Bakı-Sumqayıt yolunda TIR-ın minik avtomobilinin üzərinə aşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanın durumu məlum olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 23-də saat 12:10-da Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən çağırış daxil olub.
Bildirilib ki, briqada tərəfindən bir nəfər kişi Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:
"Başın və bədənin səthi travması diaqnozu qoyulan pasiyentə zəruri tibbi xidmətlər göstərilib və onun vəziyyəti stabil qiymətləndirilir. Təcili tibbi yardım briqadası tərəfindən daha bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".
Məhərrəm Əliyev
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində iritutumlu yük avtomobili və minik maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb ediliblər:
"Xilasedicilər tərəfindən minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Həmçinin, avtoqəza nəticəsində ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib".
Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunub ki, bu gün saat 12:05-də Bakı-Quba avtomobil yolunun 13.5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı "Scania" markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 nömrəli "Ravon" markalı minik avtomobilinin üzərinə aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi yük avtomobili sürücülərinin sürət həddinə, ara məsafəsinə, ötmə və manevretmə qaydalarına məhəl qoymamasını, eləcə də yol və hava şəraitini düzgün qiymətləndirmədən hərəkəti davam etdirməsini yolverilməz hesab edir:
"Ağırtonnajlı nəqliyyat vasitəsinin sükanı arxasında yol verilən məsuliyyətsizlik adi qayda pozuntusu deyil - digər insanların həyatını birbaşa təhlükə altına atan son dərəcə təhlükəli davranışdır. Bir sürücünün səhlənkarlığının günahsız insanların ölümü və ağır xəsarət alması ilə nəticələnməsi heç bir halda qəbul edilə bilməz.
Bir daha qəti şəkildə bildiririk ki, yolları təhlükə mənbəyinə çevirən, digər hərəkət iştirakçılarının həyatına açıq təhdid yaradan yük avtomobili sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər daha da sərtləşdiriləcək. Kobud qayda pozuntularına yol verən, insanların həyat və sağlamlığını təhlükəyə atan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun ən ciddi və təsirli tədbirlər görüləcək".
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yolun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan TIR minik avtomobilin üzərinə aşıb. Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.