25 
Fev
2019
11:16
131
33
5006
Virtual karabakh

Alpinist: Zirvəyə çıxanda keçilərin çadırımı deşəcəyindən qorxurdum - MÜSAHİBƏ

Oxu.Az-ın suallarını 2006-cı ildən 2019-cu ilədək planetin müxtəlif dağ sistemlərində 60-dan çox ekspedisiyada iştirak edən alpinist Firuz Dadaşov cavablandırıb.

- Alpinizimlə nə vaxtdan məşğul olmağa başlamısınız?

- 2006-cı ildən. Alpinizmdən əvvəl yüngül atletika ilə məşğul olmuşam. Yəni fiziki hazırlığım əvvəldən yüksək olub. Fiziki hazırlıq alpinizmdə vacib şərtlərdən biridir.

- Evdə kiminsə dağlara sevgisi, bu sahəyə marağı varmı? Bu peşəyə başlayanda valideynləriniz sizə etiraz ediblərmi? 

- Əvvəllər yox, amma indi kiçik qardaşım alpinizmin bir elementi olan qayayadırmanma ilə maraqlanmağa başlayıb. Hamıda olduğu kimi, alpinizmə yeni başlayanda valideynlərim narahat olurdular və etiraz edirdilər. Amma illər keçdikcə, mənim təcrübəm artdıqca, gördülər ki, mən dağlara etibarlı gedirəm və təhlükəsizlik mənim üçün birinci yerdədir.

Bundan sonra buna müəyyən qədər öyrəşdilər, həm də bilirlər ki, dağlar, alpinizm artıq mənim həyatımın bir hissəsinə çevrilib. Bu, mənim həyat obrazım, tərzimdir və dağlar mənə hava, su kimi lazımdır, ona görə də bunu başa düşür və  artıq etiraz etmirlər.

 - Alpinistlərdən “dağı sevmək” ifadəsini tez-tez eşidirik. Maraqlıdır, dağın nəyini sevirsiniz? Bu sevginin səbəbi nədir? 

- Bu sevgi hər kəsdə müxtəlif ola bilər. Təbiəti çox sevirəm, nəinki dağları, həmçinin, səhraları, dənizləri, okeanları, çayları, meşələri - flora və faunanı və sair. Amma dağlar qəlbimdə  xüsusi yer tutur.

Əsasən, yüksək qarlı dağlar və ya qış dağlarının ayrı bir  gözəlliyi olur. Mən bu gözəlliyin vurğunuyam, dağlara ilk dəfə düşəndən sonra planetimizin, təbiətimizin necə böyük olduğunu və insanın bu dünyada necə kiçik olduğunu anladım. Dağlarda izaholunmaz elə bir cazibə qüvvəsi var ki, bunu izah etmək çətindir.

- Müntəzəm olaraq harda dağa çıxmağı sevirsiniz? 

- Əsasən, bizə yaxın olan Şimali Qafqaz dağlarında, Qafqaz dağlarında. Fiziki olaraq yorulsam da, heç vaxt psixoloji olaraq yorulmuram və mənəvi cəhətdən istirahət edirəm. Pamir, Tyanşan, Himalayda olan yüksək dağlardan fərqli olaraq, Qafqaz dağlarına çıxmaqdan doymuram.

- Dağlarda vəhşi heyvanlarla qarşılaşmamaq mümkün deyil.

- Canavar, ayı izləri görmüşəm, amma rastıma çıxmayıb. Adətən, belə heyvanlar 2000-3000 metrdən yuxarıda olmurlar. Biz alpinistlər isə daha yüksək zirvələrə gedirik və  qarşımıza qar bəbiri çıxa bilər. Hansı ki təbiətdə 5500 metrə qədər həmin heyvana rast gəlinir.

Hələlik qarşıma qar bəbiri çıxmayıb, amma 3000-3500 metrdə dağ keçiləri çox görmüşəm. Bu dağ keçiləri vəhşi heyvan olmasa da, onlardan təhlükə gələ bilər. Hərdən uzaqdan insanları görüb ayaqları ilə qayalara vurub yuxarıdan daşlar tökə bilərlər.

- Onlarla necə mübarizə aparırsınız?  

- Onlarla mübarizə aparmaq lazım deyil, sadəcə, sakitcə onlardan uzaqlaşmaq lazımdır. Adi vəziyyətdə bu heyvanlar insanlara hücum etməzlər. Başa düşməliyik ki, dağlarda qonağıq və dağlar bu heyvanların evidir. Biz də özümüzü yaxşı qonaq kimi aparmalıyıq.

Məsələn, heç bir bitkini tapdalamamaq, dağ cığırlarından çıxmamaq, heyvanları qorxutmamaq və qıcıqlandırmamaq lazımdır. Özümüzlə nə gətirmişiksə, bizdən qalan zibili, hətta digərlərinin qoyduğu zibili də geriyə - aşağı düşürməliyik. Çünki biz burda qonağıq və bura heyvanların evidir.

- Dağda qarşılaşdığınız ən təhlükəli məqam hansı olub? 

- Şükürlər olsun ki, çox elə ciddi təhlükəli məqamlara düşməmişəm. Amma ara-sıra yüngül məqamlar olur ki, burada da vəziyyət nəzarət altında olur və bu, alpinizmdə normal haldır.

Dağlarda həmişə risk var və buna görə təlimlər edilir ki, risklər minimuma endirilsin və hansısa təhlükəli məqam yaranarsa, alpinist təlim zamanı keçdiyi texniki bilikləri bu zaman tətbiq edib pis vəziyyətə düşməsin.

- Bəzən olubmu ki, düşünmüsünüz ki, bu dəfə dağa getdikdən sonra geri dönə bilməyəcəksiniz?

-  Yox, hansısa zirvəyə gedən zaman ekspedisiya zamanı maksimum müsbət fikirlərlə gedirəm, amma hər dəfə evdən çıxmamışdan öncə dağlarda həlak olan yoldaşlarımın və ümumiyyətlə, tanımadığım alpinistlərin hansısa xırda səhv ucbatından dağlarda həmişə qaldığını yadıma salıram.

Başa düşürəm ki, bu, mənim də başıma gələ bilər. Ona görə də maksimum hər xırda detallara fikir verirəm. Olan riskləri azaltmaq üçün hər şeyi öncədən, A və B planını dəfələrlə gözdən keçirirəm. Əsasən, çətin təhlükəli zirvələrdə səhv etməyə ixtiyarımız yoxdur. Burda bir çox amillər var: hava şəraitindən tutmuş dağın çətinlik dərəcəsi, yüksəkliyi və başqa şeylər də rol oynayır.

- Olubmu ki, zirvəyə az qalmış geri qayıtmısınız?

- Kifayət qədər çox olub. Geri qayıtmağımın səbəbi təhlükəsizliklə bağlı olub. 2009-cu ildə Bazardüzündə (4466m) hava şəraiti pis idi və komandada lider mən olduğum üçün geriyə qayıtmağa qərar verdim. 2011-ci ildə Kazbekdə (5033m) qarın həddindən artıq çox olduğu, qar uçqunu təhlükəsi olduğu üçün geri döndük.

Avqust 2012-ci ildə də Pamirdə eyni vəziyyət yaranmışdı. Tacikistanda “Pik  Çetırex” (6230 metr) adlanan zirvəyə hündürlük baxımından təxmini 100 metr qalmış qar uçqunu təhlükəsi olduğu üçün komanda ilə geri döndük. 2014-cü ildə dağ yoldaşım və dostum İsrafil Aşurlu ilə Himalayda Tibetin ərazisində yerləşən 14-cü səkkizminlik Şişapanqmaya (8013m) qalxırdıq.

Dostum 6800 metrdə sətəlcəm oldu. Qısa zamanda ağciyər ödəminə (ağciyərlərə maye yığılır) keçdi və onun həyatı üçün böyük təhlükə yarandı. Ona görə də təcili şəkildə aşağı düşməyə qərar verdik. Bir gün də həmin yüksəklikdə artıq qalsaydıq, bəlkə də, axırı faciə ilə qurtara bilərdi. 

Yüksəklikdə hər şey çox qısa zamanda baş verə bilər, ona görə də təcili düzgün qərar vermək lazımdır. Dağlarda yaranan dostluq əbədidir. 2018-ci il Qafqazda Ukyu (4334m) (Bezenqi, Rusiya) zirvəsinə çıxmağa belə cəhd etmədim, çünki çox bərk xəstələnmişdim. 

- Deyirlər ki, bu peşədə əsas psixoloji hazırlıqdır. Bunun səbəbi nədir?

- Bəli, tamamilə doğrudur. Dağlarda hər şey planlaşdırdığımız kimi getməyə bilər. Müxtəlif ekstremal təhlükəli vəziyyətlər yarana bilər və buna da ilk öncə psixoloji hazırlıq lazımdır. Belə vəziyyət yaranarsa, bu zaman soyuqqanlı olmalı, müxtəlif təhlükəli vəziyyətlərdən çıxış yolu üçün soyuq başla qərarlar verilməlidir.

Belə emosiyalara yol vermək olmaz, panika bir alpinistin belə vəziyyətlərdə bir nömrəli düşmənidir. Ona görə də alpinist fiziki və texniki hazırlıqla yanaşı, gərək psixoloji da hazırlıq keçsin. Bu da dağlara getdikcə daha çox təcrübə əsasında qazanılır. İlk öncə klubda seksiyada lazımi təlimlər keçib, daha sonra asan zirvələrdən başlamaq lazımdır. 

- Dağlarda ən unudulmaz xatirəniz nədir?

- Qərbi Qafqaz dağlarında Dombay kiçik qəsəbəyə yaxın Belalakaya adlı texniki zirvə var. Biz kampımızı, çadırımızı o zirvənin altında qoyduq. Orda çoxlu tur - dağ keçiləri olur, bizim dağlardan fərqli olaraq, orada dağ keçiləri insanlardan qorxmur.

Çünki onların  ovlanmasına icazə yoxdur. Bu dağ keçiləri az qalır ki, insanların əllərindən yemək yesinlər. Zirvəyə çıxmamışdan bir gün öncə bir neçəsi yaxınlaşmışdı çadırımıza və biz onlara yemək verdik. Əslində, dağ heyvanlarına yemək vermək düzgün deyil. Sonra onlar öyrəşdilər. Hər gecə bir sürü dağ keçisi çadırın ətrafında yemək axtarırdılar. Çalışırdılar ki, çadıra girsinlər.

Hər dəfə çıxıb onları qovurdum. Sonra səhər tezdən zirvəyə gedəndə fikrim çadırın yanında qalmışdı ki, birdən gəlib yemək axtararlar və çadırı deşərlər. Alpinizm geyim və ləvazimatları çox baha olur. Qazancımızın yarısı elə buna gedir.

Tərs kimi də həmin vaxt mən Himalay ekspedisiyalarıma apardığım ən bahalı çadırımı götürmüşdüm. Fikrim çadırda qala-qala axırı zirvəyə uğurla çıxdıq və geri düşdük.  Xoşbəxtlikdən çadır yerində idi (gülür).

- Zirvələrə qalxmaq üçün nə qədər xərciniz çıxır? 

- Zirvədən asılıdır. Şimali Qafqazda yerləşən dağlara az xərc çıxır. Pamirdə, Tyanşan və Himalayda xərc çox olur. 

- Yüksəyə qalxırsınız. Bu, adrenalin olmaqla yanaşı, təsəvvür etmək çətindir ki, o an siz hansı hissləri keçirirsiniz. Belə deyək, yüksəkliyə qalxmaqla iş bitmir, düşmək də lazımdır... Düşmə zamanı hansı xüsusi çətin vəziyyətləri yaşamısınız? Necə köməyə gəlirlər? Məsələn, helikopter köməyə gəlibmi?

- Zirvədə olan zaman hisslər, emosiyalar çox olur, çünki təsəvvür edin illərlə arzusunda olduğunuz zirvəyə 1-2 il hazırlaşırsınız, texniki, fiziki məşqlər edirsiniz, çətinliklə də olsa, maliyyə tapırsınız. Başqa yerə sərf edə biləcək vaxtınızı, pulunuzu bu zirvəyə ayırırsınız. Sonda zirvəyə çıxıb və üç rəngli bayrağımızı ora sancan zaman inanılmaz hisslər adamı bürüyür... Bunu yaşamaq lazımdır, sözlə ifadə etmək çətindir.

Alpinistlərin belə bir adəti var - bir-birilərini zirvədə təbrik etməzlər və yalnız ana düşərgəyə düşəndən sonra təbrik edərlər. Çünki zirvəyə qalxmaq yolun yarısıdır və bundan sonra zirvəyə qalxdığımız qədər də geriyə həmin dağ relyefi ilə düşməliyik ki, bu da güc tələb edir, ona görə də ehtiyat gücümüzə qənaət etməliyik.

Çox vaxt bədbəxt hadisələrin çoxu düşən zaman baş verir. Bu yorğunluqdan və zirvəyə qalxıb, rahatlaşıb ehtiyatı əldən verən zaman baş verir. Düşmə zamanı belə çox da təhlükəli anlar olmayıb, sadəcə, vəziyyəti əvvəlcədən nəzərə almışam. Alpinist düşərgələrində, adətən, elə alpinistlərin özləri xilas etməyə gəlirlər və ya böyük dağlarda da alpinistlər həmişə bir-birinə yardım ediblər.

İlk növbədə elə alpinistlərin özləri xilasedicilərdir. Çünki axtarış-xilasetmə təlimləri də keçirlər. Hətta dağlarda tanımadıqları bir insan çətinliyə düşübsə, ona yardım etməlidirlər. Çox arzuladığın çoxlu vaxt və pul vəsaiti xərclədiyin və əziyyətlə qalxdığın zirvənin 100 metrliyində belə olsan, həyatı üçün təhlükə yaranan insana kömək etməlisən. Düşmənin belə olsa.

Bu, alpinizmdə yazılmamış qanundur. Adi həyatda da belə olmalıdır. Xeyriyyə aksiyaları olanda da çalışıram iştirak edim, talassemiyalı uşaqlara qan verim. Dağlar bizdən əvvəl də olub və bizdən sonra da olacaq. Heç bir zirvə insan həyatına dəyməz. Alpinistlərin belə bir sözü var: heç bir zirvə çeçələ barmağa belə dəyməz. Helikopterlər maksimum 5500-6000 metrə qədər uça bilirlər. Siz həmin yüksəklikdən yuxarıdasınızsa, helikopter sizin köməyinizə gələ bilməyəcək.

- Alpinizm digər idman növlərindən yaşadığın anları izləyicilərlə anbaan paylaşa bilməməklə fərqlənir. Yaşadığın, düşdüyün vəziyyəti yalnız sən bilirsən. Başqa idman növlərində idmançılar mükafatlar da alır. Bəs sizin mükafatınız nə olur?

- Yaşadığımız vəziyyəti ancaq alpinistlər başa düşə bilir. Bunu hiss etmək üçün gərək dağlara gedəsiniz. Alpinizmdə “PİOLET D'OR” (qızıl buz baltası) mükafatı var ki, bu da ən yüksək mükafatlardan biridir. 

- Alpinizmdə yaş məhdudiyyəti varmı? Bir dağa qalxmaq üçün bədəninizi buna hazırlamalısınız. Qida rasionunuzda bu müddət ərzində nələrə üstünlük verirsiniz?

- 18 yaşından yuxarı hər kəs alpinizm klublarına və seksiyalara yazıla bilər. 18 yaşına çatmayan uşaqlar isə 14 yaşdan sonra, valideynin yazılı icazəsi olduqda daimi alpinizm üzrə təlimatçı nəzarəti altında klubda məşğul ola, təlimlər keçə və alpinizm tədbirlərinə, dağ yürüşlərinə qatıla bilər.

Burada yuxarı yaş həddi yoxdur, mən elə veteran alpinistlər tanıyıram ki, 70-80 yaşında dağlara gedirlər. Buna misal olaraq mənim birinci müəllimim Rasim Cəfərovu (78 yaş),  rusiyalı alpinist Vladimir Nikolayeviç Şatayevi (82 yaş), Boris Stepanoviç Korşunovu (83 yaş), Karlos Sorianı (80 yaş) və başqalarını göstərmək olar. 

Burada əsas faktor sağlamlığın və istəyin olmasıdır. Amma məsələn, alpinizmin əvvəllər bir elementi olan qayadırmanma ilə lap uşaq yaşlarından məşğul olmaq olar (5-6 yaş). Burada hər yaşa uyğun yarışlar keçirilir.

Dağa qalxmamışdan öncə akklimatizasiya keçirsən, mühitə adaptasiya olursan, elə buna görə də yüksək dağlarda ekspedisiyalar çox vaxt aparır, məsələn, Himalaydakı səkkizminliklərə ay yarım, iki ay vaxt lazım olur. Qida rasionu da getdiyimiz zirvənin hündürlüyündın asılıdır. Burada yüngül və kalorisi çox olan qidaya üstünlük verilir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri