Turanə Hüseynli yazır...
Bəlkə də problem sevginin dəyişməsində deyil…
Münasibətlər artıq oyuna çevrilib. Rəqəmsal "mütəxəssislər" belə deyirlər. İndi kiminsə "Səndən xoşum gəlir" deməsi belə dəbdə deyil. Çünki ilk yazan uduzur. İlk zəng edən "çox istəyən" olur. İlk üzr istəyən zəif görünür, ilk hisslərini açan isə "əlçatan" hesab olunur…
Münasibətlər heç bir dövrdə bu qədər strategiya tələb etməmişdi.
Sanki artıq sevmirik, qazanmağa çalışırıq. Bir-birimizlə tanış olmuruq, bir-birimizi test edirik: Kim daha gec cavab verəcək? Kim daha az maraq göstərəcək? Kim daha tez imtina edəcək?
Elə bil sevgini yaşamaqdan çox, o dünya üzərində hakimiyyət qurmağa çalışırıq.
Dövrlərə görə çəkilən sevgi filmlərinin hekayələri də buna sübutdur. Romantik komediyaların çəkildiyi ən gözəl dövrdə insanlar bir-birinə qalib gəlməyə yox, bir-birini anlamağa çalışırdılar. Orada da mübahisələr olurdu, qürur var idi, inad var idi. Amma bütün bunların altında tək bir məqsəd gizlənirdi: Birlikdə ola bilmək.
Amma kədərli mənzərə odur ki, bu gün bir çox münasibət "Təklif" ("The Proposal") filmindəki saxta nişandan daha saxtadır.
2009-cu ildə çəkilən "Təklif" məhz həmin dövrün son böyük romantik komediyalarından biri idi. İlk baxışdan saxta nişan haqqında yüngül bir film təsiri bağışlayır. Amma əslində o, insanın özünü qorumaq üçün yaratdığı maskaların necə dağıldığını göstərir. Aradan on yeddi il keçməsinə baxmayaraq, filmin "saxta" münasibəti bugünkü bəzi həqiqi münasibətlərdən daha səmimi və real görünür.
Marqaret Teyt (Sandra Bullok) uğurlu, iş həyatında hamının çəkindiyi, soyuq, sərt və güzəştsiz nəşriyyat rəhbəridir. Endryu (Rayn Reynolds) isə illərdir onun köməkçisi kimi çalışan, baş redaktor olmağı və öz kitabını dərc etdirməyi xəyal edən gəncdir.
Bir gün Marqaret deportasiya olunacağını öyrənir və çıxış yolunu Endryu ilə saxta nişanda görür. Hekayə kağız üzərində qurulan münasibətlə başlayır, Alyaskaya edilən məcburi səfərlə davam edir və bir-birini sevməyən iki insanın münasibətini və hadisələrə qarşı davranışlarını izləyərək yekunlaşır. Romantik komediyalar üçün kifayət qədər tanış gedişatdır.
Amma bu qədər bəsit görünən bir komediya filmində izləyici əvvəldə gördüyü mənfi qəhrəmanın iç dünyasından yan keçə bilmir. Çünki bəzən insanın sərtliyi onun xarakteri deyil, müdafiə mexanizmidir. İnsan nə qədər çox yaralanırsa, bir o qədər hisslərini büruzə verməməyə çalışır.
Bəzən biz də elə yaşayırıq: Böyük ofislər, kostyumlar, vəzifələr, gücümüz və durmadan qazanmağa çalışdığımız həyatımızla… Amma bir-birimizə həqiqətən "Necəsən?" sualını verməyi unuduruq.
Əslində sevgi də, qayğı da möhtəşəm, mürəkkəb bir hadisə deyil. Eynən bu filmdə göstərildiyi kimi sadədir. Sevgi bəzən sadəcə insanın özünü dəyişməsinə icazə verməsidir.
"Təklif" texniki baxımdan janrın ən mükəmməl filmi olmasa da, sevgini qalib gəlmək kimi yox, böyümək kimi göstərir.
Heç nə düşünmək istəmədiyim anda, hadisələri və filmin sonluğunu asanlıqla təxmin edərək izləsəm də, bu film mənə unutduğum bir hissi xatırlatdı: Sevgi bəzən sadəcə insanın özünün dəyişməsinə icazə verməsidir.