"Hacıbəyova soyadı mənim üçün birinci növbədə fəxrdir, həm də məsuliyyətdir. Amma deməzdim ki, ilham verən bir pərdə, bir təkandır. Çünki mən hansı soyadı daşıyıramsa daşıyım, öz işimi layiqincə görəcəyəm. Musiqini çox sevirəm. Mənə güc verən də musiqiyə və xalqıma olan məhəbbətimdir. Düşünürəm ki, hansı soyadı daşımasından asılı olmayaraq insan əvvəl özünə cavabdeh olmalıdır. Kimin gəlini, həyat yoldaşı olursa olsun, hansı soyada mənsub olursa olsun, hər adam öz işinə cavabdehdir və heç kimin yaradıcılığından bəhrələnməli deyil."
Bunu Milli Musiqi Günü münasibəti ilə Oxu.Az-a verdiyi videomüsahibədə Xalq artisti, tanınmış pianoçu Ülviyyə Hacıbəyova deyib.
Videomüsahibəmizdən bir hissəni təqdim edirik:
- Ülviyyə xanım, Azərbaycan musiqi tarixinə üç nəsil bəstəkarlar bəxş edən Hacıbəyovlar nəslinin gəlinisiniz. Simfonik musiqimizin banilərindən biri olan Soltan Hacıbəyovun oğlu, bəstəkar İsmayıl Hacıbəyovla ailə qurmusunuz. İsmayıl bəylə yollarınızın birləşməsinin maraqlı bir tarixçəsi var. Bölüşsəydiniz, minnətdar olardım.
- Bu, maraqlı, qəmli, kədərli və fəxr dolu bir hekayədir... Çünki İsmayıl Hacıbəyov mənim kumirim olub - bir bəstəkar kimi. Mən məktəbdə oxuyanda, 10-cu, 11-ci siniflərdə - həmişə onun əsərləri olan vallara qulaq asardım, onları bağrıma basıb yatırdım. Sonralar bəstəkarlıqla məşğul olanda isə Xalq artisti Qara Qarayevin oğlu Fərəc Qarayevin sinfində təhsil aldım. Ona görə ki, o vaxtlar İsmayıl Hacıbəyov bəstəkarlıqdan dərs demirdi. Fərəc müəllimlə dərslərimiz qurtarandan sonra mən həmişə oturub gözləyirdim ki, indi İsmayıl Hacıbəyov gələcək, orkestrləşmə dərsi deyəcək, onu heç olmasa uzaqdan görüm (gülür). Bu, ilk kurslarda oldu. Onu görəndən sonra gedirdim evə və ürəyim rahat olurdu ki, onu uzaqdan da olsa görmüşəm (gülür).
Lakin sonralar özümdə ürək tapdım və əsərini ifa etmək üçün İsmayıl Hacıbəyova yaxınlaşdım və üçüncü kursda artıq onun əsərlərini ifa etməyə başladım. Lakin o vaxt ağlımda heç bir fikir yox idi. Çünki İsmayıl Hacıbəyov mənim üçün əlçatmaz bir kumir idi.
- Platonik bir sevgi, yəni…
- Bəli (gülür)... Ümumiyyətlə, mənim üçün başqa sevgi ola bilməzdi. Bizim ailə çox ciddi ailə olub. Başqa cür heç nə ola bilməzdi. Hər addımımızı izləyirdilər. Atam elə şeylərə icazə vermirdi. Amma sonra elə gözəl əsərlər ifa etməyə başladım və bu, deyəsən qarşılıqlı hörmətə çevrildi. Və sonra, və sonra, və sonra, və sair və ilaxır... (gülür)
- Bəs "və sair və ilaxırın sonunda", yəni İsmayıl bəy sizə öz fikrini deyəndə, o platonik sevginizin reallaşdığı an nə hiss etdiniz?
- Həəə, o biraz... (susur). Çox şəxsidir e… (qıyqacı baxışlarla gülümsəyir).

- Bir insan duyğusunun necə dəyişməsi maraqlıdır axı. Platonik, heç ağla gəlməyən bir sevgi, günlərin bir günü yolun kəsişir və məlum olur ki, sən artıq bu insanın ömür-gün yoldaşı olursan...
- (Сavab verməyə tərəddüd edir) Bilirsiniz, çox da danışmaq istəməzdim, çox şəxsidir e (gülümsəyir).
- Ülviyyə xanım, İsmayıl müəllimin həyat yoldaşı olduqdan sonra onunla bir yerdə çalışmaq yaradıcılığınıza hansı töhfələri verdi?
- İsmayıl müəllimlə - mən ona İsmayıl deyirdim. Sevmirəm yoldaşına "müəllim" deyəndə, o sənin həyat yoldaşındır da (gülümsəyir). Belə deyim sizə - mənim ən böyük müəllimim atam, filoloq Vaqif Vəliyev olub. Ondan sonra həmişə deyirəm ki, mən ikinci aspiranturanı İsmayılın evində keçmişəm. İsmayıl Hacıbəyov mənim müəllimim olub. Yəni demək istəyirəm ki, ondan çox şey öyrənmişəm.
Ondan başqa Vaqif Səmədoğlunun mənim musiqiçi olmağıma hədsiz dərəcədə böyük təsiri olub. Kiçik yaşlarımdan əsər yazırdım və anam mənim hər yazdığımı Vaqif Səmədoğluya göstərirdi. Nəsə ifa edən kimi deyirdi, "Vaqif, gəl, buna qulaq as".

Vaqif Səmədoğlu məni aparardı Vaqif Mustafazadənin yanına, deyərdi ki, qulaq as, gör bu necə ifa edir, hansı əsərini götürərsən? O da bir əsər götürürdü, deyirdi məsələn, bunu ifa edərəm. Amma mənim hədsiz dərəcədə çox ciddi xasiyyətim olduğu üçün deyirdim yox, hələ tezdir, layiq deyiləm. Vermirdim əsəri. Müslüm Maqomayev atamla dostluq edirdi. Mənə deyirdi ki, əsərlərini ver, oxuyum, birlikdə çıxaq səhnəyə. Yenə deyirdim, yox, mən hələ buna layiq deyiləm. Amma indi çox peşmanam. Hədsiz çox peşmanam ki, bu cür böyük şəxsiyyətləri yaxın buraxmamışam. Təvazökarlıq mənə çox böyük zərbə vurub.
- Dediniz ki, atanız filoloq olub. Bəs necə oldu ki, musiqini seçdiniz? Ümumiyyətlə, musiqi sevgisi sizə haradan gəlib?
- Musiqi mənə anam tərəfdən keçib. Anam fortepianoda əla ifa edirdi. Böyük dayım Tofiq prokuror işləyirdi, amma "Leyli və Məcnun"un tar hissəsini başdan ayağa aparırdı. Kiçik dayım geoloq idi, amma tarda və pianinoda əla ifa edirdi.
Mənim musiqiçi olmağım necə olub, deyim sizə. Biz üç bacı, üçümüz də musiqini bitirmişik. Amma böyük bacım bir az axsayırdı. Düzü, o qədər də çox sevmirdi musiqini. O, bir əsəri çalmaq üçün çox öyrənirdi. Bir dəfə anam eşidir ki, əsər yaxşı ifa olunur, fikirləşir ki, nə yaxşı öyrənib. Mətbəxdən gəlir ki, tərifləsin, görür ifa edən mənəm (gülür). Təəccübdən əlindəki bütün qablar düşüb qırılır (gülür). Tez zəng edir Vaqif Səmədoğluya ki, "Vaqif, gəl bura, bax, bunun üç yaşı var. Gör pianinoda necə ikiəlli ifa edir". Yəni təsadüf nəticəsində alınıb. Mənə bunu öyrətməyiblər, özüm başlamışam ifa etməyə. Yəni əslində məni yox, bacımı musiqiçi etmək istəyirdilər (gülür)...

- Ülviyyə xanım, deyirlər ki, 60-cı illəri istər musiqi, istər ədəbiyyat, istərsə də digər incəsənət sahələrində intibah dövrü adlandırmaq olar. Sanki ən sanballı əsərlər məhz 60-70-ci illərdə yaranıb. Bugünkü musiqimizə baxanda bir professional musiqiçi kimi sizi nə qane etmir? Sizcə bu gün hər şey qaydasındadır?
- Çox şey qaydasındadır, çox şey də qaydasında deyil. Məsələn, deyirsiniz ki, sizi nə vadar etmişdi musiqiçi olmağa, haradan eşidirdiniz? O vaxt cəmiyyət çox kömək edirdi. Mən kiçik yaşlarımda radionu açırdım, simfoniya eşidirdim. Soltan Hacıbəyovun simfoniyalarını, Cövdət Hacıyevin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun əsərlərini, muğam simfoniyalarını eşidirdim, onlarla böyüyürdüm, bayağı mahnılarla yox.
O cür mahnılar da var idi əlbəttə ki. Lakin "palatka" deyilən bir məfhum var. O tip musiqilər toylarda eşidilirdi ancaq. İndi isə təbliğatda hər şeyə yer verilir. Əlbəttə mən deyə bilmərəm ki, niyə yer verilir. Əgər bir şeyin sevəni varsa, onu da sevgisiz buraxmaq olmaz. Çünki o da Azərbaycan xalqının nümayəndəsidir. Amma yavaş-yavaş təbliğatı artırmaq, insanları yetişdirmək lazımdır.
Vaxtilə Niyazi konfranslarda həyəcan təbili çalıb deyirdi ki, mən, məsələn, İran və hind musiqisinin əleyhinə deyiləm, amma biz öz musiqimizə onları gətirməməliyik. Bizim musiqimizin öz çalarları var. İran musiqisinin bizim musiqiyə yerimək təhlükəsi var. Niyazinin qorxduğu artıq başımıza gəlir. İndi bizim musiqi hərdən öz yolunu itirir, hərdən axsayır, bir az gedir İran tərəfə. Düzdür, İran çox qədim, zəngin mədəniyyəti olan bir dövlətdir, mədəniyyətinin dərin kökləri var, amma biz öz musiqimizi yaşatmalıyıq. Bax, bu məsələ bir az məni narahat edir.
- Ülviyyə xanım, professional pianoçu, musiqiçi kimi tələbələrinizə ən çox aşılamaq istədiyiniz elə bir xüsusiyyət varmı ki, tələbələrinizə çatdırmaq istəyirsiniz, sizdən bir imza kimi qalsın?

- Çoxdur aşıladıqlarım. Mən onlara deyirəm ki, qiymət üçün oxumasınlar. Qiymət insana düzgün verilə də bilər, verilməyə də. Qiymət nisbi məsələdir. Bəlkə də eyni əsəri həmin gün deyil, başqa gün ifa etsəydi, daha yüksək qiymət alardı, yaxud da əksinə. Yəni qiymətə görə yox, biliyə görə oxusunlar, nəsə götürmək üçün oxusunlar.
Bir də ki, mən sevmirəm müsabiqələri. Müsabiqələrə hazırlaşırlar, eyni şeyi öyrənirlər, burada ifa edirlər, orada ifa edirlər və inkişafdan qalırlar. Mən müsabiqələrin əleyhinəyəm. İfaçını, pianoçunu səhnəyə alışdırmaq lazımdır, müsabiqəyə yox. Bu, mənim şəxsi fikrimdir. Ola bilər məndən çox təcrübəsi olan insanlar başqa cür fikirləşirlər. Mən heç vaxt öz fikrimi kiməsə mütləq təlqin etmirəm.
- Deyirlər ki, yaradıcı insanlar komfort şəraitində güclü heç nə yarada bilmir. Siz necə düşünürsünüz?
- Yox, yox… o düzgün deyil. Komfort şəraitində mən daha yaxşı işləyərəm. İş olmayanda mən bilmirəm, nə edim. Məni diskomfortdan yaradıcılıq çıxarır. Arada oğluma deyirəm ki, qızdırmam var, xəstəyəm, deyir, inanmıram - bu dəqiqə kimsə zəng edib desə ki, filan yerdə konsert var, qaçıb gedib başlayacaqsan ifa etməyə (gülür).
- Deyirlər ki, İsmayıl müəllimin halı Şuşada güllələnmiş heykəlləri görəndə çox pis olubmuş...
- Bəli. Ümumiyyətlə, həmişə Qarabağdan danışanda o, ürəyini tuturdu. İsmayıl infarktdan rəhmətə getdi axı. Ümumiyyətlə, mən İsmayıl haqqında ilk onu demək istəyirəm ki, o, dahi olub.

Baxın, bu yaxınlarda İsmayılla Üzeyir bəyin həmmüəllif olduğu "Firuzə" operasının hissələri səsləndi. Üzeyir bəy "Firuzə" operasından Firuzənin səhnəsini və rəqsini yazmışdı, İsmayıl isə tamamilə bu operanı yazıb və axırıncı səhnələrin orkestrləşməsini onun istedadlı tələbəsi Rüfət Xəlilov yerinə yetirib. "Firuzə" operasının bir-iki saatlıq hissəsini filarmoniyada təqdim etdilər. O təqdimatda da, məşqlərdə də operadakı hər bir iştirakçı əsəri ifa etdikcə deyirdi ki, bu, dahiyanə əsərdir. Baxın, onlar Verdinin də, Puççininin də əsərlərini ifa edirlər, amma belə sözlər demirlər. Mən belə şey görməmişəm. Bu mənə həm böyük güc verir, həm də heyfslənirəm ki, niyə axı sən həyatda yoxsan, İsmayıl? Niyə sən bu günü görmürsən?
"Firuzə" operası Üzeyir bəyin axırıncı əsəridir İsmayılla bir yerdə - birinci nəsillə üçüncü nəslin, müştərək, necə deyərlər, axır nəticəsidir. Ona da vəsait tapılıb səhnəyə qoyulsa, mən xoşbəxtlərin xoşbəxti olaram. Özüm üçün yox, Azərbaycan incəsənəti üçün. Çünki o, mənə yox, Azərbaycan incəsənətinə lazımdır. Mən Azərbaycan üçün istəyərdim ki... Yazıq Azərbaycanın halına ki, o əsər səhnəyə qoyulmasın.



