30 
Okt
2019
16:04
38
92
4765
Virtual karabakh

Oxu atan kimi…

30 Okt, 2019
16:04
4765

Oxu atan kimi…

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

“Oxu atan kimi eşşək olma” ifadəsində vergülün haraya qoyulması zarafatlı tapmacanı uşaqlıqda çox istifadə edirdik. Kimsə vergülü “kimi”dən öncə, kimsə sonra qoyurdu. Bu da həmin şəxsin şüuraltı ilə bağlı idi.

Bu yaxınlarda bir gənc deyir ki, “nitqiniz çox yaxşıdır, harada işləyirsiniz?” Mən də cavab verdim ki, uşaqlıqdan çox kitab oxuyuram. O isə “yox e, kitab söhbəti deyil, nəsə başqa məsələdir” deyəndə, mən nə cavab verəcəyimi bilmədim. Çünki artıq kitab yox, smartfon dəbdədir.

Bəs niyə kitab oxumaq dəbdə deyil?

Stiv Cobs “iPhone”u ixtira edənə qədər kitab oxumaq çox aktual idi. Çünki smartfon və planşetlər yox idi, internet olsa da, bugünkü qədər ucuz deyildi və bu qədər yayılmamışdı. 90-cı illərə qədər olan nəsillər isə məlumatı internetdən deyil (gənclər, bəlkə də, inanmayacaq, amma o zaman Azərbaycanda internet yox idi), kitab, jurnal və qəzetlərdən alırdı. 90-cı ildən sonra müharibə, hərc-mərclik, qeyri-stabillik olan keçid dövrü hər şeyi alt-üst etdi. 

2000-ci illərdən sonra internet gəldi, 2008-də smartfonlar, 2011-dən planşetlər dövrü başladı. Smartfonlar populyarlaşdı, sosial şəbəkələr, “YouTube” və digər internet resurslar peyda oldu. Buna sevindik ki, imkanlar genişlənir. Çünki bu gün gərəkli məlumatı tapmaq o qədər asan olub ki, heç barmağına da əziyyət vermədən səs assistentini çağıraraq, məlumatı almaq olur. Uzun illərdir şəxsən mən bu xidmətlərdən istifadə edirəm və bunları yaradanların atasına rəhmət oxuyuram. 

Bu xidmətləri hamı istifadə edə bilər. Maşallah, hamının cibində kreditə aldığı bahalı və geniş imkanlı smartfonlar var. Artıq aylıq mobil və DSL internet paketləri su qiymətinədir.

Vəziyyət və imkanlar genişdir. Kitabı oxumaq həvəsin yoxdursa, audio kitabı internetdən yükləyirsən, divanda rahat uzanıb, gözlərini bağlayırsan və dinləyirsən. Həm kitabı dinləyirsən, həm dincəlirsən. 

İstədiyin hər bir məlumatı “Google”, yaxud başqa axtarış sistemlərinə açar sözlərini yazaraq, on minlərlə saytda məlumatı tapıb oxuyursan. Axtaranın rahatlığı üçün hətta ən çox baxılan saytları “Google” önə çəkir ki, ilk baxışlardan istədiyini alasan. Daha nə istəyirsən? Hər bir imkan var. Amma…

Belə imkanlardan istifadə edənlərin sayı o qədər cüzidir ki, buna ağlamaq istəyirsən. Amma atalar deyib ki, el üçün ağlayan kor qalar. Elə çıxır ki, bu boyda həngaməni yaradıblar, amma getdikcə insanlar kütləşir. Əlbəttə, bunu hamıya şamil etmirəm. Az olsa da, savadlı, bacarıqlı və bu servislərin istifadəsindən daha çox imkan qazananlar var. 

Sizcə, niyə “Instagram” “Facebook”dan daha populyar oldu? Çünki bu şəbəkə çox sadədir. Şəkil yerləşdirirsən, heç post yazmağa da ehtiyac yoxdur. Bir dəqiqəlik videolara baxanlara “səndə hövsələ var” deyirlər. Bu gün gənc nəsil məlumatı akademik, ekspert, yazıçı, jurnalistlərdən deyil, bloqerlərdən alır. 

Bloqerlik yaxşıdır, amma xeyirli məlumat çatdırırsansa. Di gəl ki, bloqerlərin çox hissəsi savadsızdır. Çünki o da oxumur, öyrənmir. Bəs məlumatı olmayan kimsə başqasına nə öyrədə bilər?!

O gün sosial şəbəkədə trendə çıxmış bir vloqerin çəkdiyi videoya baxırdım. 10 mindən artıq “Like” gəlib, səkkiz min şərh yazılıb, çoxu tərifləyir və yazır ki, “gülməkdən öldüm”. Maraqlı gəldi, baxdım. Gülməyin yerinə kədərləndim. Çünki videoda nə keyfiyyət var idi, nə süjet xətti, nə yumor, nə də xeyirli bir məlumat, yəni “Sıfır”. Ancaq bayağılıq, “tupoy” süjet, çirkin və istedadsız “aktyor”lar gördüm. Bəs bunun nəyinə baxırlar?

Bu bir yana. “YouTube” trendlərə baxanda, adam utanır ki, azərbaycan pop musiqisi nə gündədir. Türk musiqisini dinləmirəm, çünki hesab edirəm ki, Azərbaycan musiqisi daha layiqli və gözəldir. Bizim dahi bəstəkarlarımız və müğənnilərimiz olub, bu gün də var. Bu gün də xalq mahnılarımızı müasir aranjimanda, hətta rep və rok janrında oxuyanda belə gözəl alınır. Amma trend isə ağlamalı (hər bir mənada) mahnılardır.

Düşünəcəksən ki, yaxşı kitabın nə dəxli var?! Dəxli odur ki, kitab oxuyarkən insanın beyni məşq edir, qan dövranı güclənir və beyin daha yaxşı işləyir. Bu, fizioloji tərəfi. Digər tərəfdən, insanın intelekti yüksəlir, daha yaxşı yazır və danışıq qabiliyyəti yüksəlir. Daha tez qavrayır və zövqü daha yaxşı formalaşır. Yəni televizora baxmaq deyil, məhz kitab oxumaq insan zehninin inkişafında böyük rol oynayır. Bunu alimlər sübut ediblər. İnanmırsınızsa, özünüzə bir az əziyyət verin, internetdə axtarış verin, tapın, oxuyun. Oxuyun ki, həyatınız maraqlı olsun, zövqünüz incə, davranşınız mədəni. Çox şey lazım deyil ki!

Onu da deyim ki, uşaqlarınızın savadlı və uğurlu olması üçün onlara nümunə olmaq lazımdır. Axı biz uşaqlarımız üçün etalonuq. Siz oxumursunuza, o niyə oxumalıdır? 

Pul qazanıb varlı olmaq olar, amma itirdiyiniz illəri heç zaman geri qaytara bilməyəcəksiniz. Bir vaxt gələcək ki, təhsil almadığınıza peşman olacaqsınız. Axı ancaq gənc olarkən hər şeyi daha sürətlə qavramaq olur. İmkanı əldən verməyin!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri