Bakının tarixi-memarlıq abidələrindən biri olan Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb.
Oxu.Az xəbər verir ki, Ramana Qəsri Muzeyi tarixi irsin qorunması ilə müasir muzey texnologiyalarını bir araya gətirən yeni mədəniyyət məkanı kimi yaradılıb.
Layihə çərçivəsində qəsrin memarlıq xüsusiyyətləri və mövcud vəziyyəti araşdırılıb, abidənin autentikliyinin qorunmasına xüsusi diqqət yetirilib.
Ekspozisiya və ziyarətçi marşrutları qəsrin tarixi-memarlıq xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.
Muzeyin əsas konsepsiyası "Tarixə açılan pəncərə" ideyası üzərində qurulub.
Ekspozisiyada Ramana Qəsrinin tarixi, Abşeronun orta əsr müdafiə sistemi, həmin dövrün hərb sənəti, gündəlik həyatı və mədəniyyəti təqdim olunur.
Muzeyin mühüm hissəsini 2024-2026-cı illərdə qəsrin ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri təşkil edir.
Ekspozisiya "Seyri-Tarix", "Seyri-Silah", "Seyri-Tərz" və "Seyri-Həyat" bölmələrindən ibarətdir. Burada arxeoloji tapıntılar, silah və geyim nümunələrinin rekonstruksiyaları, tarixi fotoşəkillər, arxiv materialları, maketlər və müxtəlif multimedia təqdimatları nümayiş etdirilir.
Muzeydə interaktiv ekranlar, elektron məlumat panelləri, immersiv instalyasiyalar, animasiyalar, videoproyeksiya və videomapinq kimi müasir texnologiyalardan istifadə olunub.
Qəsrin dam terrası panoramik müşahidə meydançası kimi ziyarətçilərin istifadəsinə verilib. Burada qəsrin tarixi-mədəni simvolikasını ifadə edən "Alov" heykəltəraşlıq kompozisiyası yerləşdirilib.