Böyük Britaniyada "Pokemon" kolleksiya kartları hərracda ümumilikdə rekord məbləğə - 1.56 milyon funt sterlinqə satılıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, kartların sahibi keçmiş rəngsaz-dekorator olub.
O, kolleksiyanı 15 il ərzində çardaqda saxlayıb və kartların həqiqi dəyərindən xəbərsiz olub.
Hərracın ən bahalı əşyası "Legendary Collection" dəsti olub. İlkin qiyməti 15-20 min funt sterlinq arasında müəyyənləşdirilən kolleksiya 100 min funt sterlinqə satılıb. Hərrac evi satışın Böyük Britaniyada kolleksiya kartlarının ümumi dəyəri baxımından rekord olduğunu bildirib.
"Bilirəm, insanlar çardaqda xəzinə tapmaqdan tez-tez danışırlar. Amma mənim vəziyyətimdə bu, sözün həqiqi mənasında baş verib", - deyə təqaüdçü bildirib.
Onun sözlərinə görə, kartları 1990-cı illərin sonlarında, oğlu məktəbdə oxuyarkən toplamağa başlayıb. Kişi onları gələcəkdə qazanc gətirə biləcək investisiya hesab edib, oğlu isə kolleksiyadan istifadə etməyib.
O, "eBay "platformasında Malayziyadan olan satıcıdan bir neçə tam kart dəsti aldığını da açıqlayıb. Həmin dəstlərdən biri vaxtilə ona 300 funt sterlinqə başa gəlsə də, hərracda 75 min funt sterlinqə satılıb.