“Son illərdə ölkəmizdə həm dövlət, həm də özəl sektorda kibertəhlükəsizlik sahəsinin vacibliyi vurğulanır və bu istiqamətdə artıq bir çox yenilikçi dünya təcrübəsinin tətbiqinə başlanılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssis Azər Əlili deyib.
O bildirib ki, illər öncə kibertəhlükəsizlik müəyyən fərdlərdən ibarət idisə, bu gün artıq kiberəhlükəsizlik komandaları mövcuddur.
A.Əlilinin sözlərinə görə, sevindirici haldır ki, bu komandalardakı əməkdaşlar sahə üzrə qabaqcıl bilik və sertifikatlara malikdir və daim inkişaf edirlər.
Məlumat üçün bildirək ki, A.Əlilinin son dövrlərdə Azərbaycanı beynəlxalq arenada təmsil etməsi mətbuatda xeyli maraq doğurub.
O, açıqlaması zamanı xaricdə keçirilən tədbirlərlə bağlı da məlumatlar verib.
Bildirib ki, analoji olaraq hər il bir neçə dəfə bu kimi tədbirlər fərqli şəhərlərdə keçirilərək kibertəhlükəsizlik kommunitisinin genişlənməsinə və yeni inkişaf yollarının axtarılmasına xidmət edir: “Biz bu tədbirlərdə həm ölkəmizdə aparılan işlər və bu sahədəki potensialı dünya miqyasına çatdırır, həmçinin də dünya təcrübəsini öyrənərək ölkəmiz üçün yeni imkanları araşdırmağa çalışırıq.

Son iki tədbirdə xüsusilə Vətən müharibəsi zamanı ölkəmizin kibertəhlükəsizlik sahəsində apardığı genişmiqyaslı tədbirlər, həll üsulları barədə müzakirələr təşkil etdik. Londonda keçirilən “TechEx Global Cybersecurity and Cloud Expo 2022” və Əbu-Dabidə keçirilən Beynəlxalq Milli Təhlükəsizlik və Davamlılıq Sərgisi zamanı kiçik çıxışım zamanı yanaşdığım nəzəriyyələr Böyük Britaniya Beynəlxalq Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Müdafiə və Kibertəhlükəsizlik Departamentinin səfirinin diqqətini cəlb etdi və yaxın aylarda ayrıca bir görüş keçirərək ətraflı müzakirəsini planlayırıq”.
Kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssis Azər Əlili gələcək planlarından da söz açıb.
O vurğulayıb ki, ölkəmizdə bu sahənin son illərdə inkişafı qürurvericidir: “Amma hələ də görəcəyimiz çoxlu işlər var. Daha əvvəllər komandamda mənimlə işləmiş əməkdaşlar ölkəmizdə və ölkəmizdən kənarda bir çox qabaqcıl şirkətlərdə çalışaraq bir növ mənə bu sahədə işlərimi davam etdirməkdə həvəs verirlər.
Fikrimiz kibertəhlükəsizlik sahəsi üzrə Azərbaycan kommunitisi qurmaq və ölkəmizi bu sahədə dünya üzrə qabaqcıl yerlərə aparmaqdır. Çox yaxın gələcəkdə artıq kibertəhlükəsizlik sahəsində daxili bazarımızda ölkəmizin istedadlı gəncləri tərəfindən yaradılmış yeni həllərin və startapların şahidi olacaqsınız. Biz həm də paralel olaraq bu ideyaların inkişaf etdirilməsi və kibertəhlükəsizlik startapları üçün investisiya mühitinin formalaşdırılması istiqamətində də çalışırıq”.
Qeyd edək ki, kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssis olan Azər Əlili 15 ildən çoxdur ki, İnformasiya Təhlükəsizliyi sahəsi üzrə regionumuzda əsas söz sahibidir. Ötən dövr ərzində öz təcrübəsi ilə ölkəmizdə kibertəhlükəsizliyin qurulmasında və inkişaf etdirilməsində müstəsna xidmətləri olmuş A.Əlili eyni zamanda beynəlxalq arenada da sahəsi üzrə regionun təmsilçisi kimi tanınır.