Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi məhkəmədə yeni tərkibdə araşdırılacaq.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində daha əvvəl hakim Elnur Nuriyevin icraatında olan araşdırılan cinayət işi o, Bakı Apellyasiya Məhkəməsinə təyin olunduğuna görə, bundan sonra hakim Kamil Əliyevin sədrliyi ilə istintaq olunacaq.
Yeni tərkibdə keçirilən iclas zamanı təqsirləndirilənə yenidən ittiham aktı elan edilib və ifadələrin dinlənilməsinə başlanılıb.
Növbəti iclas oktyabrın 23-nə təyin edilib.
Xatırladaq ki, Zamiq Xankişiyev zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqa cəlb olunub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan yarım milyon manat civarında ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.
Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Onu da qeyd edək ki, əslən İmişlidən olan iş adamı barədə əvvəllər də mediada şikayətlər yayımlanıb.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur.
O, bununla yanaşı sosial şəbəkələrdə bahalı avtomobil kolleksiyası olan bir şəxs kimidə tanınıb.
Elgün Həsənli