Qazaxıstanın baş naziri Oljas Bektenov Xəzər dənizində hərbi təlimlər vaxtı hərbi qulluqçuların ölüm səbəblərinin araşdırılması məqsədilə hökumət komissiyasının yaradılması barədə sərəncam verib.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, baş nazirin sərəncamı ilə Manqistau vilayətindəki təlimlər zamanı hərbçilərin həlak olması səbəblərini öyrənəcək hökumət komissiyasının tərkibinə müdafiə naziri, bölgənin administrasiya rəhbəri, əmək və əhalinin sosial müdafiəsi, fövqəladə hallar, səhiyyə və nəqliyyat nazirliklərinin rəhbər şəxsləri, eləcə də baş hərbi prokuror və Sərhəd Xidmətinin nümayəndələri daxil ediliblər. Bektenov baş nazirin müavini və komissiyanın sədri Qanat Bozumbayevə təcili olaraq fövqəladə hadisə yerinə yollanmağı, hərbçilərin ölüm səbəblərinin hərtərəfli araşdırılmasını təmin etməyi və həlak olanların ailələrinə dəstək göstərilməsi işlərinə dərhal başlamağı tapşırıb.
Xəzərdə təlimlər zamanı 19 qazaxıstanlı hərbçini su axını aparıb. Onlardan doqquzu həlak olub.
Oxu.Az-ın "Sputnik Qazaxıstan" nəşrinə istinadən xəbərinə görə, Qazaxıstan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.
"Dərin təəssüf hissi ilə bildiririk ki, sentyabrın 24-də Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı Manqistau vilayətində Xəzər dənizi sahilində təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin sürətinin artması səbəbindən hərbçilər dənizə sürükləniblər. İlkin məlumata görə, 19 hərbçini su aparıb. Hazırda 9 hərbçinin ölümü qeydə alınıb", - deyə məlumatda bildirilib.
Üçü xilas edilib, o cümlədən biri xəstəxanaya yerləşdirilib, digərlərinin axtarışı davam edir.
"Hadisə yerinə dərhal xilasetmə qüvvələri və vasitələri göndərilib. Axtarış-xilasetmə əməliyyatlarına Hərbi Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin, aviasiyanın və digər müvafiq xidmətlərin bölmələri cəlb edilib. Hadisənin baş vermə şəraiti ilə bağlı bütün halların müəyyən edilməsi və axtarış-xilasetmə işlərinin koordinasiyası üçün hadisə yerinə təcili olaraq müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanovun rəhbərliyi altında Müdafiə Nazirliyinin komissiyası göndərilib", - deyə nazirlik qeyd edib.
Axtarış əməliyyatının gedişatı və hərbçilərin vəziyyəti barədə əlavə məlumat informasiya daxil olduqdan və təsdiqləndikdən sonra veriləcək.