Turanə Hüseynli yazır...
Ötən gün şəxsi musiqi siyahımdan bir sənətçinin məşhur mahnısı səsləndi. Mahnının bir cümləsi yenə məni düşündürdü. Tərcüməsi təxminən belə idi: "Hələ ki sevgi mənim qəlbimdədir, mən hamıdan yaxşı yaşayıram."
İstər-istəməz düşündüm ki, yaxşı yaşamağın həqiqətən də insanın daxilindəki sevgi hissi ilə bağlı olduğuna neçə nəfər inanır? Maddi sıxıntı çəkən, soyuducusunda istədiyi neməti olmayan, sabahını düşünən birinə - Cem Yılmazın məşhur zarafatındakı kimi - "hər şey içimizdədir" demək nə qədər təsəlli verə bilər? Axı insanın reallığı bəzən fəlsəfədən daha ağır gəlir...
Bu düşüncələrlə evə qayıdarkən, çoxdan izləmə siyahımda olan və nümayiş olunduğu gündən bəri haqqında çox danışılan bir filmi açıb izləmək qərarına gəldim. Qəribədir ki, film sanki bir neçə dəqiqə əvvəl öz-özümə verdiyim həmin sualın davamı oldu.
"Perfect Days" ("Mükəmməl günlər")...
İki saat ərzində qarşımızda həyatından razı olan, sakit, çox az danışan, hər gününü demək olar ki, eyni qaydada yaşayan bir adamı izləyirik. Hirayama səhər oyanır, bitkilərini sulayır, iş geyimini geyinir, avtomobilinə minib kasetlərindən birini seçir və Tokionun ictimai tualetlərini təmizləməyə gedir. Naharda eyni parkda oturur. Ağaclara baxır. Onların şəkillərini çəkir. Axşam kitab oxuyur. Yatır. Səhər yenidən başlayır. İlk baxışda elə görünür ki, "Perfect Days" bizə sadə yaşamağın xoşbəxtliyindən danışır.
Amma film bundan bir az daha çətin yerdə dayanır.
Hirayama mənə öz həyatının ritminə uzun müddətdir alışmış bir adam kimi görünür. Ona görə də az danışır. Çünki danışmağa ehtiyacı olmayan bir sistem qurub özünə. Onun həyatında hər şeyin yeri bəllidir: hansı saatda qalxacaq, hansı musiqiyə qulaq asacaq, nə vaxt işləyəcək, nə vaxt ağaclara baxacaq, nə vaxt kitab oxuyacaq. Bu təkrarlar ilk baxışda yeknəsəq görünür. Filmə davam etdikcə başa düşürsən ki, onlar sadəcə vərdiş deyil. Hirayamanın özünü qoruma üsuludur.
Başqa insanlar bu ritmə daxil olanda isə qəribə bir şey baş verir: O danışmağa, cavab verməyə, izah etməyə məcbur olur. Sanki onların sualları Hirayamanın illərdir toxunmadığı sakitliyi pozur. Bəzən də bu ünsiyyətlər onu elə bir gerçəkliklə üz-üzə qoyur ki, bəlkə özü belə onu tam olaraq etiraf etmək istəmir.
Filmin rejissoru Vim Venders filmdə çox ağıllı davranır. Bizə qəhrəmanın keçmişi haqqında böyük geridönüşlər (flashback-lər) göstərmir, obrazı izah etmir. Sadəcə bəzi qapıları azacıq aralayır. Bacısı ilə qarşılaşması, onun qızı ilə münasibəti, bəzi kiçik dialoqlar... Onlardan anlayırıq ki, onun bu həyatı bəlkə də həmişə belə olmayıb. Bu münasibətlər əhatəsində biz onun qurduğu həyatın özünü yox, həmin həyatın nəyin hesabına qurulduğunu görə bilərik. Mənə görə filmin ən güclü qərarı budur.
Film Hirayamanı nə etdiyinə görə yox, necə etdiyinə görə göstərir. Çünki bəlkə də, insanı yaşadığı həyatın böyüklüyü yox, həmin həyata göstərdiyi diqqət müəyyən edir.
Əvvəlcə Tokiodakı məşhur dizayn edilmiş ictimai tualetlər haqqında daha kiçik bir layihə ideyasından doğsa da, əslən alman olan Vim Venders bunu reklamvari layihə etmək əvəzinə Hirayama obrazı ətrafında tammetrajlı bədii filmə çevirdi.
Film Yaponiyada, Tokioda çəkilib və 2023-cü ildə Kann Kinofestivalında Koci Yakuşo burada "Ən yaxşı kişi aktyoru" mükafatını qazandı. Bu, təsadüfi mükafat deyil: o il Kannın əsas aktyor mükafatı idi və Yakuşo bütün filmin yükünü daşıyan həmin son dərəcə minimal performansına görə seçildi.
Film daha sonra Yaponiya tərəfindən "Oskar" yarışına göndərildi və 96-cı Akademiya Mükafatlarında - 2024 "Oskar"larında - "Ən yaxşı beynəlxalq film" nominasiyasına düşdü.
"Perfect Days" elə filmlərdəndir ki, final əvvəlki bütün səhnələrin mənasını geriyə dönük şəkildə dəyişir. Əgər o son səhnəni əvvəl görsəydik, Hirayamanın sakitliyini artıq "sadə həyatından məmnun bir adamın rahatlığı" kimi izləməzdik. Hər rutinində gizli bir kədər axtarardıq. Kasseti seçəndə, ağacın şəklini çəkəndə, naharını tək yeyəndə, bacısı ilə qarşılaşanda - hamısını başqa gözlə oxuyardıq. Çünki finalda birdən-birə "böyük bir şey" etmir - bütün film boyu yığdığı xırda hissləri bir anda üzə çıxarır.
Və Nina Simonun "Feeling Good" mahnısının bu səslənməsi də çox dərindir. Məhz bunun kimi bir çox səbəblərə görə də son səhnə sadəcə "güclü final" deyil, filmin açarıdır.
Əminəm ki, film ikinci dəfə izlənəndə tamaşaçı üçün artıq tamam başqa filmə çevrilə bilər. Birinci baxışda "sadə yaşamağın gözəlliyi"dirsə, ikinci baxışda bəlkə də "insanın özünü qorumaq üçün necə bir həyat qurması" haqqında film kimi görünəcək.
Filmdən sonra isə məni "Hirayama xoşbəxtdirmi?" sualından çox belə bir sual məşğul etdi: bəlkə yaxşı yaşamaq həmişə xoşbəxt olmaq deyil, öz həyatının içində qalmağı bacarmaqdır?