Turanə Hüseynli yazır...
Mənim üçün də təəccüblü hisslərdir... Yaş ötdükcə çoxlu suallar yaranır. Həyatın rəngləri dəyişir və rənglər dəyişdikcə həyata da, özünə də münasibətin dəyişir.
İnsan həyatda gecikə bilərmi?
Bizə ən böyük uğurların gəncliyə aid olduğunu öyrədirlər, amma tarix kitablarını açanda bunun tam əksini görürük: Migel de Servantes "Don Kixot"un birinci hissəsini təxminən 58 yaşında nəşr etdirdi. Joze Saramaqo dünya şöhrətini gətirən romanlarını əlli yaşlarından sonra yazmağa başladı və Nobel mükafatını 76 yaşında aldı. "Grandma Moses" kimi tanınan amerikalı rəssam Anna Mari Robertson isə peşəkar rəssamlığa 70 yaşına yaxın başladı; bu gün onun əsərləri dünyanın ən məşhur muzeylərində nümayiş olunur.
"Bizim başlanğıc adlandırdığımız şey çox vaxt sondur. Və bir son yaratmaq, əslində, yeni başlanğıc yaratmaqdır".
T.S.Elliot "Little Gidding" poemasında belə yazırdı.
Nə qədər də qəribə varlıqlarıq... İnsan öz həyatını qəribə şəkildə ölçülərə bölür, özünə görünməz təqvimlər qurur: "Otuz yaşıma qədər bunu etməliyəm", "Qırxdan sonra artıq gecdir", "Bu yaşdan sonra iş dəyişmək olmaz", "Bu yaşda aşiq olmaq gülüncdür". Maraqlısı odur ki, heç bir qayda yazılı deyil və heç bir qanunda belə maddələr yoxdur. Amma yenə də hamımız həyatımızın hansısa mərhələsində onlara inanırıq. Amma həyat öz bildiyi kimi - qaydasız və qadağasız axmağa davam edir. Sanki arzularımızın və edəcəklərimizin son istifadə tarixi varmış kimi yaşasaq da, bəzən həyat bizə gözlənilməz sürprizlər etməyi sevir. Çünki onun bizim təqvimimizdən xəbəri yoxdur. Problem həyatın son istifadə tarixinin olduğuna inanmağımızdır.
Nensi Meyersin "The Intern" ("Təcrübəçi") filmi də məhz bu görünməz təqvimləri dağıdan ekran əsərlərindən biridir. Onun filmlərindən öyrəşdiyimiz insana qəribə bir rahatlıq hissi verən istiliyi "The Intern"də də tapacaqsınız.
Robert De Nironun canlandırdığı "Ben Uitaker" həyat yoldaşını itirmiş 70 yaşında təqaüdçüdür. Kənardan baxanda elə düşünmək olar ki, o, həyatında yaşanıla biləcək hər şeyi yaşayıb. Lakin "Ben" öz həyatını tamamlanmış hesab etmir.
O, sadəcə, növbəti səhifəni çevirmək qərarına gəlir və bu qərar onu həyatın maraqlı dönəmlərindən birinə qaytarır.
Enn Heteveyin canlandırdığı "Culs" isə dövrümüzün uğurlu sahibkar qadın obrazıdır. Onun gülərüz görünüşünün arxasında son dərəcə məqsədyönlü, yorulmadan çalışan qadın dayanır. Bəzən hədəfinə o qədər fokuslanır ki, ətrafında baş verən hadisələri gözdən qaçıra bilir.
Filmin əvvəlində "Ben" iş müraciəti üçün video çəkir. İşə qəbul edildikdən sonra gənc həmkarları ilə işləməyə başlayır. Bu başlanğıc onun həyatına da yeniliklər gətirir - onların münasibətlərə, internetə, sosial həyata yanaşmasını öyrənərkən bir qədər gülməli anlar yaşayır. Qeyd etməliyəm ki, filmdə yaşlı insanların rəqəmsal dövr qarşısındakı çaşqınlığı həddindən artıq qabardılmadan, "Ben" obrazı üzərindən ağıllı, çevik, öyrənməyə açıq və faydalı olmaq istəyən birinin həyatı təqdim olunub.
Bu iki obrazın kəsişməsi hekayədə maraqlı simfoniya yaradır.
Hər şey sadə və romantik görünsə də, "Culs"a kömək etmək elə də asan olmur. Çünki "Culs" işinə o qədər aludədir ki, biznesini necə idarə etdiyinə dair fikir bildirən hər kəsə instinktiv şəkildə şübhə ilə yanaşır.
"Ben" isə "Culs"un etibarını tədricən qazanır. Onun "Culs"a göstərdiyi səssiz qayğılarının nümunələri yetəri qədərdir.
Film boyu nə qədər güclü müşahidəçi olduğunu anladığımız "Ben" ən vacib anda "Culs"a yalnız bir şey deyir: Güclü ol və həqiqətən istədiyinin arxasınca get.
"The Intern" bütün bu fikirləri romantik komediya çərçivəsində təqdim etsə də, film sağlam düşüncəli, səmimi və ağıllıdır. Və ümumilikdə, doğrudan da, gülməlidir.
Filmdən sonra dəqiq deyə bilərəm ki, "The Intern" 70 yaşında təcrübəçi olan bir adam haqqında çəkilməyib. Bu film özümüz üçün uydurduğumuz son tarixlər haqqında mifi dağıda biləcək ən rəngli ekran işlərindən biridir.
Dönüb geriyə, ya da boylanıb irəliyə baxanda gecikdiyimiz yerin həyat yox, öz cəsarətimiz olduğunu başa düşmək üçün də gec deyil.
Çünki arzuların təqvimi yoxdur.