bildirən səfir, bir çox sahələrdə birgə maraqların olduğunu söyləyib.
Tərəflər, iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin bölgədəki cari münaqişə sonrası vəziyyət müzakirə edilib, münasibətlərin normallaşmasının, sülh dialoqunun davam etməsinin vacibliyi vurğulanıb.
Nazir səfir Volfqanq Maniqə sonda bir daha xoş arzularını çatdırıb.
Ceyhun Bayramov Avstriya səfiri Bernd Aleksandr Bayerlə Azərbaycanda fəaliyyəti müddətdə iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində səylərinə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir, iki ölkə arasındakı yüksək səviyyəli səfər mübadilələrinin və görüşlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib və bu xüsusda avstriyalı həmkarı ilə apardığı fikir mübadilələrinə istinad edib.
Bernd Aleksandr Bayerl Azərbaycandakı fəaliyyətindən məmnunluqla danışıb. O, fəaliyyəti dövründə pandemiya səbəbindən münasibətlərdə müəyyən durğunluq müşahidə edilsə də, hazırda əlaqələrin daha da inkişafı üçün yeni imkanların olduğunu vurğulayıb. Səfir, Azərbaycanın bölgədəki sabit ölkə və etibarlı tərəfdaş olduğunu qeyd edib.
Tərəflər, iki ölkə arasında bir sıra, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi potensialını qeyd ediblər.
Görüşdə, həmçinin cari regional vəziyyət, sülh quruculuğu səyləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Ceyhun Bayramov səfir Aleksandr Bayerlə ən xoş arzularını çatdırıb.