27 
İyn
2018
15:03
36
269
2990
Virtual karabakh

Erkən nikahlarda dini kəbinlə kifayətlənirlər - RƏY

27 İyn, 2018
15:03
2990

Erkən nikahlarda dini kəbinlə kifayətlənirlər - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda son illər erkən nikahların və boşanmaların sayının artması hamını ciddi düşündürməli və narahat etməlidir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.

O qeyd edib ki, müvafiq qanunvercilikdə, Ailə Məcəlləsində, eləcə də, bir sıra normativ-hüquqi sənədlərdə nikah yaşı və digər məsələlərlə bağlı dəyişikliklər edilsə də, bu problem hələ də yaşanmaqdadır:

“Yenə də erkən nikah hallarına və onların sonradan yaratdığı, yaşatdığı acı məzərəyə rast gəlirik. Bunlar hamımızı üzür. Təəssüflənirik ki, biz haradan haralara gəlmişik, axı bizdə belə hallar barmaqla sayılacaq qədər idi, niyə belə olduq və sair və ilaxır.

Bu nikahlar zamanı ən böyük zərər, ən böyük ziyan ilk növbədə belə ailələrdə dünyaya gələn körpələrə, uşaqlara, gənc qadınlara dəyir.

Ən çox əziyyət və ziyan çəkən məhz onlar olur. Çünki erkən nikahlar dövlət nikahı kimi (əksər hallarda dini kəbinlərlə bu iş bitmiş sayılır) rəsmiləşdirilmədiyi üçün gənc qadınlar, uşaqlar sonradan ailədaxili şiddət, ailə-məişət zorakılıqları, evdən bayıra atılmalar, boşanmalar nəticəsində böyük ağrı-acı ilə üzləşirlər.

Gənc qadınlar, günahsız körpələr, uşaqlar qapılarda qalırlar. Bəzən onlara yiyə duran tapılmır. Ailələri də onlardan üz döndərir.

Hətta öz övladlarını məktəbdən, təhsildən yayındıraraq, onların xəyallarını, arzularını, gələcəyə inamlarını heçə sayaraq, “dəfn” edərək, zorla evliliyə, erkən nikahlara vadar edən valideynlər, ata-analar belə, günah üzərinə günah qazanır, xətalarını yanlışlıqla “yuyur”, qızlarına, onların uşaqlarına yaxın durmurlar. Belə hallar da az deyil.

Savadsız, təhsilsiz, bir qədər sərt ifadə olsa da, cahil olan bu insanlar, gənc qadınlar ya vəlvələdən, ya zəlzələdən, ya özlərinin, ya da dünya malına susayan valideynlərinin yanlış qərarları, xətaları səbəbindən nə edəcəklərini, çıxış yolunu necə tapacaqlarını bilmirlər, aciz qalırlar.

Bəzən bunun nəticəsində intiharlara əl atırlar, bəzən xoş olmayan, milli mentalitetimizə, əxlaq tərzimizə uyğun gəlməyən halların daşıyıcılarına, insan alverinin qurbanlarına çevrilirlər, ümidləri, xəyaları kimi, həyatları da puç olur.

Uşaqlarsa dilənçiliyə cəlb edilir, fiziki və cinsi istismar hallarına məruz qalırlar ki, bunlar da hər birimizi heyrətləndirir, qəzəbləndirir, təəssüfləndirir və sairə.

Bəzən onlara kömək etmək də mümkün olmur.

Ona görə də ilk növbədə valideynlər övladları ilə bağlı məsələlərdə çox diqqətli olmalı, onları qırmadan, alçaltmadan nəzarət etməlidirlər, təhsillərinə, elm, bilik əldə etmələrinə çalışmalıdırlar, onları zərərli vərdişlərin aludəçisinə çevrilməkdən çəkindirməli və qorumalıdırlar.

Eyni zamanda, onların həyatı ilə bağlı qərar verərkən son dərəcədə həssas və ehtiyatlı olmalıdırlar, “mən belə istəyirəm, oğlum da, qızım da qələt edir, mən nə desəm, o olacaq, öl desəm, öləcək, qal desəm, qalacaqlar…” düşüncəsi ilə yanlış və ziyanlı, xətalı qərarlardan çəkinməlidirlər.

Əvvəllər olduğu kimi, belə məsələlərdə ağsaqqalların, ağbirçəklərin, nümunə olacaq insanların, o cümlədən, övladlarının özlərinin də mövqeyi, fikri, məsləhəti nəzərə alınmalıdır. Burada məktəblərimizin, tədris müəssisələrimizin, yerli bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, ziyalıların üzərinə böyük missiya düşür.

Onlar da bu məsələlərlə bağlı valideynlər, gənclər, ailə qurmağa hazırlaşan cütlüklər arasında ciddi maaraifləndirmə, təbliğat işləri aparmalıdırlar.

Yalnız o zaman, eləcə də, sosial məsələləri çözərək, bu kimi xoş olmayan və hamımızı narahat edən problemlərin həllinə nail ola, onları yoluna qoya bilərik”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri