14 
İyl
2019
11:10
29
367
9708
Virtual karabakh

Bu rayonda illərdir aptek yoxdur, problem isə həll olunmur - Dərmanlar marketdə satılır

Bir neçə il əvvəl mətbuatda apteki olmayan rayonla bağlı məlumat dərc edilmişdi. Xəbərlərdə bildirilirdi ki, bu rayonda insanlar dərmanları evlərdə, gizli şəkildə satırlar. Daha vacib dərman preparatlarını isə yaxın rayonlardan əldə edirlər. Söhbət Xızı rayonundan gedir. 

Xızının mərkəzi istisna olmaqla, rayonun əksər qəsəbə və kəndlərində aptek yoxdur. Xızıda illər əvvəl tikilən kiçik aptek binasında isə zəruri dərmanların heç də hamısını tapmaq olmur. Kəndlərdə isə illər əvvəl tikilən apteklər baxımsız vəziyyətdədir. Həmin apteklər artıq altı ildən çoxdur işləmir. Rayon və kənd əhalisi cəmi bir aptekin ümidinə qalıblar. Orada axtardıqları dərmanı tapmayanda Sumqayıtdakı apteklərdən birinə üz tuturlar.

Oxu.Az-ın əməkdaşları Xızı rayonunda olub və sözügedən məlumatların dərcindən sonra buradakı vəziyyətin hansı istiqamətdə dəyişdiyini araşdırıb.

Məlum olub ki, Xızıda vəziyyət “köhnə hamam, köhnə tas”dır.

Giləzi qəsəbəsinin sakinləri aptek və yaxınlıqda xəstəxana olmamasından şikayətlənirlər. Düzdür, vaxtilə burada aptek tikilərək istifadəyə verilib, lakin indi bu aptek baxımsız haldadır.

İnsanlar səhhətlərində hər hansı bir problemlə üzləşdikdə, əraziyə ən yaxın olan Sumqayıt şəhərinə yollanırlar. Təsəvvür edin, yüksək hərarətiniz var, lakin 30-40 qəpiklik dərman almaq üçün təxminən 90 km-lik yol qət etməlisiniz. Bunun üçün isə ən azı 10-15 manat əlavə yol xərci çəkmək lazım gəlir.

Xızının kəndlərində həkim qıtlığı da var.

Saytımızın əməkdaşları Fındığan, Tıxlı kəndlərində də olub, vəziyyətlə maraqlanıb. Bir neçə kənddə rəsmi şəxslərlə danışmaq istəsək də, heç kimi yerində tapa bilmədik. Sakinlər deyir ki, kənd nümayəndəliyi mövcud vəziyyətdən xəbərdar olsa da, heç bir tədbir görmür:

“Aptek yox, həkim yox. Bir həkimimiz var, o da ev-ev gəzir. Savadlı həkimdir, amma eyni anda neçə yerə bölünsün? Aptek yoxdur. Dərmanları tapmaq üçün ya gərək rayonun özündəki aptekə gedək, tapmasaq, Sumqayıta üz tutmağa məcburuq”.

Sakinlərin sözlərinə görə, bəziləri evində dərman satır. Heç bir tibbi savadı olmayanlar insanlara hansı dərmanı qəbul edib-etməməyi məsləhət görür. Dərman almaq üçün haraya yaxınlaşa biləcəyimizi soruşanda isə verilən cavab belə oldu:

“Aptek olmadığı üçün dərmanlar evlərdə satılır. Sənin, mənim kimi adamlar bu işlə məşğuldur. Qarşıda “Şövkət” market var, oradan dərman ala bilərsiniz. Sumqayıta aptekə gedənlər müxtəlif dərmanlar alıb gətirir və burada ehtiyacı olana satırlar. Biz də istəyirik ki, kənardan bir həkim göndərsinlər, apteki işlətsin. Çox əziyyət çəkirik.

Sumqayıtdan Giləziyə, Xızıya avtobuslar işləyir. Bəzən rayondakı aptekdən tapılmayan dərmanların siyahısını həmin avtobusların sürücülərinə veririk. Onlar da lazımi dərmanları Sumqayıtdan alıb gətirirlər. Axşam saat 6-7 arası sonuncu avtobus gəlir. Gecə kiminsə narahatlığı olsa, maşını varsa, xəstəxanaya çatacaq, yoxdursa, Allaha pənah, səhərə qədər gözləməli olacaq”.

Sözügedən kəndlərin bir başqa problemi isə yanacaqdoldurma məntəqələrinin olmamasıdır. Kənd yollarında yanacaq bitdisə, əraziyə bələd deyilsənsə, yolda qalmaq labüddür. Benzini də evlərdə satırlar: iki litrlik su butulkalarına doldurub evdə saxlayırlar. Həm özləri istifadə edir, həm də satırlar. Həmin mənzərəni əyani şəkildə oxuculara göstərmək istəsək də, vətəndaşlar bizdən çəkinib qapını açmadılar.

“Şövkət” marketdə isə nə dərman tapa bildik, nə də dərdlərinə dərman olmaq üçün gəldiyimizi başa sala bildik.

Ənənəvi problemlə digər kəndlərdə də qarşılaşdıq.

Ekspertlər nə deyir?

Ekspertlər də mövcud vəziyyətdən narahat olduqlarını bildiriblər. Məsələyə münasibət bildirən tibb üzrə ekspert Adil Qeybulla aptek şəbəkələrindəki mövcud problemlərin çoxluğundan şikayətlənib:

“Ümumiyyətlə, aptek şəbəkələrində dərmanlar resept əsasında satılmalıdır. Qərb təbabətində dərman preparatları yalnız həkim resepti ilə buraxılır. Yalnız aspirin, parasetamol ağrıkəsiciləri istisna edilə bilər. Təəssüf ki, bizdə vətəndaşlar həkim resepti olmadan istənilən dərmanı apteklərdən ala bilir. Bu yolverilməzdir. Bundan başqa, “alternativ apteklər” də mövcuddur. Söhbət evdə saxlanılan və satılan dərmanlardan gedir ki, bu da qanunsuzdur. 

Dediyiniz ərazidə bu cür hallar baş verirsə, bu, insan sağlamlığı üçün təhlükəlidir. Rayon və kəndlərdə müəyyən məsafələrdə apteklər olmalıdır. Sahibkarlar bu işə maraq göstərməlidirlər. Eyni zamanda, müvafiq orqanlar da bu məsələni nəzarətə götürməlidir. Dərmanların hansı şəraitdə saxlanılmasını bilməyən insanlar bu davranışları ilə həm özlərini, həm də ətrafdakı insanların həyatını riskə atmış olurlar”.

Qeyd edək ki, dərman vasitələrinin effektivliyi onların düzgün saxlanmasından asılıdır. Əgər dərmanlar düzgün saxlanılmayıbsa, onlar yararlılıq müddəti bitmədən öz yararlılıqlarını itirirlər. Əksər dərmanların saxlanılması otaq temperaturunda (15-25°C) nəzərdə tutulur, bəzi hallarda isə bu diapazon daha geniş qoyulur (15-30°C). Bu qrup dərmanları öz qutusunda ağzı bağlı, quru, təmiz, gün düşməyən və sərin şkaflarda saxlamaq lazımdır.

Əgər dərmanların qablaşdırmasının üzərində və içlik vərəqələrində saxlanılma şəraiti 2-8°C temperatur qeyd olunubsa, bu, soyuducu şəraiti sayılır və soyuducuda saxlanılması mütləqdir. Bundan başqa, dərmanların rütubəti yüksək olan yerlərdə, məsələn, hamam, mətbəx kimi otaqlarda saxlanması qadağandır. Mütləq dərmanların saxlandığı yer quru, təmiz və saxlanılma şəraitinə uyğun olmalıdır. 

Saxlanma şəraiti uyğun olmasa, insan zəhərlənə, hətta ölə bilər. Təəssüf ki, insanlar fərqində olmadan həm özlərinin, həm də digər insanların sağlamlıqlarını təhlükə qarşısında qoyurlar. 

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri