Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovski vəfat edib.
Oxu.Az xəbər verir ki, rejissorun vəfatı ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva başsağlığı verib.
"Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!" - Mehriban Əliyeva sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Xalq artisti uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Onun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürmüşdü.
Azərbaycan teatr rejissoru və aktyoru Aleksandr Yakovleviç Şarovski 1948-ci ildə Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirib.
1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub, 1976-cı ildən isə S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyətinə davam edərək əvvəlcə bu teatrda aktyor, 1978-90-cı illərdə rejissor assistenti, 11 iyun 1991-ci ildən quruluşçu rejissor olub. 3 fevral 1993-cü ildən 2026 ilədək teatrın baş rejissoru vəzifəsində işləyib.
Bu illər ərzində səhnədə 50-dən çox rol oynayıb, dörd kinofilmdə çəkilib, 54 tamaşa qurub.
A.Şarovski Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri idi.
"Azərbaycan SSR Əməkdar artisti" (1987), "Azərbaycan Respublikasının Xalq artisti" (1998) fəxri adlarına, "Şöhrət" (2008) və "Şərəf" (2018) ordenlərinə, Rusiyanın "Puşkin" medalına (2013) və "Dostluq" ordeninə (2021) layiq görülmüşdü.