2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44.3 milyard manatlıq məhsul satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, satılan məhsulların 24.1 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20.2 milyard manatını isə qeyri-ərzaq malları təşkil edib.
2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.9 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışında 1.4 faiz, qeyri-ərzaq mallarının satışında isə 6.9 faiz artım qeydə alınıb.
Hesabat dövründə əhalinin pərakəndə ticarət şəbəkəsində aldığı mallara xərclədiyi vəsaitin 50.1 faizi ərzaq məhsullarının, 4.3 faizi içkilər və tütün məmulatlarının, 12.7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6.1 faizi avtomobil yanacağının alınmasına sərf olunub.
Bundan başqa, xərclərin 4.9 faizi elektrik malları və mebellərin, 2.7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17.6 faizi isə digər qeyri-ərzaq mallarının payına düşüb.
2026-cı ilin yanvar-avqust aylarında əhalinin hər bir üzvü pərakəndə ticarət şəbəkəsində orta hesabla ayda 538.6 manatlıq məhsul alıb. Bunun 293.1 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 245.5 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.