20 
Okt
2019
15:52
44
332
6559
Virtual karabakh

Yeni biznes növü – Vətən alqı-satqısı

20 Okt, 2019
15:52
6559

Yeni biznes növü – Vətən alqı-satqısı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Müsəlmanın o günü xəbər saytlarında Azərbaycanda, şair demiş, “yuvası öz tükündən olan” bir çox kişinin üzünü güldürəcək bir xəbər yayıldı; Rusiya vətəndaşı ilə evlənən şəxslər artıq bir ildən sonra vətəndaşlıq əldə edə biləcəklər.

Rusiya prezidenti Vladimir Putinin imzaladığı yeni qanuna görə, artıq Rusiya vətəndaşı ilə evlənən şəxs bu ölkənin vətəndaşlığını ala bilmək üçün üç il deyil, cəmi bir il gözləyəsi olacaq. Qalır təkcə Rusiyaya açılan qapının – Nataşanın qəlbini fəth etmək! 

Bizim qadınlar rus kişilərini, eyni zamanda rus kişiləri də bizim qadınları tarixin qaranlıq otaqlarında yaxına buraxmasalar da, ta ulu Şirvinin dövründən üzü bu yana kişi xeylaqlarımızın rus qadınlarından ötrü “ayazlı-şaxtalı” Rusiya torpaqlarına avara-sərgərdan olduğu elmə məlumdur. Bundan sonra isə Nataşanın üstündə onlara “bedava” Rusiyanı da verəcəklər.

Rusiya qızının xətrinə yeznəsinə ev, maşın hədiyyə edən bir qayınata obrazında girəcək indən belə Mamedin yuxusuna.

Bu yazımızda vətəndaşlığı satmaq, almaq, dəyişmək kimi halların dünya praktikasında mümkünlüyü və bu məsələyə yanaşmaların müxtəlifliyinə toxunacağıq. 

Vətəndaşlıq anlayışı qədim Yunanstanın şəhər-dövlətlərində aristokrat zümrənin insanları üçün bir imtiyaz olaraq “vətənin qanuni sahibi” kimi sənədləşdirilsə də, bu anlayış Roma imperiyasında özünün əsl dəyərini alıb.

Eramızdan əvvəl III əsrdə Qədim Roma yunanlardan fərqli öz sərhədləri daxilində yaşayan bütün insanlara vətəndaşlıq hüququ verirdi. Zamanında “Roma vətəndaşı” olmaq üçün bir-birilərini romalıların ayağına verən xalqlar belə var idi.

Məsələn, yəhudilər və yunanlar “Roma vətəndaşlığına” görə uzun müddət bir-biriləri ilə düşmənçilik ediblər.

İsgəndəriyyəli yəhudi mənşəli filosof Filon tərəfindən ortaya atılan kosmopolitizm, insanın “dünya vətəndaşı” olması ideyası da “Roma vətəndaşlığı”na olan bir yəhudi qısqanclığı idi.

Filonun dövründə “Roma vətəndaşı” olmaq üçün yəhudilərlə yunanlar arasında gərgin mübarizə gedirdi. Filon bütün yunan fəlsəfəsinin Musa peyğəmbərin Tövratından yarandığını söyləyir, Platonu Musanın şagirdi hesab edirdi.

İsgəndəriyyə yəhudilərinə imtiyazlar qoparmaq üçün onun Roma imperatoru Kaliqula ilə görüşdüyü də tarixə bəllidir. Yəhudilərlə yunanlar arasında Roma vətəndaşlığı uğrunda mübarizə axırda, eramızın 66-cı ilində yəhudi baş rahibinin yunanlar tərəfindən öldürülməsi və yəhudilərlə yunanların bir yerdə yaşadığı şəhərlərdə qanlı qarşıdurmaların baş verməsi ilə nəticələndi.

Ehtimal olaraq Filonun kosmopolitizm ideyasını bu toqquşmaların qarşısını almaq üçün ortaya atdığını da düşünə bilərik. 

Roma dağıldıqdan sonra Avropada feodal vətəndaşlığı deyilən və kralla ölkə sakini arasında təbəə sədaqətinə söykənən bir ittifaq yarandır. 1789-cu il Fransa inqilabından sonra isə Russonun “ictimai müqavilə” nəzəriyyəsinin təsiri ilə vətəndaşlıq anlayışı dövlətlə fərd arasında xüsusi bir hüquq müqaviləsi olaraq qəbul edildi.

Vətəndaşlıq  fərdlə vətən (dövlət) arasında hüquqi asılılıqdır. Məsələnin siyasi-hərbi, milli-mənəvi, hətta ruhani (müqəddəs elan olunan ziyarətgahlar) tərəfləri də vardır ki, klassik vətəndaş daha çox onlara görə özünə vətən inşa edirdi.

Yaşadığımız qloballaşma dövründə isə vətəndaşlığın siyasi, mənəvi, ruhani bağları nisbətən çürümə prosesinə məruz qalıb, artıq heç bir məbəd, siyasi ideologiya, milli-mənəvi dəyər özünə yeni vətən axtaran vətəndaşın yolunda çəpər ola bilməz. 

Vətən anlayışı günümüzdə daha çox hüquqi məkan kimi qəbul edilməyə başlayıb. Və nəticədə haqq və hüquqların az olduğu, yaxud pozulduğu vətənlərdən haqq və hüquqların çox olduğu, həm də daha yaxşı qorunduğu vətənlərə doğru qlobal “vətən xainliyi” köçü başlamışdır. Bu da öz növbəsində yeni vətəndaşlıq formaları meydana gətirir. 

Məsələn, Avropa Birliyində milliliyi inkar edən “millətüstü” vətəndaşlıq forması qəbul edilir. Avropa Birliyinə üzv olan ölkələrin vətəndaşları bu ölkələrin sərhədləri daxilində hansı millətə və dövlətə aid olmalarına baxmayaq, eyni hüquqi kimliyə sahibdirlər.

Yaxud fövqəlmilli vətəndaşlıq formaları var ki, bu da pulla satın alınan, yaxud Türkiyədə olduğu kimi, mülkiyyət alaraq qazanılan vətəndaşlıqdır.

Həmçinin ABŞ-ın verdiyi "Yaşıl kart" vətəndaşlığı kimi müxtəlif vətəndaşlıq əldə etmə imkanları da mövcuddur.

Bu gün dünyada ən yayğın olan vətəndaşlıq forması vətənlərin özünü pul qarşılığında gələcək vətəndaşına təklif etməsidir. Sosial şəbəkə sarkazmı və milli Şopenhauerimiz Sərdar Cəlaloğlunun təbirincə desək, bu gün təkcə bəzi qadınlar (elə bəzi kişilər də) deyil, bəzi vətənlər də pullu namizəd axtarır. Bir çox kasıb ölkələrin pullu vətəndaşları da “pula çıxan” vətənlərin vətəndaşlıqlarının qiymətləri ilə maraqlanırlar.

Məsələn, Portuqaliya vətəndaşı olmaq üçün bu ölkənin büdcəsinə, ən az, 6 il vergi ödəməlisən.

Avstraliya özünü 1,5 milyon Avstraliya dollarına “satır”.

Kipr “ən bahalı” vətənlərdəndir – 1,5 milyon avro.

Tailandın qiymət 15.000 dollardan başlayır.

Türkiyə vətəndaşı olmaqdan ötrü 250.000 dollarından keçməlisən.

Vətəndaşlığın pula satılmasını dünyada dəstəkləyənlər də var, dəstəkləməyənlər də və bildiyim qədəri ilə dəstəkləyənlər dəstəkləməyənlərdən daha çoxdur.

Harvardlı professor Ayelet Şaxar kimi elm adamları vətəndaşlığın pula satılmasını tənqid edərək, bu haqqın yalnız varlı, zəngin adamlara aid olduğuna, öz vətənində əziyyət çəkən insanlara isə heç bir şans yeri qoymadığına diqqət çəkir.

Ümumiyyətlə, “satışa çıxarılmış” bütün vətənlərdə kasıb-kusuba yer yoxdur, öz vətənlərində olduğu kimi. Kasıb-kusub yalnız qaçqın statusu altında bu ölkələrə müvəqqəti daxil ola və istənilən siyasi ovqata uyğun qərarla bir gecə “ansızın” qovula bilərlər.

Vətəni satın almış zənginlər isə aldıqları vətənin vətəndaşlarından daha üstün haqqlara sahib ola bilirlər bəzən.

Məsələn, neftxuda ərəblər İstanbulda ən bahalı mənzilləri almaqla bu şəhərin yerli sakinlərindən daha üstün mövqeyə sahiblənirlər. Vətəndaşlığın dolların kursuna görə müəyyən olunması, həm hüquqi, həm də sosial etika baxımından problem yaradır.

İnsanların xoşlarına gələn dövləti (vətəni) pulla ala biləcəkləri bir dünya gələcəkdə necə olacaqdır? Yəqin ki, dünyada ancaq varlıların və ancaq vələmyesirlərin yaşadığı vətənlər olacaq.

Vətəndaşlığın pulla satın alınmasını dəstəkləyənlərə görə, bu alqı-satqı dünyada millətçi, şovinist baxışların aradan qalxmasına gətirib çıxar bilər ki, bu da siyasi, irqi, dini münaqişələrin sayını azaldar. Nəzərə alanda ki, vətəni pullu kataloqlardan seçənlərdə bəzən anadangəlmə millətçi, şovinst duyğular ya olmur, ya da çox zəif olur, bu arqument öz əhəmiyyətini itirir.

Məsələn, bizim şair Ramiz Rövşən “özümə bir vətən düzəldəm gərək” desə də, yüz il qala şairdən özünə “отдельно” vətən düzəldən olmaz. Çünki o, vətənə pulla deyil, göz yaşları ilə bağlı olan kəsimi təmsil edir. 

Ümumiyyətlə, vətəndaşlıq haqqında müasir qanunlar vətənin kimin anası olması barədə bəşəri poeziyanın indiyənəcən gopa basdığını üzə çıxarır.

Reallıq belədir ki, istənilən vətən pullu birinə oğul deyib bağrına basmağa hazırdı, özü doğub-böyütməsə də. Kasıbların onlara “ana” deməsi vətənləri bir o qədər də maraqlandırmır.

O biri şairimiz Məmməd Araz gileylənirdi ki, vətən mənə oğul desə, vallah, qayalarında mamır olmağa belə razıyam. Vətəndaşlıq qanunları isə belə deyir, şair, əgər vətənin sənə oğul deməsini istəyirsənsə, o qayanın üstündə mamır olmaqdansa, bir otel tik, turizm mərkəzi yarat, vətənin işsiz-gücsüz balalarına iş yeri aç.

Hə, ondan sonra da vətən dirəşib sənə oğul deməsə, demək ki, problem səndə deyil.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri