Britaniyalı Artur Plammer 80 yaşında olarkən onu əlil arabasına məhkum edən ağır diaqnozla üzləşsə də, qazandığı yeni vərdiş sayəsində yenidən ayağa qalxmağı bacarıb.
Oxu.Az xəbər verir ki, o, yenidən yeriməsinə kömək edən bu üsul barədə "The Guardian" nəşrinə danışıb.
Hazırda 92 yaşı olan Plammerin sözlərinə görə, ona oynaqlarda ağrı və hərəkətsizlik yaradan iltihabi xəstəlik - revmatik polimialgiya diaqnozu qoyulub.
"Mən küçədə, evə gedən yolda əlil arabasında otururdum, insanlar isə yanımdan ötüb keçirdilər və mən özümü tələyə düşmüş kimi hiss edirdim", - deyə o etiraf edib.
Məhz həmin vaxt kişinin yadına köhnə hobbisi olan velosiped sürmək düşüb.
Təqaüdçü təkcə velosipedə əyləşməklə kifayətlənməyərək onu müntəzəm sürməyə başlayıb. Bu məşqlər nəticəsində kişi ayaq əzələlərini bərpa edib və artıq sərbəst şəkildə hərəkət edə bilir. Plammer piyada gəzərkən həyat yoldaşı və dostlarına çatmaqda çətinlik çəksə də, velosipedlə ildə minlərlə kilometr məsafə qət edir.
"Özümdə o qədər enerji hiss edirəm ki, hətta buna inanmağım gəlmir. Ümid edirəm ki, həyatımın son gününü də velosiped sürərkən qarşılayacağam", - deyə o əlavə edib.