Turanə Hüseynli yazır...
Valideyn uşağını böyüdərkən ona müstəqil olmağı öyrədir, amma bir gün həmin müstəqilliyin özündən də müstəqil olacağını qəbul etmir.
Valideynlər bəzən elə düşünürlər ki, övladlarının həyatına girəcək, bir gün onun həyat yoldaşı olacaq insan gəlib onların yerini tutacaq. Sanki sevginin içində görünməz bir yer davası başlayır.
Bu mövzunun ətrafında illərdir hekayələr eşidirik: bəzən öz ailəmizdə yaşayırıq, bəzən də filmlərdə izləyirik - oğlunu gəlinindən qısqanan ana, qızının həyatına girən kişiyə heç cür isinməyən ata…
Uşağımızın həyatına girən insanı niyə bəzən rəqib kimi görürük? Bəlkə də valideynliyin ən çətin mərhələsi uşağı böyütmək deyil, böyütdüyün uşağın artıq sənə əvvəlki qədər ehtiyacı olmadığını qəbul etməkdir.
Halbuki məsələ çox vaxt gələn insanın kimliyi ilə də bağlı deyil. Bəzən valideyn övladının seçim etdiyi insanı ona yaraşdırmadığı üçün deyil, onun həyatındakı öz yerinin dəyişəcəyini hiss etdiyi üçün qəbul edə bilmir. Çünki uşaqlıqda valideyn övladın bütün dünyasıdır. Bir gün həmin dünyanın mərkəzinə başqa biri də yaxınlaşanda sevginin içinə çox səssiz bir qorxu qarışır: "Artıq mənə əvvəlki qədər ehtiyacı olmayacaq".
Valideynliyin ən çətin mərhələsi bəlkə də heç övladı böyütmək deyil, onun səndən ayrı bir həyat qurduğunu qəbul etməsidir. Nəzərə alsaq ki, mən bu mövzuya yalnız bir övlad mövqeyindən baxa bilirəm, məsələyə daha geniş prizmadan yanaşmaq mənim üçün həmişə daha maraqlı, hətta bir az da əyləncəlidir.
Etiraf edim ki, illər ərzində ananın oğlunun şəxsi həyatına müdaxiləsi, gəlinini qısqanması, oğlunun həyatında əvvəlki yerini itirmək qorxusu haqqında çox film izləmişəm. Bu, kinoda da, gündəlik həyatda da bizə kifayət qədər tanış münasibət modelidir.
Amma eyni hissin başqa tərəfdən necə göründüyü barədə çox düşünməmişdim. Qız böyüyür, həyatına başqa bir kişi daxil olur və bu dəfə ata özünü həmin görünməz yer savaşının içində tapır.
Bəlkə də ana-oğul və ata-qız münasibətlərinin bu mövzuda bir-birinə bu qədər bənzəməsi təsadüfi deyil. Çünki hər iki halda məsələ sadəcə qısqanclıq deyil.
Məhz bu tanış hissi ən səs-küylü, absurd və komik formada göstərən bir film üçün sizi bu qədər gözlətdim. İnanın mənə, siz də çox əylənəcəksiniz.
"Why Him?" ("Niyə məhz o?") filmi 2016-cı ildə çəkilib, rejissoru Con Hamburqdur. Baş rollarda Brayan Krenston, Ceyms Franko, Zoi Doyç və Meqan Mallalli yer alır.
Hadisə Milad dövründə baş verir: ailə Stenforda oxuyan Stefaniyi görməyə gedir və ilk dəfə onun sevgilisi Lerdlə tanış olur. Lerd çox varlı, texnologiya dünyasından gələn, amma demək olar ki, sosial filtrsiz bir adamdır. Ned isə daha ənənəvi, ölçülü-biçili, ailədə "ata" mövqeyinə çox bağlı biridir. Üstəlik, Ned anlayır ki, Lerd Stefaniyə evlilik təklifi etməyə hazırlaşır. Məhz bu filmi maraqlı edən şey odur ki, hekayə qısqanclığı pis niyyət kimi göstərmir, valideynin içindəki o səssiz qorxunu komediya olaraq bizə təqdim edir.
Film sanki iki kişinin qız uğrunda savaşı kimi başlayır, sonra yavaş-yavaş bir kişinin başqa bir kişinin sevgisinin həqiqi olduğunu qəbul etməsinə çevrilir.
Belə süjetlərdə adətən sevgili oğlan "özünü sübut etməlidir". Amma burada bir nöqtədən sonra ata da dəyişməli olur. Məncə, filmi sırf bayağı komediyadan bir pillə yuxarı qaldıran məhz bu detal idi.
Filmin müəyyən hissəsinədək hekayə Stefanini bəzən müstəqil obrazdan çox, iki kişinin mübarizə apardığı "obyekt"ə çevirir. Bu, tənqid olunacaq bir məqamdır, çünki filmdə həqiqətən kişilərin münaqişəsinə daha çox vaxt yer verilib. Lakin Lerdin evlilik təklifindən Stefanidən gələn "yox" cavabı hekayəni bir az fərqli tərəfə çəkə bilir. Əgər film klassik romantik komediya olsaydı, ata razılıq verərdi, oğlan təklif edərdi, qız "hə" deyərdi və film bu xoşbəxt sonluqla bitərdi.
Məncə, film nəzəri olaraq çox sadədir, amma yenə də aktyor heyəti seçimi ilə bu filmə şans verməyə dəyər.