Kürdəmir rayon Baytarlıq İdarəsinin əməkdaşları Bakı-Qazax magistral avtomobil yolunun kənarında yerləşən kafe və restoranlarda yoxlama xarakterli reyd keçiriblər.
Oxu.Az SalamNews-un bölgə müxbirinin verdiyi məlumata istinadən xəbər verir ki, gün ərzində 10-a yaxın kafe və yeməkxanada aparılan yoxlamalar zamanı mütəxəssislər obyekt sahiblərindən orada istifadə olunan ət və ət məhsullarının mənşəyi, onların haradan gətirilməsi və alınmasını təsdiq edən sənədləri göstərməyi tələb etsələr də bu, nəticəsiz qalıb.
Bir sıra yeməkxana sahibinin baytar həkimlərin nəzarətindən yayınaraq möhürlənməmiş ətdən istifadə etdiyi aşkarlanıb.
Bu reyd zamanı da aşkarlanan nöqsanlar barədə sahibkarlara məlumat verilib, çatışmazlıqların aradan qaldırılması və istehlakçılara qanunun tələblərinə uyğun olaraq xidmət göstərilməsinin vacibliyi izah edilib. Bəzi sahibkarlara xəbərdarlıq olunub və gələcəkdə buna məhəl qoymayanlar barəsində sanksiyalar tətbiq olunacaq.
Baytarlıq idarəsinin rəisi bildirib ki, rayon baytarlıq idarəsi kafe və yeməkxanalarda yoxlama xarakterli reydləri mütəmadi olaraq davam etdirməyi planlaşdırır.