Sahibkarlara qarşı külli miqdarda mənimsəmədə təqsirləndirilən Nadir Allahverdiyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymət Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilən şəxsə ittiham aktı elan edib.
N.Allahverdiyev elan edilmiş ittihamla özünü təqsirli saymayıb.
Daha sonra sübutların ardıcıllığı ilə onun sərbəst ifadəsi dinlənilib.
O ifadəsində bildirib ki, Kamran İsayevə 28 min manat yox 17 min manat borcu olub.
"Onunla alver münasibətim olub, hər hansı dələduzluq kimi problem olmayıb. 28 min manat borcum olub, ödəmişəm, aramızda 17 min manatlıq mal qalıb".
Təqsirləndirilən digər epizodlarla bağlı ona verilmiş ittihamları qəbul etməyərək, bütün bunları onunla birgə biznes fəaliyyətini həyata keçirilən şirkətlərin planı kimi qiymətləndirib. Bildirib ki, həmin şəxslərlə müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının alqı-satqısını həyata keçirib. Eyni zamanda, müxtəlif iş adamlarının ona külli miqdarda borcu olduğunu, bu səbəbdən də öz borclarını qaytara bilmədiyini bildirib.
Növbəti proses dekabrın 7-nə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxs sahibkarlara qarşı dələduzluq etməkdə ittiham olunur. O spirtli içkiləri və ət satışını həyata keçirən şəxslərdən məhsulu alıb və satışı həyata keçirdərək pulunu qaytarmayaraq zərərçəkmişlərə 300 min manata yaxın ziyan vurub.
İttiham edilən şəxs istintaq dövründə zərərçəkmişlərə 40 min manat ödəniş edib. Onun barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
Zərərçəkmiş şəxs qismində "Polad SR" MMC, "Organic Line" QSC, ALKO LMD AZƏR SPİRT 2024 MMC hüquqi şəxs və Kamran İsayev tanınıb.
Təqsirləndirilən Nadir Allahverdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Elgün Həsənli