Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nihat Abdurrəhmanovun cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub və o, 10 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2026-cı il 30 iyulda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədilə Abşeron və Qaradağ rayonlarında keçirilən tədbirlərlə Nihat Abdurrahmanov saxlanılıb.
Ondan ümumilikdə 57 kiloqram heroin, metamfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxsin xarici narkotacirlərin tapşırığı əsasında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci ( narkotik və psixotrop maddələrin xüsüsilə külli miqdarda qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli