Türkiyədən Bakıya qayıdan kişi 50 min ABŞ dollarını şokolad qutularında, 4 flakon bahalı dərmanı isə alt paltarında gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Şərur sakini, 1968-ci il təvəllüdlü R.Y. bu əməlinə görə Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinib.
İş materiallarına görə, o, şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslə razılaşaraq Türkiyədən Azərbaycana 50 min dollar və ümumi dəyəri 4 350 manat olan Opdivo (nivolumab) dərmanları gətirib. Dərmanların üç flakonu 100 mq/10 ml, biri isə 40 mq/4 ml göstəricili olub.
R.Y. 50 min dolları 500 ədəd 100 dollarlıq əskinas şəklində beş bərabər hissəyə bölüb. Daha sonra beş şokolad qutusundakı şirniyyatları çıxararaq pulları həmin qutularda gizlədib. Dərmanları isə salfetə büküb, yapışqanlı lentlə sarıyıb və alt paltarının ön və arxa hissələrində yerləşdirib.
O, İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldikdən sonra gömrük nəzarətinin "Yaşıl kanal"ından keçərək çıxışa yönəlib. Lakin risk analizi nəticəsində saxlanılıb, yoxlama zamanı gizlətdiyi pul və dərmanlar aşkarlanıb.
Məhkəmədə R.Y. 50 min dolların ona məxsus olduğunu, Türkiyədə borclu olduğu şəxsdən aldığını bildirib. Dərmanları isə Bakıda tanımadığı birinə çatdırmalı olduğunu deyib. O, dərmanların ölkəyə gətirilməsinin qanunsuz olduğunu bildiyini və gömrük əməkdaşlarının onları əlindən alacağından qorxduğu üçün gizlətdiyini etiraf edib.
Bakı şəhəri Xəzər Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilərək cinayətin predmetinin dəyərinin 50 faizi miqdarında - 44 min 675 manat cərimələyib.
Hökmdən narazı qalan müdafiə tərəfi bəraət tələb etsə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Dövlət ittihamçısının protesti təmin olunub.
Məhkəmə 50 min dolların R.Y.-yə məxsus olmadığını və pulun mənşəyi ilə bağlı ayrıca cinayət işinin ayrıldığını nəzərə alaraq, onun həmin vəsaiti geri almasının düzgün olmadığı qənaətinə gəlib. Nəticədə pulun gömrük rəsmiləşdirilməsindən sonra qanuni sahibinə qaytarılması, taleyinin isə ayrılmış cinayət işi üzrə toplanacaq sübutlara uyğun həll edilməsi qərara alınıb.
Beləliklə, 44 min 675 manat cərimə cəzası qüvvədə saxlanılıb, yalnız 50 min dolların taleyi ilə bağlı hissə dəyişdirilib.