28 
İyl
2020
15:46
66
287
6981
Virtual karabakh

Həqiqət Qədirova: “Bu vəziyyətdə işdən imtina edən həkimlərimiz, mənə görə, fərarilik edir” - MÜSAHİBƏ

28 İyl, 2020
15:46
6981

Həqiqət Qədirova: “Bu vəziyyətdə işdən imtina edən həkimlərimiz, mənə görə, fərarilik edir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Başqa ölkələrə olduğu kimi, Azərbaycanda da koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri aparılır. Bununla əlaqədar, cəmiyyətin diqqəti həkimlərdə və tibb müəssisələrindədir. Lakin bu dövr ərzində ölkədə fəaliyyət göstərən digər tibb müəssisələri ilə müqayisədə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu barədə yayılan dəqiq və ya qeyri-dəqiq məlumatlar üstünlük təşkil edir.

Mövcud vəziyyət cəmiyyətdə, eləcə də sosial şəbəkələrdə insanlar tərəfindən müzakirə edilir.

Bütün bu söz-söhbətlərə aydınlıq gətirilməsi üçün Oxu.Az-ın əməkdaşı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, həkim-mikrobioloq Həqiqət Qədirova ilə həmsöhbət olub.

- Həqiqət xanım, ilk öncə pandemiya ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı vəziyyət barədə məlumat verərdiniz.

- Bildiyiniz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu profilinə görə iki istiqamətdə - pulmonoloji patologiya və vərəm üzrə fəaliyyət göstərir. Təbiidir ki, profilə uyğun olaraq, elə ilk günlərdən institutumuz koronavirusla mübarizəyə qoşulmuşdu. Daha dəqiq desək, artıq 5 mart tarixindən başlayaraq koronaviruslu xəstələrin qəbuluna başlamışıq. Yəqin bilirsiniz ki, bizim institutda xüsusi təhlükəli infeksiyalar şöbəsi mövcuddur. Səkkiz ədəd mənfi təzyiqli boks var ki, mövcud infeksion nəzarət qaydalarına uyğun olaraq, burada yoluxucu xəstələrin müayinə və müalicəsini aparmaq olar. Bu şöbə bir neçə il əvvəl quş qripi ilk dəfə baş verən zaman yaradılıb və hər il mövsümi qripə yoluxan xəstələr burada müalicə olunurdu. Koronavirus infeksiyası başlayanda ilk xəstələr həmin bokslarda yerləşdirilmişdi. Artıq yoluxma sayının dinamikasında artım müşahıdə olunanda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun digər şöbələri də mərhələli şəkildə koronaviruslu xəstələri qəbul etməyə başladı. İnstitutun birinci korpusundə yerləşən birinci, ikinci pulmonologiya şöbələri və reanimasiya şöbəsi koronaviruslu xəstələrin müalicəsi uçun ayrıldı.

- Artıq iyunun 23-dən institut pandemiya xəstəxanasına çevrildi.

- Bəli, iyun ayının 23-dən etibarən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun COVID-19 pandemiya xəstəxanası kimi fəaliyyət göstərməsinə qərar verildi. Bu qərardan sonra ikinci korpusda olan vərəmli xəstələr institutdan digər vərəm əleyhinə müəssisələrə köçürüldü. Korpus tamamilə boşaldıldı, 24 və 25 iyun tarixlərində dezinfeksiya işləri aparıldı. İyunun 26-dan artıq həmin korpusa da koronavirusa yoluxan xəstələrin qəbuluna başlanıldı.

Beləliklə, hazırda institutun 25 çarpayılıq reanimasiya şöbəsində və beş pulmonoloji şöbədə koronaviruslu xəstələrin müalicəsi aparılır. Hər şöbəyə institutun işçisi olan pulmonoloq təhkim olunub, işçilərə infeksion nəzarət qaydaları üzrə təlimat keçirilib, COVID-19 infeksiyalı xəstələrin müalicəsinə aid TƏBİB və Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan müalicə protokolları bütün həkimlərə çatdırılıb.

Qeyd etməliyəm ki, bizim institutda çalışan mütəxəssis-pulmonoloqlar və bəzi ftiziatrlar epidemiyanın ilk günlərindən ölkənin digər tibb müəssisələrində həm konsultant, həm də ezam olunmuş həkim-mütəxəssis kimi yüksək peşəkarlıqla işləyiblər. İnstitut COVID-19 pandemiya xəstəxanası kimi fəaliyyətə başlayandan sonra həmin həkimlər geri çağırılıb və artıq öz iş yerlərində işlərini davam edirlər.

Koronaviruslu xəstələrlə işləmək çox ağır, məsuliyyətli və təhlükəli prosesdir. Lakin buna baxmayaraq, institutunun kollektivi bu işdə böyük fədakarlıqla iştirak edir. Biz hamımız peşəkar həkim, orta və kiçik tibb işçisi olaraq, bu çətin günlərdə xalqımıza xidmət etməyə çalışırıq. İşçilərimiz gecə-gündüz, iş saatlarını saymadan, yorğunluğa baxmadan  xəstələrə lazımı müalicə və qulluğu göstərirlər.

- Həkimlər arasında yaşı 65-dən yuxarı olanlar necə, çalışmağa davam edirlərmi?

Nazirlər Kabinetinin məlum qərarına uyğun, məhdud sayda işçilərin işə çıxmasına qərar verilməsini nəzərə alaraq, 65 yaşdan yuxarı olan işçilərə aylıq maaşları saxlanılmaqla işə gəlməməsi bildirilib. Lakin bir neçə həkim və digər işçi istisna olmaqla (sağlamlıq durumları ilə bağlı), həkim catışmazlığını nəzərə alaraq, əksər 65 yaşdan yuxarı olan həkimlərimiz vəzifələrini yerinə yetirməkdə davam edirlər. Mənim də yaşım 65-dən yuxarıdır, lakin  İnstitutun koronavirusla mübarizəyə qoşulduğu ilk gündən bu günə qədər bir gün də olsun işdən qalmamışam, kollektivi bu mübarizədə tək qoymamışam.

- İnstitutda süni tənəffüs aparatına qoşulan, kritik vəziyyətdə olan xəstələr çoxdurmu?

- Təəssüf ki, bütün dünyada olduğu kimi,  bizim ölkədə də koronaviruslu xəstələrin bəzilərində xəstəliyin gedişatında ağırlaşmalar müşahidə edilir, xüsusən də yanaşı xəstəlikləri olanlarda. Məsələn, şəkərli diabet, onkoloji və ya hematoloji problemləri, böyrək, qaraciyər, ürək-ağciyər çatışmazlığı, sistem xəstəlikləri olan xəstələrdə belə ağırlaşmalar daha tez-tez baş verir. İnstitutun reanimasiya şöbəsinə müntəzəm olaraq bu cür xəstələr qəbul olunur. Onların arasında kritik olanlar da olur, süni tənəffüs aparatına qoşulanlar da. Misal olaraq, deyə bilərəm ki, hazırda dörd xəstəmiz BİPAP aparatına qoşulub, lakin bir saatdan sonra bu rəqəm dəyişə bilər.  

Onu da diqqətinizə çatdırım ki, digər pandemik xəstəxanalar kimi, bizim tərəfimizdən də instituta xəstələrin qəbulu, o cümlədən, reanimasiya şöbəsinə qəbulu və onların arasında ağır olanlar, SPAP/BİPAP və süni tənəffüs aparatlarına qoşulanlar haqqında və digər vacib məlumatlar hər iki saatdan bir TƏBİB-in elektron məlumat saytına yerləşdirilir, eləcə də “WhatsApp” vasitəsilə institutun fəaliyyətinə nəzarət edən bütün qurumlara çatdırılır.

- Ümumiyyətlə, koronavirusun birinci növbədə ağciyərlərdə ciddi fəsadlar yaratdığını nəzərə alsaq, müalicə proseduru üçün Ağciyər İnstitutu üstün olmalıdır. Sizcə, niyə vətəndaşlar institutda müalicə məsələsində tərəddüd edir.

- Fikrimcə, bu, yanlış məlumatdır. Əksinə, ikinci korpus COVID-19 üçün ayrılmayana qədər bizim institutda müalicə almaq istəyən xəstələrin sayı institutun xəstələri qəbuletmə imkanlarından daha çox olub. Təəssüf ki, neçə illərdir Elmi-Tədqiqat Ağciyər Xəstəliklər İnstitutunda təmir-bərpa işləri aparılmır və buna böyük ehtiyac var. Bu baxımdan, vəziyyətimiz ürəkaçan deyil, çünki müasir tələblərə cavab verən şəraitimiz (hər xəstə üçün sanitar qovşağı olan ayrı palata, xüsusi ventilyasiya və s.) yoxdur. Bu şərait yalnız səkkiz boksda var, onlar da hazırda müştərək vərəm və koronavirus infeksiyası olan xəstələr üçün istifadə olunur. Digər xəstələr iki-beş nəfər olmaqla, adi palatalarda yatır. Amma bununla belə, xəstələrdən çoxsaylı müraciətlər daxil olur ki, biz müalicəmizi bu institutda, sizin həkimlərin nəzarəti altında almaq istəyirik. Çünki respublikada pulmonologiya ixtisası üzrə ən peşəkar həkimlər məhz burada çalışır. Bu baxımdan, düşünürəm ki, insanların tərəddüd etməsinə dair fikirlər həqiqəti əks etdirmir. Bu, çox güman ki, mənə və instituta qarşı qarayaxma kampaniyası aparan bir qrup şəxsin işidir. Onlar bilərəkdən, qərəzli olaraq yanlış informasiya yayırlar. Əslində isə, bunlar həqiqəti əks etdirmir.

- Bu gün xəstəxanada olan xəstələrin ümumi sayı və vəziyyəti ilə bağlı statistika varmı?

- Qeyd etdiyim kimi, bu barədə hər iki saatdan bir məlumatlar yenilənir. Həmin məlumatlar birbaşa TƏBİB-in elektron sisteminə yüklənir. İnstitutda olan xəstələr, reanimasiyada müalicə alan xəstələr, uşaqlar, hamilə qadınlar, onların sayı, yaşı, vəziyyəti (yüngül, orta-ağır, ağır), yeni daxil olan, sağalıb çıxan xəstələr, ölənlər və s. haqqında məlumatlar təzələnir. Lakin gizli olduğuna görə bunu mən açıqlaya bilmərəm. Eyni zamanda, koronavirus xəstələri barədə heç bir məlumat gizlədilmir, bütün məlumatlar müvafiq normalar çərçivəsində ictimaiyyətə elan olunur.

- Bütün klinikalarda olduğu və TƏBİB-in də brifinqlərdə elan etdiyi kimi, koronaviruslu xəstələrin müalicəsinə cəlb edilən tibb işçiləri içərisində (həkim və tibb bacıları, kiçik işçi personal və s.) virusa yoluxanlar var. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibbi heyəti arasında neçə yoluxma müəyyən edilib?

- Əlbəttə, bütün tibb müəssisələrində olduğu kimi, bizim institutda da tibbi personal arasında koronavirusa yoluxma halları olub. Onlar arasında dörd nəfər həkim olub. Eyni zamanda, tibb bacıları və personalın digər üzvləri də olub. Əksər yoluxmalar mayın sonu və iyun aylarında baş verib ki, bu da sərt karantinin yumşaldılması vaxtına təsadüf edir.

- Həkim-cərrah Barat Bayramov da koronavirusa yoluxan əməkdaşlarınızdan biri olub. Onunla bağlı mediada bir qədər mübahisəli məlumatlar getdi. İstərdim, bir qədər də bu barədə danışasınız.

Bəli, Barat Bayramov da virusa yoluxan həkimlərimizdən biri idi. Bilirsiniz ki, bu barədə qərəzli məlumatlar yayıldı. İstər sosial mediada, istərsə də bir sıra kütləvi informasiya vasitələrində onun və ailəsinin koronavirusa yolxumasını institutla əlaqələndirməyə çalışdılar. Lakin bu, heç də belə deyildi.

Bu barədə bizdən öncə Barat Bayramovun qardaşı sosial şəbəkədə paylaşım edərək, məsələyə aydınlıq gətirib. Məlum olub ki, Barat Bayramovun həyat yoldaşı iştirak etdiyi yığıncaqlardan birində virusa yoluxduğundan, həkimdən bir həftə öncə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunurdu. Ailə içində yoluxma bu şəkildə başlayıb. Bizim bir neçə işçimiz də məhz belə, institutdan kənarda, qohum-əqrabadan, qohum-qonşudan, ictimai yerlərdə, daha çox yas mərasimlərində və s. virusa yoluxmuşdular.

- Həkimlərdən ölənlər olubmu?

Təəssüf ki, həkim-bronxoloq, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru, institutun ftiziatriya üzrə yeganə tibb elmləri doktoru Faiq Ağayev bu xəstəlikdən dünyasını dəyişdi. Gec müraciət etdiyinə görə həkimlərin bütün səylərinə rəğmən, onun həyatını xilas etmək mümkün olmadı. Biləsiniz, nə böyük ürək ağrısı keçirdik, onun ölümündən necə kədərləndik. Ən çox təsir edən də o oldu ki, epidemiya başlanan gündən biz Faiq müəllimi qoruyurduq, əvvəl Nazirlər Kabinetinin qərarına əsasən, ona işə gəlməməyi, sonra məzuniyyətə getməyini təklif etdik, lakin Faiq müəllim vaxtaşırı işə gəlirdi. Onu da qeyd edim ki, Faiq Ağayev koronaviruslu xəstələrlə işləmirdi, o, işə gəlsə də, elmi işləri ilə məşğul idi. Güman edirik ki, Faiq Ağayev xəstəliyə institut daxilində yoluxmayıb.

Həmkarlarının dediyinə görə, o, təəssüf ki, qoruyucu vasitələrdən bir o qədər ciddi istifadə etmirdi. Hətta yoluxduğunu və özünü pis hiss etdiyini də uzun müddət bildirmədi ki, vaxtında müalicəyə qoşulsun. Biz buna çox təəssüfləndik. Bütün kollektivimiz Faiq Ağayev kimi həkimi itirdiyinə məyus oldu. Allah ona rəhmət eləsin.

- Həqiqət xanım, bir neçə ay bundan əvvələ qədər sosial şəbəkələrdə, eləcə də bir çox kütləvi informasiya vasitələrində (Oxu.az-da daxil olmaqla) Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı neqativ məqamlar qabardılırdı. Bunun səbəbi nədir, sizcə?

- Bilirsiniz, mediada Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun əleyhinə aparılan qarayaxma kampaniyası artıq iki ildən artıqdır ki, davam edir. 2017-ci ilin fevral ayından mən bu instituta direktor vəzifəsinə təyin olunmuşam və demək olar ki, bir az sonra məlum hadisələr başlayıb.  

Hadisələri açıqlamazdan əvvəl özüm haqqında qısa məlumat verim, çünki həmin mənbələrdə mənim guya mütəxəssis olmadığım haqqında yanlış məlumatlar yayılır və mən bunlara müəyyən səbəblərə görə indiyə qədər cavab verməmişəm.

1973-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib, müalicə işi üzrə həkim ixtisası almışam, lakin o zaman Azərbaycan Dövlət Tibb İnstitutunun gənc kadrlara ehtiyacını nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən ATU-nun mikrobiologiya kafedrasına baş laborant vəzifəsinə göndərilmişəm. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkədə ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması proqramı çərçivəsində 1974-cü ildə Moskvaya - Virusologiya İnstitutuna məqsədli aspiranturaya göndərildim və 1977-ci ildə orada virusologiya ixtisası üzrə namizədlik dissertasiya işini müdafiə etdim. Hazırda yaşadığımız virus mənşəli epidemiya bir daha ulu öndərin uzaqgörənliyini təsdiq edir və onun rəhbərliyi altında ölkədə peşəkar virusoloqların hazırlanması məsələsini bir daha gündəmə gətirir.

Aspiranturanı bitirdikdən sonra Virusologiya İnstitutunda qalıb işləmək təklifini alsam da, vətənimə qayıdıb, burada biliklərimi tətbiq etməyi üstün tutdum. O vaxtdan indiyə qədər Azərbaycan Tibb Universitetinin tibbi mikrobiologiya və immunologiya kafedrasında assistent, dosent, professor və hazırda kafedra müdiri vəzifəsində çalışıram. Minlərlə tələbələrin ixtisasım üzrə yüksək biliklərə yiyələnməsinə nail olmuşam və bununla fəxr edirəm. Mikrobiologiya üzrə tibb elmləri doktoru elmi dərəcəsini, eləcə də mikrobiologiya və immunologiya üzrə professor adını almışam. 300-ə yaxın elmi işin, o cümlədən, monoqrafiya, dərslik, patent, elmi məqalə və s. müəllifiyəm.

Sonra virusologiya üzrə mütəxəssis olduğumu nəzərə alaraq və ölkədə QİÇS-lə bağlı vəziyyətin qeyri-qənaətbəxş olmasına görə, Səhiyyə Nazirliyi tərəfindən 2006-ci ildə Respublika QİÇS-lə mübarizə Mərkəzinə rəhbər təyin edilmişəm və 6,5 il orada işləmişəm. Bu illər ərzində Səhiyyə Nazirliyinin rəhbərliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının  (ÜST) və Qlobal Fondun (GF) proqramları çərçivəsində QİÇS-lə mübarizə işində müsbət dəyişiklər baş verib, ölkədə İİV müayinə sistemi qurulub, xəstələrə yardım sistemi təşkil olunub. Azərbaycanda bu istiqamətdə müsbət nəticələrin əldə edilməsi ÜST-ün və GF-nin ekspertləri tərəfindən dəfələrlə qeyd edilib.

2017-ci ilin fevral ayında Səhiyyə Nazirliyi tərəfindən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna (ETACXİ) direktor vəzifəsinə göndərildim. Təyinat zamanı ölkədə vərəmin, o cümlədən dərmanlara davamlı vərəmin yayılmasının qarşısının alınması və vərəm əleyhinə xidmətin işinin gücləndirilməsi vəzifəsi qarşıma qoyulub. Bunları deməkdə məqsədim insanlara mənim Elmi-Tədqiqat Ağciyər İnstitutuna direktor vəzifəsinə təsadüfən təyin edilmədiyimi bildirməkdir. Çünki tanımayanlar haqqımda deyilən qarayaxma və böhtanlara inanırlar.

Qeyd olunan söz-söhbətin, yalan məlumatların yayılmasının isə səbəbi birmənalı olaraq qərəz və qarayaxma kampaniyasıdır. Məlum hadisələr də odur ki, həmin vəzifənin icrası zamanı institutda qayda-qanuna tabe olmaq istəməyən həkimlərdən ikisi işdən azad olunub, üçü öz xahişı ilə işdən çıxıb, ikisi şöbə müdiri vəzifəsindən sıravi həkim vəzifəsinə keçirilib. Bütün bunlardan sonra bu günə qədər institut haqqında bu cür qərəzli informasiyaların tirajlanmasına başlanılıb.

- Sizin işə başladığınız zaman bir neçə həkimi işdən azad etdiyiniz də deyilirdi. Hətta iddia olunurdu ki, bu qərəzli şəkildə verilən qərar olub. Elədirmi?

- Mən institutda işə başlayan zaman burada çox böyük problemlər, xəstələr tərəfindən çoxsaylı şikayətlər (Youtube kanalı və digər internet resursları vasitəsilə ictimaiyyətləşdirilən), bəzi korrupsiya və özbaşınalıq halları mövcud idi. 400 nəfərdən çox əməkdaşı olan institutda ilk gündən neqativ halların aradan qaldırılması sahəsində tədbirlər görüldü və bir neçə ay ərzində nizam-intizam təşkil edildi, özbaşınalıq halları və xəstələrdən şikayətlər minimuma endirildi.

Lakin bəzi əməkdaşlar illərlə işlədiyi anormal formada işləmələrinə davam etməyə çalışdılar və nəticədə, onlara qarşı intizam tənbeh növləri tətbiq edildi. Belə həkimlərdən olan həkim-reanimatoloq Vuqar Səfərov dəfələrlə nizam-intizam qaydalarını pozaraq, qeyri-qanuni şəkildə vəzifə səlahiyyətlərinə uyğun olmayaraq, qeydiyyatsız xəstə qəbul edib, müalicə edərək, dərman təyin edirdi və bu hallara görə töhmət, şiddətli töhmət alaraq, nəticədə, işdən azad edilib. Məhkəməyə müraciət etsə də, məhkəmə onun işdən azad etməsini qanuni hesab edib, iddiasını təmin etməyib. 

Qayda-qanunla işləməyə razılaşmayan digər həkim uşaq vərəmi şöbəsinin əməkdaşı Səbinə Məmmədovadır. O, əvvəllər həmin şöbənin müdiri olub, lakin baş vermiş uşaq ölümünə görə vəzifədən kənarlaşdırıldı və adi həkim kimi işləyirdi. Dəfələrlə nizam-intizam qaydalarını pozduğuna, vərəm xəstəsi olan tələbəyə sağlam olması barədə saxta arayış verdiyinə, xəstə uşağa düzgün müayinədən keçmədən yanlış müalicə təyin etdiyindən və nəticədə, uşağın səhhətinin ağırlaşmasına səbəb olduğundan işdən azad edilib. Lakin sonra S.Məmmədova məhkəməyə müraciət edib və işə bərpa tələbi irəli sürüb. Birinci instansiya məhkəmədə xəstə uşağın müalicəsinin düzgün aparılıb-aparılmaması barədə ekspertiza təyin edildi və ekspertlərin rəyinə görə, S.Məmmədovanın müalicəni düzgün aparmadığı məlum oldu, bu səbəbdən də, iddianın əsassız olduğu barədə qətnamə çıxarıldı. Appelyasiya məhkəməsi təkrar ekspertiza təyin etdi və ikinci dəfə ekspertlərin rəyi S.Məmmədova tərəfindən müalicənin düzgün aparılmamasını təsdiq etdi. Lakin bunu nəzərə almadan məhkəmə kollegiyası iş materiallarında olan sübutlara və prosessual normalara baxmayaraq, S.Məmmədovanın işə bərpa edilməsi barədə qərar qəbul etdi. Ali Məhkəmənin mülki kollegiyası isə işin hallarını araşdırmamış bu qərarı qüvvədə saxladı.

İşdən azadolunmalar 2018-ci ilin yanvar və fevral aylarına baş verdi. Elə həmin vaxtdan etibarən işdən azad olunanlar, eləcə də öz istəyi ilə işdən ayrılanlar (Cəmil Ələkbərov, Ruhiyyə Abdullayeva, Elşən Həsənov), hətta institutda qalıb işləyənlər (Xatirə Əliyeva, Aygün Alxasova, Aynur Əsədli) mənə və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna qarşı qarayaxma kampaniyasına başladılar.

- Həqiqət xanım, bu, çox ciddi açıqlamalardır. Bəs bu istiqamətdə hüquqi addımlar nə üçün atılmayıb?

- Bilirsiniz, mən yaşıma, elmi rütbəmə, vəzifəmə, cəmiyyətdə olan yerimə hörmət edərək, etik normalardan uzaq olan insanlarla nə diskussiyalara girmədim, nə də məhkəmələrə müraciət etmədim. Lakin onlar bu addımı atanda institutun hüquqşünası və vəkili vasitəsilə cavab vermək məcburiyyəti qarşısında qaldım.

Məhkəmə proseslərin getdiyi iki ilə yaxın müddət ərzində adlarını çəkdiyim həkimlərdən ilk öncə Səbinə Məmmədova və onun tərəfdaşı olan, özünü ictimai vəkil adlandıran Samir Zeynalov mənim və institutun fəaliyyəti haqqında təxribat, yalan, böhtan və təhqiredici məlumatlar yayıblar. Samir Zeynalov məhkəmələrdə qışqır-bağır salmaqla  S.Məmmədovanı müdafiə etməyə cəhd edirdi, halbuki o, heç bir məhkəmə prosesində hüquq müdafiəçisi kimi subyektiv hüquqa malik olmayıb. Sonradan məkrli işini mediada davam etdirdi.

Dediklərimi təsdiq edən kifayət qədər məlumatlar var, sadəcə, mən bu kimi insanlara fikir verməyi özümə yaraşdırmıram. Amma gərək olarsa, həmin insanların hansı şəkildə, hansı məqsədlərlə məkrli iş gördüklərini açıq şəkildə sübut edən məlumatları müvafiq qurumlara təqdim edə bilərəm.

Açıq şəkildə təxribatçılıq və pozuculuq fəaliyyəti ilə məşğul olan bu insanlar çoxsaylı əsassız iddialarla Prezident Aparatına, Səhiyyə Nazirliyinə, Həmkarlar komitəsinə, Milli Məclisə, İcbari Tibbi Sığorta Agentliyinə, TƏBİB-ə, hüquq-mühafizə orqanlarına və s. müraciət ediblər və etməkdə davam edirlər. Bununla bağlı sorğulara cavab hazırlamaq məcburiyyətində oluruq ki, bu da gərgin iş rejimində işlədiyimiz zaman əlavə vaxt itkisinə və əsəb gərginliyinə səbəb olur.

Eyni zamanda, qrup iştirakçıları yanlış və qərəzli məlumatları media vasitəsilə dərc etməyə başladılar və mənim nüfuzuma, institutun imicinə xələl gətirməyə çalışdılar.

Yuxarıda qeyd etdiyim səbəblərə görə, bunlara indiyə qədər reaksiya verməmişəm, lakin 23 iyul tarixində saytlardan birində dərc edilən yazıda Səbinə Məmmədovanın şərəf və ləyaqətimə toxunan ifadələr işlətməsi məni bu məsələlərə reaksiya verməyə məcbur etdi. Qarabağ uğrunda qəhrəmancasına döyüşən şərəfli vətən oğullarımız şəhid olduğu zaman, ölkə rəhbərlərinin vurğuladığı kimi, hər kəsin iş yerində vicdanla çalışması ilə vətənə borcunun verilməsi kimi qiymətləndirilməsi çağırışı səslənəndə, mənim bu yaşımda gecə-gündüz iş başında olmağımı və gərgin iş rejimində çalışmağımı S.Məmmədova həyasızcasına qanımın təmiz olmaması ilə izah edir və təhqiramiz ifadələr işlətməkdən çəkinmir. Məntiqdən uzaq olan bu ittihamlara görə o, qanun qarşısında cavab verməli olacaq.

- Samir Zeynalovu həmin şəxslərlə bağlayan nədir?

- Bu barədə sosial mediada kifayət qədər məlumat var. İnstitutun hüquqşünasında və mənim vəkilimdə də Samir Zeynalov barədə çoxlu materiallar var, istənilən vaxt onları sizə təqdim edə bilərəm. Dövlətçilikdən, qanun-qaydadan danışan bu insan özü etiraf edir ki, əsgərlikdə olan zaman 62 əsgər üzünə durdu, demaqoq adlandırıldı, dəlixanaya salındı, sonra həbs edildi. Bu cür insana müraciət edən həkimə və onların birlikdə səsləndirdikləri absurd fikirlərə nə deyəsən? Birmənalı olaraq bu, səviyyəsizlikdən başqa bir şey deyil.

- Həqiqət xanım, qeyd etdiyiniz kimi, iki ilə yaxındır belə qarayaxma kampaniyası ilə mübarizə aparırsınız. Qeyd etdiyiniz məqamların bir hissəsi ilə razıyam. Amma şəxsən mən dəfələrlə sizinlə əlaqə saxlayıb məsələyə münasibət almağa çalışmışam. Lakin, təəssüf ki, sizdən mövqe öyrənə bilməmişəm. Düşünürəm ki, bu proseslərə zamanında verilən açıqlama qeyri-dəqiq və əsassız iddiaların daha geniş vüsət almasının qarşısını ala bilərdi. Nə üçün daha əvvəl münasibət bildirmək istəmədiniz?

- Müəyyən qədər sualınızı artıq cavablandırmışam, yəni bu cür adamlarla söz döyüşdürməyi özümə rəva bilməmişəm. Bir də nəzərə almaq lazımdır ki, mən dövlət müəssisəsini təmsil edirəm və bu cür addımları tabeçiliyində olduğum qurumlarla razılaşdırmalıyam. Məsələ barədə dəfələrlə istər Səhiyyə Nazirliyi, istərsə də TƏBİB tərəfindən bildirilib ki, bu kimi əsassız söz-söhbətlərə cavab verməyə ehtiyac yoxdur. Lakin bizim cavab verməməyimizi kimlərsə ittihamlarla razılıq kimi başa düsməsin deyə, eləcə də sizin bir jurnalist kimi peşə etikasına sadiq olduğunuzu nəzərə alaraq, suallarınızı cavablandırıram.

- İnstitutun baş həkimi açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim çatışmazlığı olduğunu, xüsusilə də həkim-reanimatoloq vəzifəsinə altı vakant yerin olduğunu deyib. Bu məqam həm çaşqınlıq yaradıb, həm də neqativ faktların daha da qabardılmasına rəvac verib.

- Baş həkim, doğrudan da, mediaya belə bir açıqlama vermişdi. Bəli, həqiqətən də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bu gün də həkim-reanimatoloq vəzifəsinə altı vakant yer var. Buna baxmayaraq, əvvəl Səhiyyə Nazirliyi tərəfindən, pandemiya dövründə isə TƏBİB tərəfindən instituta həkim-reanimatoloqlar təhkim olunurlar və hazırda institutda doqquz peşəkar həkim-reanimatoloq çalışır. Onlar 24/7 rejimində hər səkkiz saatdan bir dəyişərək, reanimasiya şöbəsində olan xəstələrə yüksək ixtisaslı yardım göstərirlər.

- İnstitutda bir ay ərzində 20-dən çox ölüm faktının olmasına səbəb həkim çatışmazlığı olurdu, yoxsa necə?

- Birincisi, onu qeyd edim ki, bu ilin yanvar ayına aid olan bu məlumat qərəzli, yanlış şəkildə verilib. Əslində, 18 ölüm hadisəsi baş verib. Buna də səbəb həm instituta daxil olan xəstələrin sayının artması, həm də ağır vərəmli və ağciyərin digər patologiyaları olan xəstələrin məhz bizim institutda müalicə olunmasıdır. Təkcə vərəmlə bağlı xatırlamaq istərdim ki, hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də infeksiyadan ən çox ölüm halları məhz vərəmlə bağlıdır. Onu da deməliyəm ki, keçən illə müqayisədə bu il daxil olan pnevmoniyalı xəstələrin sayı 60% artıb.

Ikinci, bildirirəm ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ölüm haqqında məlumat heç vaxt gizlədilməyib. Hər bir tibb müəssisəsində olduğu kimi, bizim institutda da vəziyyəti ağır olan xəstələr olub ki, aparılan müalicələrə rəğmən, onların həyatını xilas etmək mümkün olmayıb. Sadəcə olaraq, digər xəstəxanalardan fərqli olaraq, bizim institut haqqında sifarişli, qərəzli yazılar gedirdi. Heç kəs də düşünmürdü ki, niyə məhz Ağciyər Xəstəlikləri İnstitutu? Başqa tibb müəssisələrində ölüm faktları olmurmu?

Hamıya bəllidir ki, digər tibb müəssisələrdə də xəstələr ölür, hətta bəzilərində ölüm faktı daha çox olur. Lakin Samir Zeynalovun və ona məlumat ötürən bir neçə işçinin, eləcə də sensasiya naminə yoxlanılmamış məlumatları dərc edən jurnalistlərin səyləri nəticəsində yalnız bizim institut haqqında yazılar gedir.

Yenə deyirəm, ağır xəstəlikləri olan pasiyentlərin həyatını xilas etmək üçün tibb işçiləri əllərindən gələni edir. Amma təəssüf ki, tibb müəssisələrinin hər birində ölüm faktı yaşanır. Bayaq da dediyim kimi, qeydə alınan ölüm faktlarının həkim çatışmazlığı ilə əlaqəsi yoxdur.

- Ümumiyyətlə, Samir Zeynalov və ya digər kimilərinsə sizinlə, yoxsa Ağciyər Xəstəlikləri İnstitutu ilə şəxsi problemi olduğunu düşünürsüzmü?

Bu şəxsin bizimlə bağlı qarayaxma kampaniyası Səbinə Məmmədovanın işdən azad olunması ilə başlayıb. Bu insan, sadəcə olaraq, sifariş yerinə yetirir. Təəssüf ki, bu gün institutda çalışan bəzi işçilər ona müəyyən məlumatları təhrif olunmuş formada ötürür. Bunu Samir Zeynalov özü də səhifəsində açıq-aşkar yazıb. Hətta siz onun paylaşdığı statuslara nəzər yetirsəniz, görərsiniz ki, aralarında mübahisə olduğu zaman etdiyi paylaşımlarla həmin şəxslərin özlərini də ifşa edir.

- İnstitutdan reportaj hazırladığımız zaman palatalarda müalicə alan xəstə yaxınları müəssisənin vəziyyətinin ürəkaçan olmadığını demişdi. İsti su probleminə, təmizlik məsələsinə çox toxunurdular. Bu istiqamətdə fikirlərinizi bilmək istərdik.

Yalnız onu təəssüflə deyə bilərəm ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binaları müasir tələblərə cavab vermir və təmir-bərpa, hətta yenidənqurma işlərinə ehtiyacı var. Amma bütün hallarda binaların vəziyyəti xəstələrin müalicə və baxım prosesinə ciddi mənfi təsir etmir.

- Belə məlumatlar var ki, ərizənizi yazıb, işdən çıxmaq istəyirsiniz. Doğrudurmu?

Bəli, mən, doğrudan da, ötən ayın ortalarında işdən azad olunmağım xahişi ilə TƏBİB-in rəhbərliyinə müraciət etmişdim. Bilirsiniz, kifayət qədər iradəli insanam, amma bu cür gərgin işin qarşısında hələ mənəvi təzyiqə da dözmək çətindir. İnstituta rəhbər təyin olunan gündən həm müəssisə daxilində, həm də bütün ölkədə vərəm əleyhinə aparılan işlərə, üstəgəl COVID-19 pandemiyası ilə bağlı mübarizə tədbirlərinin təşkili və həyata keçirilməsinə cavabdeh olaraq, gecə-gündüz işləmək və tabeliyimdə olanlardan yalnız qanun çərçivəsində işləməyi tələb etməyimə baxmayaraq, hansısa şərəfsizlər mənə mediada böhtan yağdırsın və təhqir etsin. Buna kim dözər?

Qeyd etməliyəm ki, TƏBİB rəhbərliyi mənim ərizəmi qəbul etməyib və institutda mənə ehtiyac olduğunu bildirib. Eyni zamanda, bu kimi söz-söhbətlərə son qoyulması xahişimə cavab olaraq, baş verənlərlə bağlı mediada məlumat verməyimə etiraz etməyib.

Onu da əlavə etməliyəm ki, institutda işlədiyim illər ərzində baş həkim və onu əvəz edən həkim başda olmaqla, mənimlə həmrəy olan və çiyin-çiyinə çalışan institutun bir çox əməkdaşları, o cümlədən Vərəmlə mübarizə üzrə Milli Proqram çərçivəsində çalışan işçi qrupunun üzvləri mənim getməyimə razı olmadıqlarını bildirdilər.

Mən də bütün bunları, həm də COVID-19 pandemiyasının hələ də davam etdiyini nəzərə alaraq, işdə qalmaq qərarına gəldim.

- Bəzi müəssisələrdə işdən çıxmaq istəyən işçilərin olduğu, onlara təzyiqlərin edildiyi deyilir. Sizin müəssisədə necə, bu kimi məqamlara rast gəlinirmi?

Xeyr, bizim institutda belə hal yaşanmayıb. Risk qrupunda olan işçilər dövlətin verdiyi imkanlardan yararlandılar və işə gəlmədilər, sonra bəzilərinə məzuniyyət verildi, lakin əksər işçilər işdən qalmadı. Pandemiya dövrüdür, çətin vəziyyətdir, həkim çatışmazlığı problemi var. Bu şəraitdə bizim əksər işçilərimiz əsl vətənpərvərlik, həkim andına sadiqlik və peşə məsuliyyəti nümayiş etdirərək, işlərindən qalmırlar və xəstələrə lazımi yardımı göstərirlər.

Ümumiyyətlə, mənim düşüncələrimi soruşsanız, istisna hallardan başqa, digər səbəblərdən bu cür vəziyyətdə işdən imtina edən həkimlərimiz, mənə görə, fərarilik edir. Bu gün xalqın həkimlərə ən çox ehtiyacı olan zamandır. Biz xəstələri necə həkimsiz qoyaq? Pulmonologiya və infeksion xəstəlikləri həkimlərin çatışmazlığına görə, digər ixtisaslı həkimlər - cərrahlar, pediatrlar, oftalmoloqlar, ginekoloqlar və s. koronavirusla mübarizəyə cəlb olunub və imkan daxilində xəstələrə yardım edirlər.

- Həkimlərin istirahət məsələləri ilə bağlı bir çox tibb müəssisələrində problemli müzakirələr olub. Sizin direktoru olduğunuz müəssisədə necə, bu istiqamətdə narazılıq edənlər olubmu?

Həkimlərimiz növbəli iş rejimində çalışır. Üç növbə təyin edilib: səhər saat 09:00-dan 15:00-a qədər, 15:00-dan axşam saat 21:00-a qədər və 21:00-dan səhər saat 09:00-a qədər. Gecə növbəsində çalışan həkimlərimiz növbəti gün işdən azad olunur. Onların istirahətinə mütləq şəkildə zaman ayrılır. İşçilərin məzuniyyətə getməsini də təşkil edirik. Bütün bu proseslər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun şəkildə tərtib olunur və tənzimlənir.

- Həqiqət xanım, tez-tez sosial şəbəkələrdə pandemiya dövründə koronaviruslu xəstələrlə çalışan həkimlərimizə maaşlarının üç, dörd, hətta beş mislinin verilməsi ilə bağlı narazılıqlar paylaşılır. İddia edilir ki, bu əlavələr ödənilmir. Sizin heyət necə, ölkə başçısının verdiyi qərara uyğun olaraq əlavələrini alıbmı?

- Bu məsələdə hansısa qaranlıq məqamın olduğunu düşünmürəm. Bildiyiniz kimi, ölkə başçısının qərarına uyğun olaraq, İcbari Tibbi Sığorta Agentliyi tərəfindən COVID-19 infeksiyası ilə mübarizə aparan müəssisələrin işçilərinə əmək fəaliyyətindən asılı olaraq, maaşların üç, dörd və beş misli dəyərində əlavələr ödənilib. Beləliklə də, pandemiya dövründə fədakarlıq göstərən işçilərimizin zəhməti yüksək şəkildə qiymətləndirilib. Hər kəs həmin əlavələri alıb və bu istiqamətdə bizim institutda heç bir problem yoxdur.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri