12 
Apr
2019
15:50
58
224
6322
Virtual karabakh

Niyə atalar uşaqlarını “boşayır”?

12 Apr, 2019
15:50
6322

Niyə atalar uşaqlarını “boşayır”?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərəmova yazır...

Hər gün hansısa ailənin dağılması, cütlüklərin boşanması xəbərini eşidirik. Cəmiyyət əvvəl buna çox qərəzli və emosional yanaşırdısa, indi bu xəbərlə heç kimi təəccübləndirmək olmur. Sən demə, bir-birini sevməyən, yola getməyən yüzlərlə insan səhvən evlənirlər və sonra anlayırlar ki, bu, onların istədiyi həyat və ya istədiyi həyat yoldaşı deyil. Bu məsələnin bir tərəfi.

Məsələnin digər tərəfi isə belə ayrılan ailələrdə doğulan uşaqlardır. Yəni cütlüklər ayrılır, uşaq isə qalır. Və heç kimə sirr deyil ki, bu vəziyyətdən hər zaman uşaqlar əziyyət çəkir. Təbii ki, ailənin dağılmasından heç kimin zəmanət talonu yoxdur. Hamının başına gələ bilər. Amma ən böyük zərbəni böyüklərin anlamadığı, yaxud da anlamaq istəmədiyi uşaqlar alır. Ana-atanın bir-birindən ayrı yaşamasını çətinliklə qəbul edən uşaqlar, çox təəssüf ki, daha sonra ikinci zərbəni alırlar. 

Son zamanlar müşahidə etdiyim və təəssüf hissi ilə qarşılaşdığım hal odur ki, kişilərin çoxu həyat yoldaşlarını boşadığı kimi övladlarını da boşayırlar. Məhkəmənin qanunla kəsdiyi alimenti min cür bəhanələrlə ya ödəmir, ya da gecikdirirlər.

Uşaqlarla maraqlanmır, hər şeyi anaların üstünə atırlar. Əgər uşağın səhhətində, yaxud psixikasında bir problem yaranırsa, bunda ananı günahkar görür, problemin həllini də ananın üstünə atırlar. Bir daha qeyd edirəm ki, bunu hamıya şamil etmirəm. Amma əksəriyyəti belədir.

Beləliklə, cəmiyyətə “keçmiş övladlar” bəxş olunur. Uşaq üçün isə “keçmiş ata” yoxdur. Onun üçün ata var. O ata ki artıq onun varlığına əhəmiyyət vermir, onun yanında olmaq istəmir. Çünki artıq bu övlad keçmiş həyat yoldaşından olan uşaqdır. Sanki köhnə oyuncaq kimi.

Nə qədər müasirlik haqqında qışqırsaq da, cəmiyyət boşanan qadının ikinci dəfə ailə qurmasına çox pis yanaşır. Bəli, bəli. Əgər qadın boşanıbsa, xeyir ola ikinci dəfə ərə gedir? Camaat subay qızını ərə verə bilmir. Otursun, uşağına baxsın. Amma boşanmış kişi ikinci, hətta üçüncü dəfə də rahatlıqla evlənə bilər. Cəmiyyətimiz buna “okey” verir.  Təki evlənsin, xoşbəxt olsun. Bununla işim yox. İşim olan odur ki, bu kişilər ikinci dəfə və yenidən ata olurlar. Və əksər hallarda burada ikinci faciə yaşanır. Birinci və ikinci arvaddan doğulan uşaqlar bir-birinə düşmən kəsilir. Məhz valideynlərin “köməyilə”.

Uşaqlardan biri “keçmiş”, digəri isə “indiki” övlad olur. Və onlar arasında yaşanan ayrıseçkilik hər addımda sezilir. “İndiki uşağı” ata hər gün bağçaya, məktəbə aparır, “keçmiş uşaq” isə məktəbə anası ilə gedir. “İndiki uşağı” ata gəzməyə, əylənməyə aparır, “keçmiş uşaq” isə həftələrlə atasının yolunu gözləyir. Və bu siyahını çox uzatmaq olar. 

İndi bəziləri yazacaqlar ki, arvadın ağlı olaydı, kişi də onu boşamazdı. Özünə də, uşağına da baxaydı. Biz necə dözürdük bəs? Bax, buradan bu fikri düşünən kəslərə səslənirəm: uşağın burada heç bir günahı yoxdur. Hər bir uşaq ana-atasını sevir və onlardan da sevgi gözləyir. Ayrılanda uşaqları “keçmiş həyata” buraxmırlar. Onları orada girov qoymurlar. 

Əziz atalar, uşaqlarınızı “boşamayın”! Çünki hər birimizin qəbir daşında atamızın adı yazılır. Allah sənə min kərə rəhmət eləsin, Oqtay müəllim. Nə yaxşı ki, qəbir daşımda sənin adın yazılacaq nə vaxtsa...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri