31 
May
2019
15:48
86
46
5146
Virtual karabakh

Bir həftə ömür

31 May, 2019
15:48
5146

Bir həftə ömür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Sizin həyatınızın mənası nədir?

Anton Pavloviç Çexov deyib ki, “Həyat bir andır. Onu bir qaralama kimi yaşayıb, sonra ağ səhifəyə köçürmək mümkün deyil”.

O gün Conni Deppin baş rolu ifa etdiyi “Riçard vidalaşır” filminə baxdım. Film, onun baş qəhrəmanı - universitetin professoru Riçardın həkimlə söhbətindən başlayır. Həkim ona xəbər verir ki, iş işdən keçib:

“Onurğanda xərçəng var. Çox gec aşkar olunub, artıq dördüncü mərhələdədir. Təcili müalicə lazımdır”.

“Nə qədər yaşayacağam” sualına “Müalicə olsa, bir il, maksimum il yarım, müalicə olmazsa, altı ay”. Riçard buna hazır deyil, nə edəcəyini düşünür. Belə anlara heç kim hazır olmur.

Xəstəlik haqqında xəbər tutarkən yaşadığı həyatına baxır və heyfsilənir. Həyatını istəyinə deyil, nəyə və kiməsə qurban verdiyini görür. Qərarı isə: son altı ayı istədiyi kimi yaşamağı seçir. Bu müddət ərzində, universitetdə öz mühazirələrini dəyişir və qeyri-adi metod seçir. Heç zaman etmədiyi çılğınlıqları etməyə başlayır.

İnsanlar hər zaman istəklərinə qarşı gedərək, çox şeydən imtina etməli olurlar. Sevmədiyi işi görür, çoxlu məhdudiyyətlərə məruz qalır, cəmiyyətin sözünə uyaraq öz həyatını onlara qurban verir. Kimsə həyatını ona-buna paxıllıq edərək yaşayır. Kimsə də ailə xoşbəxtliyi tapmayaraq, əziyyət çəkərək həyatını stress içində davam etdirir, amma heç nə dəyişmək istəmir.

Maksim Qorkinin “Ana” əsəri məhz elə bu şəkildə başlayır:

“Hər səhər tezdən hamı fabrikə işləməyə gedir, işdən sonra əyyaşlıq edir, gecə evə sərxoş gəlir, dava edir. Səhər yenə işə gedir. Hər gün onların həyatı bu şəkildə davam edir. Həyatın sonunda isə yada salacaq heç bir xoş hadisə yoxdur”.

Həyatın mənası haqqında düşünəndə, onun heç bir mənasının olmadığı nəticəsinə gəlmişəm. Yəni məna deyəndə ki, doğulub böyüyüb, istədiyin şeylərə nail olmaq, firavan həyat sürmək, öləndə də heyfsilənməyərək dünyanı tərk etmək.

Ancaq nəticədə nə baş verir? Ölüm yaxınlaşanda insan başlayır heyfsilənməyə. Yəhudilərin bir lətifəsi yadıma düşdü. Abram ölüm ayağında həyat yoldaşına, heyfsilənərək deyir ki:

- Sara, bilirsənmi, mən evdə çaya iki qaşıq şəkər tozu qoyurdum, qonaqlıqda dörd. Amma əslində, üç sevirdim.

Uşaqlıqdan bizi proqramlaşdırırlar ki, həyatımız bizə aid deyil. Əvvəl biz məktəb müəllimlərinin dediyi ilə oturub-durmalıyıq, sonra valideynlərin istəkləri ilə hərəkət etməliyik, sonra işdəki müdirin. Hələ bir evləndikdən sonra həyatımızı uşaqlara qurban edirik.

Həyatda xoşbəxt olmaq azad olaraq öz xəyallarını gerçəkləşdirmək, istəklərinə yetməkdir. Onları digərlərinə qurban vermək deyil. Uşaqlıqdan bizə deyiblər ki, insan eqoist olmaz. Özünü sevmək bizim cəmiyyətdə ayıb sayılır, ona görə tənqid, tənbeh alır. Amma qərb psixoloqları və şərq müdrik kitabları deyir ki, insan özünü sevməsə, onu heç kim sevməyəcək.

Bizim ölkədə nə baş verir? Hamı işləyib pul qazanmağa çalışır ki, yaxşı yaşasın. Əlbəttə, pul ilə xəyallarına yetmək asandır. Amma çox adam həyatını işə qoyur, pul qazanır, amma həyatını yaşamır. Bir də özünü uşaqlarına qurban verir, halbuki onlara azadlıq verib öz həyatlarını quraraq öz problemlərini özlərinə buraxmaq lazımdır. Bu ənənə nəsildən nəsilə keçir.

Yalnız ölüm qapını döyəndə geriyə baxıb heyfsilənir ki, niyə mən belə yaşadım? Bir çox ölümcül xəstəliyə tutulan insanla danışmışam. Onların çox hissəsi həyatını dəyişib. Dəyişməyənlər isə artıq aramızda yoxdur. Elə mən özüm də o dünyanı görüb gəlmişəm. Çox şey itirmişəm, amma bunlar təcrübənin dəyəridir. Həyatımı 180 dərəcə dəyişmişəm, özümü azad və xoşbəxt hiss edirəm.

Siz də xoşbəxt olmaq istəyirsənsə, həyatınıza baxın. Onu dəyişməyə qorxmayın, arzularınıza doğru addımlayın. Onda həm siz, həm də ətrafınız dəyişəcək.

Keçən il qısametrajlı filmdə psixoterapevt rolunu ifa edirdim. Altı pasiyentimə “Təsəvvür edin ki, bir həftə ömrünüz qalıb, nə edərdiniz?” sualını verirdim. Hər kəs öz arzusunu danışır. Mənim qəhrəmanım isə sonunda onlardan soruşur: “Bunları etmək üçün elə gərək bir həftə ömrünüz qalsın?”

Bilsəydiniz ki, cəmi bir həftə ömrünüz qalıb, nə edərdiniz?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri