Gürcüstanda parlament seçkisinin tarixi yaxınlaşdıqca, Qərb və Gürcüstan hakimiyyəti arasında gərginlik yenidən artmağa başlayır. Dünən Avropa İttifaqı (Aİ) rəhbərliyi Gürcüstanın təşkilata inteqrasiya prosesini dayandırmaq qərarına gəlib.
Oxu.Az bununla bağlı Gürcüstan Vətənpərvərlər Alyansı Partiyasının lideri və siyasi katibi Georgi Lomiyadan münasibət öyrənib. Politoloqun sözlərinə görə, görünür, Gürcüstan hakimiyyəti ilə Qərb arasında razılaşma cəhdi olub, lakin uğursuzluqla nəticələnib:
- Əlbəttə ki, Qərb ölkələrinin Tbilisiyə təzyiq vasitələri çoxdur, mən sanksiya tədbirlərini nəzərdə tuturam. Bizə viza liberallaşdırılmasından imtina edə bilərlər, yəni Avropanın sərhədlərini üzümüzə bağlaya bilərlər. Maliyyə yardımını məhdudlaşdıra bilərlər və əgər Gürcüstanı SWIFT-dən (məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistem) ayırsalar, biz zülmət və xaosa qərq olarıq. Belə bir vəziyyətdə əhalinin özü hökumətimizlə hesablaşmağı qərara alardı. İstisna deyil ki, Qərb gürcüləri məhz bu varianta sövq etmək istəyir, hərçənd, Qərb paytaxtlarında insanlara zərər vermək istəmədiklərini iddia edirlər.
Amerikalılar hesab edirlər ki, müstəqil Gürcüstan ABŞ-nin Corciya ştatı ilə eyni şeydir. Onlar 30 il ərzində Gürcüstana çoxlu pullar yatırıblar, ona görə də Tbilisi müstəqil xarici siyasi qərarlar qəbul etmək və öz inkişaf vektorunu seçmək hüququna malik deyil.
- Bundan sonra nə olacaq? Parlament seçkisinə o qədər də çox vaxt qalmayıb.
- Qərb təzyiq göstərəcək, böyük məbləğdə pul verəcək. Bu vəsaitdən seçkiyə qədər və seçki zamanı vəziyyəti gərginləşdirmək və hakimiyyəti dəyişmək üçün istifadə edəcəklər. Hakimiyyət təcili nəsə fikirləşməlidir. Əgər Gürcü Arzusu indi mühafizəkar, xalq partiyası olduğunu və ona görə də yalnız onların ətrafında birləşmək lazım olduğunu deməkdən başqa bir şey fikirləşməsə, bu, iflas olacaq. Müvafiq olaraq Gürcüstan Qərbdən təcrid oluna bilər. Biz kiçik ölkəyik, bu müharibədə qalib gəlməyə bilərik.
- Yeri gəlmişkən, dünən Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat verib ki, Vaşinqton 26 oktyabr parlament seçkisinin nəticələrinə görə Gürcüstanda hakimiyyətin dəyişdirilməsinə nail olmağa çalışacaq, hakim Gürcü Arzusu Partiyasının nüfuzdan salınması üçün xüsusi plan isə artıq hazırdır.
- Vaşinqtonda açıq danışırlar, heç nəyi gizlətmirlər. Qərb artıq xəbərdarlıq edib ki, əgər hakim partiya seçicilərin səslərinin yarısından çoxunu qazansa, seçkini legitim hesab etməyəcək. Gürcü Arzusunda vəziyyətdən necə çıxmaq barədə düşünürlər. Mən televiziyada bu mövzuda çıxış etmişəm və variant təklif etmişəm. Gürcüstanda heç vaxt Milli Hərəkatla (qərbpərəst müxalifətin şərti adı - red.) birləşməyəcək və xalqla olan mühafizəkar qüvvələr var. Mən indi təkcə Gürcüstan Vətənpərvərlər Alyansından danışmıram, başqaları da var.
Əgər Gürcü Arzusu mühafizəkar qüvvələri öz ətrafında birləşdirə bilsəydi, nəticədə, deyək ki, 40% səs toplaya bilərdi, digər partiyalar da öz faizlərini götürərdilər. Bu da parlamentdə çoxluğun formalaşmasına gətirib çıxarardı. Lakin Gürcü Arzusu bunu etməyəcək. Qərbin isə Gürcüstanın indiki siyasi hakimiyyətini devirmək planı var.
Nair Əliyev