Sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyevin dəfn mərasimi keçirilmişdir.
Oxu.Az xəbər verir ki, Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri və yaxınları, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim zamanı general-mayor İsgəndər Allahverdiyevin Azərbaycan dövlətçiliyinə, təhlükəsizlik və sərhəd mühafizəsi orqanlarında xidmətlərinə toxunulub, onun əziz xatirəsi ehtiramla yad edilib.
Mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Fotolardan aydın olur ki, generalın dəfnində DTX rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, DSX rəisi Elçin Quliyev də iştirak ediblər.
Müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı, sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.
Oxu.Az Baku.ws-ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.
O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında xüsusi xidmətləri olan hərbçilərdən biri kimi tanınırdı.
İsgəndər Allahverdiyev 1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Həmin ildən Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı kimi fəaliyyət göstərib. O, 1992-1994-cü illərdə bu vəzifədə Azərbaycan sərhəd xidmətinin təşəkkülü prosesində iştirak edib.
General-mayor İsgəndər Allahverdiyevin vəfatı ilə bağlı yaxınlarına, doğmalarına və hərbçi yoldaşlarına dərin hüznlə başsağlığı veririk.