Azərbaycanın beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edən sülhməramlı qüvvələri sülhün təminatı, yaradılması və hərbi əməliyyatlarda iştirak mərhələsinə keçəcək.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu məsələ “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanuna ediləcək dəyişiklər zamanı müzakirəyə çıxarılacaq.
Layihəyə əsasən, Azərbaycanın sülhməramlı qüvvələrinə beynəlxalq miqyasda hərbi əməliyyatlara qoşulma, döyüş əməliyyatlarında birbaşa iştirak hüququ və beynəlxalq alyansın təyin etdiyi ərazidə nəzərdə tutulmuş hərbi əməliyyatı müstəqil şəkildə həyata keçirmək səlahiyyətləri verilir.
Hazırda qüvvədə olan qanuna görə isə Azərbaycanın sülhməramlıları yalnız mühafizə xidməti yerinə yetirir. Dəyişiklikdən sonra Azərbaycan sülhməramlıları mühafizə xidmətindən döyüş xidmətinə keçəcək.
Qanunun bu il Milli Məclisdə müzakirəyə çıxarılması planlaşdırılır.
www.apa.az
Читайте последние новости на нашем канале в WhatsApp