29 
İyl
2020
10:42
40
158
5598
Virtual karabakh

Həkim Aynur Əsədli: “Azad ölkənin azad vətəndaşı kimi fikir azadlığımdan istifadə edirəm” - REAKSİYA

29 İyl, 2020
10:42
5598

Həkim Aynur Əsədli: “Azad ölkənin azad vətəndaşı kimi fikir azadlığımdan istifadə edirəm” - REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həqiqət Qədirovanın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan pulmonoloqlar haqqında söylədiyi fikirlər tamamilə doğrudur. İnstitutun şəraitsizliyinə baxmayaraq, ən ağır xəstələr belə burada müalicə olunaraq sağalıb. Lakin müsahibəsində mənim adımı çəkməsinə təəccübləndim”.

Bunu Oxu.Az-a yazılı şəkildə göndərdiyi açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-laborantı Aynur Əsədli ötən gün institutun direktoru Həqiqət Qədirovanın saytımızda dərc edilən müsahibəsində söylədiyi fikirlərə münasibət olaraq deyib.

A.Əsədli qeyd edib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu epidemiyalar zamanı yüksək fəaliyyəti ilə seçilib:

“Həqiqət xanımın müsahibəsində öz adımı görüb çox təəccübləndim. Onun institutumuzun pulmonoloqları haqqında yazdıqları tamamilə doğrudur. İnstitutun şəraitsizliyinə baxmayaraq, ən ağır xəstələr belə burada müalicə olunaraq sağalıb. Mən pandemiyanın ilk günlərindən hər yerdə həkim kollektivimizin zəhmətini qiymətləndirmişəm. Bizim institutda nə qədər peşəkar və savadlı həkimlərin olmasını vurğulamışam. İnstitutun nüfuzunu heç zaman aşağılamamışam, buna dilim gəlməz.

O ki qaldı Həqiqət xanımın nüfuzuna, mən heç vaxt onun nüfuzuna toxunmamışam. Mənim onunla da, institutla da heç bir problemim olmayıb. Çalışdığım Kliniki Diaqnostik Laboratoriya (KDL) şöbəsində mənimlə yanaşı, digər işçilərimizin də problemi şöbə müdirimizin qeyri-adekvat davranışları ilə əlaqəli olub. Biz dəfələrlə ondan şifahi və yazılı şikayətlər etmişik. Sonuncu dəfə isə 11 nəfərin imzası olan şikayət ərizəsini Həqiqət xanıma təqdim etdik. Lakin ərizəmiz rəsmi qeydiyyata alınmadı və şöbə müdiri davranışlarına görə tənbeh də olunmadı. Həqiqət xanım işçilərin yanında bildirdi ki, nə qədər mən buradayam, şöbə müdiri tutduğu vəzifədə qalacaq. Biz növbəti dəfə TƏBİB-ə müraciət etdik. TƏBİB şöbə müdirindən izahat tələb etdi. O isə izahat yazmaq əvəzinə 4-5 işçidən qeyri-adekvat davranışlar sərgiləmədiyinə dair imza topladı.

Bundan sonra şöbədə həkimlər arasında münaqişələr, mübahisəli məqamlar yarandı. İşçilərə qarşı yerli-yersiz haqsızlıq edildi. Mən 21 ildir çalışıram və işimə necə məsuliyyətlə yanaşdığımı həkimlərimiz bilir. Karantin başlayandan istirahətsiz, fədakarcasına çalışırıq. Həkim olaraq, bu, bizim borcumuzdur. Mənim və şöbəmizin işçilərinin istədiyi tək şey bu ağır, çətin günlərdə sakit və sağlam şəraitdə işləməkdir”.

“O ki qaldı mənim Samir Zeynalovun səhifəsində rəy yazmağıma, buna cinayət kimi baxmaq lazım deyil. Mən sosial şəbəkədə aktiv insanam. İstənilən səhifədə öz rəyimi bildirirəm. Bu tək S.Zeynalova aid deyil. Azad ölkənin azad vətəndaşı kimi fikir azadlığımdan istifadə edirəm”, - deyə, A.Əsədli qeyd edib.

Müsahibədə adı hallanan ictimai vəkil Samir Zeynalov isə redaksiyamıza göndərdiyi açıqlamasında Həqiqət xanımın söylədiyi fikirlərin absurd olduğunu bildirib. O qeyd edib ki, ictimai vəkil olaraq fəaliyyəti ilə başda hüquq-mühafizə orqanları olmaqla, əksər dövlət qurumları, onların vəzifəli şəxsləri tanışdır:

“Mən fəaliyyətimi qərəzsiz, vicdanlı və şəffaf şəkildə aparıram. Əməlimdə qanunazidd qərəzli hərəkətlər, təxribatçılıq və pozuculuq meyilləri olsa idi, şübhəsiz ki, Həqiqət xanımın təşəbbüsü ilə barəmdə dövlət qurumlarına edilən müraciətlər nəticəsində qanuna uyğun tədbir görülərdi. Təqsirsizlik prezumpsiyası var. Buna görə də, Həqiqət xanım məni sifariş yerinə yetirməkdə və qərəzli olmaqda qətiyyən ittiham edə bilməz. Amma nəzərə alsaq ki, o, öz işçilərini belə onların haqqında heç bir məhkəmə hökmü olmadan cinayətkar adlandırır, onda bu ittiham faktını qəribə qəbul etməməyə dəyər.

Həqiqət xanımı QİÇS-lə Mübarizə Mərkəzinin kollektivi yaxşı tanıyır. O, bu mərkəzdə hansı neqativ əməlləri ilə yadda qalıb, işçilərin ünvanına hansı ifadələr söylənib, 2010-cu ildə QİÇS mərkəzindəki biabırçılıqlarla bağlı mediada müxtəlif yazılar da dərc edilib. Həmin tarixdə mən nəinki Həqiqət xanımı tanımışam, heç ictimai vəkillik fəaliyyəti ilə belə məşğul olmamışam. Bu da sübut edir ki, Həqiqət xanıma qarşı heç bir qərəzdən, sifarişli davranışdan söhbət gedə bilməz. O, həmişə öz əməlləri ilə medianın diqqət mərkəzində olub və olmaqda davam edir. O ki qaldı işçilərin virusa yoluxma məsələsinə, məncə ilk COVİD-19 infeksiyasına yoluxmuş xəstənin və həkimin müalicə aldığı institutda işçilərin kənarda yoluxduğunu iddia etmək gülüncdür. Həqiqət xanım aprelin 24-də karantin qaydalarını kobud sürətdə pozaraq, işçilər arasında kütləvi yoluxmaya zəmin yaratdığı üçün TƏBİB tərəfindən rəsmi şəkildə ciddi xəbərdarlıq alıb. Bu fakt mətbuatda da öz əksini tapıb. Həkim çatışmazlığı nəticəsində xəstə ölümlərinin mümkünlüyü məsələsinə isə həkim-ekspert tərəfindən münasibət bildirilib. Odur ki, Həqiqət xanımın söylədiyi fikirlər əsassız və absurddur”.

Qeyd edək ki, redaksiyamız tərəfindən adı hallanan həkim Səbinə Məmmədovaya da məsələyə münasibət bildirməsi üçün şərait yaradılıb. Lakin o, münasibət bildirməkdən imtina edib. Bunu onun hüquqlarını müdafiə edən ictimai vəkil S.Zeynalov qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri