31 
Yan
2020
11:16
21
59
1714
Virtual karabakh

Nazir müavini: Elə təşkilat var ki, müsabiqədən-müsabiqəyə “dirilir” - MÜSAHİBƏ

Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda bu gün qeyd edilməyə başlanıb. 

Bununla bağlı Oxu.Az-ın suallarını Gənclər və İdman nazirinin müavini İntiqam Babayev cavablandırıb:

- Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi əlamətdar hadisədir. Səhv etmirəmsə, 1998-ci ildən nazirliyin təşəbbüsü ilə könüllülər hərəkatı yaradılmışdı. Ondan sonra Azərbaycanda digər tədbirlər keçirilib. Nə qədər könüllü iştirak edib? Onlar necə yığılıb?

- Dünyada könüllü olmağın yaş, sahə məhdudiyyəti yoxdur, amma Azərbaycanda könüllü dedikdə ilk olaraq gənclər düşünüldüyü üçün сənab İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı imzaladığı sərəncamı Gənclər və İdman Nazirliyi olaraq, gənclər siyasətinin istiqamətində atılan bir addım kimi qiymətləndiririk.

Düşünürük ki, bu il həm bu mövzuya daha geniş ictimaiyyət cəlb ediləcək, həm də yeni layihələr təqdim ediləcək. Könüllülük adı altında Azərbaycanda 1998-2000-ci illər arasında BMT-nin İnkişaf Proqramı və Könüllülər Proqramı ilə birlikdə ilk pilot layihə icra olundu. O zaman səhv etmirəmsə, 650 könüllü bu layihədə iştirak edirdi.

Fəaliyyətin ilk mərhələlərində könüllülərin icra etdiyi kiçik layihələr bəzən cəmiyyətdə gülüşə səbəb olurdu. Bu gün artıq biz tədbirlərdə könüllülərə rast gəlirik. Könüllü ənənəsi ulu öndər Heydər Əliyev dövründən formalaşıb. 2000-ci il Sidney Yay Olimpiya Oyunlarına yolasalma mərasimində Ulu öndər könüllülərin bir qrupu ilə görüşdü. 

Ondan sonra ilk böyük sınağımız “Eurovision-2012” mahnı müsabiqəsinin yarışmasında oldu və 1000-dən artıq könüllü toplanıldı. Onlarla təlimlər keçirildi, Azərbaycanın tarixi, mədəniyyəti barədə məlumatlar verildi ki, gələn qonağa ölkəmiz barədə qısa da olsa, məlumat verilsin. 
Könüllülərin iştirakı ilə daha böyük tədbirimiz 2015-ci ildə ilk Avropa Oyunları zamanı oldu. Yarışlarda 17-18 min gənc könüllü kimi iştirak etdi.

Prezident İlham Əliyev 2019-cu ilin fevralın 1-də keçirilən Azərbaycan gənclərinin respublika toplantısında Prezident İlham Əliyev könüllülük hərəkatında gənclərin rolunu xüsusi qeyd etdi.

Dövlətimizin başçısı bundan sonra bu sahədə fəaliyyətin daha da genişlənməsi və bütün istiqamətləri əhatə etməsi ilə bağlı çağırış etdi. Bu gün artıq tam rahat deyə bilərik ki, ən qısa bir zamanda çağırışa 20 mindən artıq gənc qoşula bilər. 

- Bu il “Könüllülər ili” ilə bağlı hansı işlərin görülməsi nəzərdə tutulub?

- Azərbaycan MDB dövlətləri arasında könüllülərin fəaliyyəti ilə bağlı qanun qəbul edən ilk ölkələrdən biridir. 2009-cu ildə ölkəmizdə “Könüllü fəaliyyət haqqında” qanun qəbul edilib. Bu il ərzində hədəflərimiz içərisində xaricdə keçirilən tədbirlərdə könüllülərimizin iştirak etməsi də var. Gənclər təşkilatları ilə birlikdə “könüllü pasport” yaradılıb.

Təbii ki, hüquqi sənəd deyil, amma gələcəkdə gənci işə götürən qurum bunu qiymətləndirə bilər. Biz düşünürük ki, “könüllü pasport”un rəsmi şəkildə qəbul edilməsi ilə bağlı bir addım ataq. Bu işlə bağlı yeni layihələr, beynəlxalq tədbirlər keçiriləcək.  

- Gənclərdən danışdınız. Sizcə, gənclər Azərbaycanla bağlı həqiqətləri yetərincə dünyaya çatdıra bilirlərmi?

- Beynəlxalq aləmdə müxtəlif layihələrlə bağlı çalışırıq. İstəyirik ki, xaricdə olan gənclər bizim prosesə qoşulsunlar. Layihələr içərisində “Mən Azərbaycan haqqında nə bilirəm?” uğurlu layihəmizdir.

Bu fəaliyyət 50-dən artıq ölkəni əhatə edib. Layihə çərçivəsində tariximiz, mədəniyyətimiz, Azərbaycanın həqiqətləri, Dağlıq Qarabağ problemi ilə bağlı məlumatlar verilir. Bu fəaliyyət çərçivəsində 600-ə yaxın insan Azərbaycana gəlib-gedib.

Onların artıq sosial şəbəkədə bir-biri ilə öz əlaqələri var. Biz hər zaman ictmai, fəal yaradıcı gənclərin beynəlxalq tədbirlərdə iştirakına şərait yaradırıq. 2019-cu ildə 200-dən artıq şəxsi xaricdə keçirilən tədbirlərə ezam etmişik. Onlar orada həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar.

Xaricdə təhsil alan gənclərimizə hər zaman çağırış etmişik ki, oxuduqları ixtisas üzrə mükəmməl bilik əldə etməlidirlər, eyni zamanda, ölkəmiz haqqında təbliğatla məşğul olmalıdırlar. Fikrimcə, Azərbaycan gənci ölkəmizi yaxşı təmsil edir, amma biz bununla kifayətlənə bilmərik, gənclərimiz ölkəmizi xaricdə daha güclü təmsil etməlidirlər.  

- 13 Gənclər evi nazirliyin balansına keçdi. Hətta bu evlərin bəzisi şadlıq sarayı kimi fəaliyyət göstərirdi, bəzilərinin isə qapısı bağlı idi. Bunu necə bərpa edəcəksiniz?

- Gənclər evinin yaradılması gözəl layihədir. Bu gün ölkəmizdə 40-dan artıq Gənclər evi adı altında müəssisələr fəaliyyət göstərir.

Onlardan 12-i nazirliyin balansında fəaliyyət aparır. Nazirlər Kabinetinin qərarına görə, daha 13 Gənclər evinin bizim qurumun balansına keçirilməsi qərarı verilib. Biz çalışacağıq ki, harada problem varsa, onu həll edək. Bu yalnız binanın quruluşu ilə deyil, kadr məsələsi ilə də bağlıdır. Etiraf edək ki, hər yerdə yaxşı kadr yoxdur.

Prezident İlham Əliyevin ötən il qeyd etdiyi nöqsanlarla bağlı olaraq, verdiyi göstərişləri rəhbər tutaraq nazirlik tərəfindən bizim balansımızda olan Gənclər evinin daha da təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılır.

Hansı müəssisədə yaxşı kadr yoxdur, biz onlarla vidalaşacağıq. Bəzən rayonlara tədbirə gedən zaman yolüstü Gənclər evinə baş çəkirəm. Müsbət və mənfi məqamlarla qarşılaşmışam. Onlara izah etmişəm ki, neqativ məqamları tutmaqda məqsəd sizi cəzalandırmaq deyil, problemin aradan qaldırılmasıdır. Hansı bir şəxs bir-iki dəfə iradı qəbul etmirsə, o zaman onlar cəzalandırılır.

Təəssüf ki, şadlıq evi kimi fəaliyyət göstərən müəssisələrin hələ ki bizim qurumun balansına keçirilməsi məsələsi gündəmdə yoxdur. Nazirliyin tərkibinə keçirilsə, orada köklü şəkildə iş aparılmalıdır. Tək kadr yox, struktur dəyişməlidir. 

- Dediniz ki, bəzi yerlərdə müsbət, bəzi yerlərdə isə mənfi hallarla qarşılaşmısınız. Hansı regionda yerləşən Gənclər evində problemlər var?

- Bunu qeyd etsəm, düzgün olmaz. Elə bölgə var ki, gənclər orada aktiv olur, elə yer var ki, elə deyil. Biz onların daha fəal olması istiqamətində işlər aparırıq. 

- Özəl Gənclər evinin nazirliyin balansına keçməsi üçün Nazirlər Kabinetinə müraciət etməyi planlaşdırırsınızmı?

- Əlbəttə ki, biz istərdik ki, Azərbaycanda fəaliyyət göstərən gənclər evləri eyni bir şəbəkədə fəaliyyətlərini qursunlar, amma qanunvericilik var. Elə müəssisələr var ki, özəl sektor tərəfindən inşa edilib.

Onlara müdaxilə edib, kiminsə əlindən almaq mümkün deyil. Amma onlar mövcud olan qaydalara uyğun olaraq, fəaliyyətlərini qurmaq istədikləri ilə bağlı bizə müraciət etsələr, o zaman biz bu məsələyə baxıb, müvafiq addımlar atarıq və həmin müəssisələr Gənclər evi adı altında nazirliyin balansına götürülə bilər. 

- Bu gün ölkədə 300-dən çox gənclər təşkilatı var. Onların fəaliyyətini necə qiymətləndirirsiniz?

- Gənclər hərəkatının formalaşması da müxtəlif mərhələlər keçib. Təşkilatlar təzə yaranan zaman bəzən yaşlı nəslin nümayəndələri qeyri-hökumət təşkilatları sözünü anti-hökumət kimi qəbul edirdi. Amma bu gün cəmiyyət ictimai təşkilatlarını qəbul edir. 300-dən çox Gənclər təşkilatı var, amma bu, o demək deyil ki, bu təşkilatların hamısı eyni səviyyədədir.

Etiraf etmək lazımdır ki, elə təşkilat var ki, qrant müsabiqəsindən-müsabiqəyə “dirilir”. Elə təşkilat da var ki, hər zaman öz fəaliyyətini düzgün qurur və qrantları əldə etməsi də normaldır. Davamlı olaraq Gənclər təşkilatlarının sərgisi keçirilir.

Qapılar hamıya açıqdır. Orta hesabla 100-120 təşkilat fəal şəkildə iştirak edib. Bir qismi dediyimiz kimi vaxtaşırı fəallaşırlar. İstərdik ki, onlar da digər aktiv təşkilatlar kimi fəaliyyət göstərsinlər.

Azərbaycanda belə bir qayda yoxdur ki, gənclər mütləq hər hansı ictimai təşkilatın üzvü olmalıdır. İnsan fərdi qaydada öz fəaliyyətini qura bilər. Gənclər Fondu tərəfindən fərdi qaydada qrantlar verilir. 

- İntiqam müəllim, siz həm də tarix fakültəsinin məzunu olmusunuz. Bu sahədə fəaliyyətiniz davam edirmi?

- Yox. Ona görə də özümü tarixçi adlandırmıram. Tarixçi o adama demək lazımdır ki, bu  sahə üzrə elmi fəaliyyətlə məşğul olsun. Mən tədrisimi bitirdikdən sonra qısa bir zamanda müəllimlik etmişəm. Daha sonra ictimai fəaliyyətə qoşulmuşam, dövlət işinə başlamışam. Daha bilmirəm tarix elmi məni itiribmi? (gülür) Amma hər zaman mütaliə edirəm.

Qətiyyən internet üzərindən kitab oxumaram. Hesab edirəm ki, kitabın qoxusunu hiss etmək lazımdır. Böyük bir kitabxanam var. Çalışıram onu daha da artırım. Yeni il tətilində yeddi gün ərzində üç kitab bitirmişəm. Hər bir insan da vəzifəsindən, stajından asılı olmadan kitab oxumalıdır. İstəyirəm ki, gənclər də mütaliə etsinlər. 

İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri