Avqustun 1-i Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilən bu əlamətdar gün ana dilimizin, milli-mənəvi dəyərlərimizin və mədəni irsimizin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. 2003-cü il yanvarın 2-də Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qüvvəyə mindi və dövlət dilinin tətbiqi, inkişafı və qorunması istiqamətində hüquqi baza daha da möhkəmləndirildi.
Bu gün Azərbaycan dilinin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə olduğu kimi ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında ana dilimizlə bağlı səsləndirdiyi fikirlər həm cəmiyyətimizin müxtəlif təbəqələrini, xalqımızı düşündürən mühüm məsələlərdir, həm də bu işlə məşğul olan akademik qurumlar, təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyur. Dövlət başçısının "Biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik" fikri məsələnin nə qədər vacib və həssas olduğunu göstərir.
Bəs Azərbaycan dilinin bugünkü inkişaf mərhələsi necə qiymətləndirilir? Ana dilimizin saflığının qorunması istiqamətində görülən işlər hansı nəticələri verir?
Sabiq deputat, filologiya elmləri doktoru Nizami Cəfərov Oxu.Az-a müsahibəsində bildirib ki, bu əlamətdar günün tarixi və mənəvi əhəmiyyəti odur ki, Azərbaycan xalqı, ziyalıları ərəb əlifbasından daha münasib olan latın əlifbasına keçmək barəsində 19-cu əsrdən bəri mübarizə aparıblar:
"Amma sonra latın əlifbası repressiyaya uğradı və yerinə kiril əlifbası gəldi. Yenidən biz 1991-ci ildə latın əlifbasına qayıdanadək uzun bir müddət keçdi. Təxminən 10 il ərzində isə biz yenidən latın əlifbasının tətbiqi prosesini reallaşdırdıq. Bu iş o qədər böyük müvəffəqiyyətlə yerinə yetirildi ki, bu hadisəni Azərbaycan xalqının tarixində, yaddaşında saxlamaqdan ötrü ulu öndər avqust ayının 9-da ikinci bir fərman verdi. Bununla da avqust ayının 1-i Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd olunmağa başladı. Bu hadisə xalqımızın tarixində mənəvi, mədəni bir hadisədir.
- Azərbaycanda dövlət dili haqqında qanun ötən illər ərzində dövlət dilinin qorunması və inkişafına hansı töhfələri verib?
- 2000-ci illərin əvvələrində bu qanunun hazırlanmasında mən də iştirak eləmişəm. Hətta ondan qabaq işçi qrupunun rəhbəri olmuşam. Ona görə bu qanunun necə böyük bir həvəslə, maraqla Milli Məclisdə hazırlanmasının şahidi, həm də iştirakçısıyam. Amma buna ulu öndərin nə qədər böyük dəyər verdiyini də görmüşəm. Biz bu qanunu 2001-ci il 18 iyun fərmanının işığında hazırladıq. Bəlkə də o fərman olmasaydı, bizim hazırladığımız qanun da belə təsirli, dövlət dilinin qorunmasına yönəldilmiş bir səviyyəyə yüksələ bilməzdi. Yəni ulu öndərin müddəaları əsasında bu qanun hazırlandı və Azərbaycan dilinin qorunması üçün də çox mühüm təsiri oldu. Azərbaycan dili türk dillərindən biri kimi, xalqımızın mənəvi siması, milli özünəməxsusluqlarını göstərən ən mühüm, xalqı xalq, milləti millət edən bir amil kimi qoyulurdu və bu mülahizələr ulu öndərə məxsus idi. Biz də həmin sözlərin enerjisi ilə bu layihəni hazırladıq. Ulu öndər onu təsdiq elədikdən sonra da qanun üzərində yenidən iş getdi. Əlbəttə ki, qanunlar vacibdir, mühümdür, amma Azərbaycan dilinin inkişafı və qorunması üçün ilk illərdə Heydər Əliyevin göstərdiyi xidmət çox əhəmiyyətli idi. Bu qanun da milli maraqların təsiri altında qəbul olunmuşdu.
- Son illərdə Azərbaycan dilinin inkişafı və təbliği istiqamətində hansı mühüm addımlar atılıb?
- Azərbaycan dili dünyanın inkişaf eləmiş 25 dilindən biridir. Son illər Azərbaycan dilində mətbuat, təhsil sistemi, ədəbiyyat, elm inkişaf edib. Yəni dilin inkişafı odur ki, o dildə danışılsın, yazılsın, xalqın intellektinin ifadəsi olsun və məişət dili səviyyəsinə endirilməsin. Bunun üçün də bütün işlər görülür. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan dilinin, ilk növbədə ədəbi dilin inkişafında bu gün ən böyük rolu mətbuat, publisistik üslub oynayır. Ən çox dilin qayda-qanunlarının pozulması da orda baş verir. Çünki sahə daha çox inkişaf edirsə, problemlər də daha çox orda üzə çıxır. Amma hər nə qədər problem yaransa da Azərbaycan dilinin inkişafında bizim mətbuatımızın, publisistikamızın rolu əsasdır. Çünki orda bütün Azərbaycan cəmiyyətinin nitq və təfəkkür enerjisi ehtiva olunur.
- Prezident İlham Əliyev müxtəlif çıxışlarında Azərbaycan dilinin milli kimliyin əsas sütunlarından biri olduğunu vurğulayıb. Bu yanaşma dövlət dilinin inkişaf siyasətində necə əks olunur?
- Prezident İlham Əliyevin Azərbaycan dili haqqında dedikləri, özünün nitqində dövlət dilini inkişaf elətdirməsi və onu ən yüksək səviyyədə təmsil eləməsi çox böyük bir hadisədir. Bu, bütün dünya azərbaycanlıları miqyasında Azərbaycan dili üçün bir təminatdır. Hətta Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda böyük zəfərimizdə İlham Əliyevin çıxışları bir ordu qədər bizim haqq işimizə xidmət etdi. Xüsusilə, onun hakimiyyətə gəldiyi ilk aylarda yeni Azərbaycan əlifbasında kütləvi nəşrlərin həyata keçirilməsi haqqındakı göstərişi yeni əlifbaya keçəndən sonra bizim ədəbiyyat təminatımızda mühüm rol oynadı. Yəni həm dünya, həm də Azərbaycan ədəbiyyatının klassikləri yüksək tirajlarla ölkəmizdə nəşr olundu və kitabxanalara pulsuz göndərildi.
Sonrakı illərdə də İlham Əliyev Azərbaycan dilinin qorunması, qloballaşma şəraitində inkişafı haqqında fərmanlar, sərəncamlar imzalayıb və dövlətin görə biləcəyi bütün tədbirləri həyata keçirib. Bu tədbirlər sadəcə olaraq Azərbaycan dilinin inkişafı yox, həm də xalqımızın milli kimliyi səviyyəsində nüfuzunun yüksəldilməsinə xidmət edib.
- Prezidentin AMEA-nın 80 illik yubileyində Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlərin elmi ictimaiyyət üçün əsas mesajı nə idi?
- Həmin çıxışda çox maraqlı fikirlər var. Amma bir dilçi olaraq, mənim diqqətimi daha çox cəlb edən mülahizə o idi ki, biz həmişə dilin əsas qoruyucusunun mücərrəd xalq olduğunu demişik. Amma çıxışda çox kəskin şəkildə deyildi ki, dilin əsas qoruyucusu dövlətdir. Niyə? Çünki harada xalqın öz dövləti yoxdursa, orada dil çox bərbad hala düşür, məişət dili səviyyəsinə endirilir. Amma xalqın, millətin dövləti olan yerdə dili də çox ciddi zəmanət altındadır. Ona görə də Azərbaycan Respublikası ilə Cənubi Azərbaycandakı vəziyyəti müqayisə eləyəndə eyni bir dilin - Azərbaycan dilinin hansı statuslarda, durumda olduğunu görürük.
İlham Əliyevin daha başqa bir sıra mülahizələri var ki, hər biri Azərbaycan dilinin varlığına, mövcudluğuna, dövlətin bir atributu olaraq qorunmasına xidmət edir.
- Qloballaşma və rəqəmsal texnologiyaların sürətli inkişafı Azərbaycan dilinə hansı yeni çağırışlar yaradır?
- Azərbaycan dili müasir texnologiyalar dilidir: aqlütinativ quruluşlu bir dil olduğuna görə, texnologiyalara çox uyğun gəlir. Yəni bu dilin süni intellekt sistemində istifadəsi, eləcə də Azərbaycan xalqının təfəkkür elementlərini lazımi dəqiqliklə ifadə etməsi üçün müasir tərcümə texnologiyalarında başqa dillərlə qarşılaşanda sistemli yanaşma verir. Buna görə də dilimiz bu sahədə rahat tətbiq oluna bilir. Bizim mütəxəssislərimizin də Azərbaycan dilinin bu şəraitdə inkişafı üçün yetərincə imkanları var və onlar lazımi tətbiqi işləri görüblər.