"The Pokemon Company" "Pokemon: Wild Card" adlı animasiya filmini anons edib. Film 2027-ci ildə kinoteatrlarda nümayiş olunacaq və son yeddi ildə "Pokemon" haqqında çəkilən ilk yeni tammetrajlı film olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə nintendo-insider.com məlumat yayıb.
Məlumata görə, filmin baş qəhrəmanı turnirlərdə iştirak edən və çempion olmağa çalışan "Pokemon Trading Card Game" oyunçusu olacaq. Filmdə onunla yanaşı, Mimikyu pokemonu da yer alacaq.
"The Pokemon Company"nin prezidenti Tsunekazu İşiharanın sözlərinə görə, film dünyanın müxtəlif yerlərindən olan məşqçiləri bir araya gətirən rəqabət ruhunu nümayiş etdirəcək.
"Pokemon" üzrə dünya çempionatının bağlanış mərasimində filmin yaradıcıları ekran əsərinin ilk tizerini təqdim ediblər.
"Pokemon: Wild Card"ın rejissoru "Titana hücum" və "Kralın zərbəsi. Film" layihələrində çalışmış animator Katsuhiko Kitada olacaq. Personajların dizaynını isə "Meyvələr səbəti" və "Banana Fish" animeləri ilə tanınan Akemi Hayaşi hazırlayacaq.
Filmin prodüseri "Suzumeni bağlayan qapı" və "Hava övladı" layihələri ilə tanınan "Story Inc.", animasiya işlərini isə "Vəd edilmiş Neverland" və "Casus ailəsi" animelərinin müəllifi olan "CloverWorks" studiyası həyata keçirəcək.
