Çində bir dövlət qulluqçusunun xarici kəşfiyyat orqanlarına dövlət sirlərini ötürməkdə ittiham olunaraq edam cəzasına məhkum edilməsi, ölkə lideri Si Cinpinin həyata keçirdiyi irimiqyaslı təmizləmə prosesinin miqyasını üzə çıxarıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, son üç il ərzində ölkənin iki müdafiə naziri, bir xarici işlər naziri və ordunun yüksəkvəzifəli komandanları tutduqları vəzifələrdən kənarlaşdırılıb.
Casusluğa görə edam hökmü
Çin rəsmiləri yalnız Ma soyadı ilə təqdim edilən bir hökumət nümayəndəsinin xarici kəşfiyyata məlumat sızdırdığına görə ölüm cəzasına məhkum edildiyini açıqlayıb. Səlahiyyətlilərin verdiyi məlumata görə, həmin şəxs 35-i dövlət sirri hesab olunan 100-dən çox kəşfiyyat hesabatı müqabilində təqribən 150 min dollar qazanc əldə edib. Ma adlı şəxsin hansı nazirlikdə çalışdığı və hansı dövlətə casusluq etdiyi barədə heç bir açıqlama verilməyib.

Ordu rəhbərliyində təmizləmə
Si Cinpinin ordu rəhbərliyində apardığı təmizləmə prosesləri 2026-cı ildə ən kəskin mərhələsinə qədəm qoyub. Mərkəzi Hərbi Komissiyanın sədr müavini Çjan Youşya və Baş Qərargah rəisi Liu Çjenli yanvar ayında istintaqa cəlb olunaraq, sentyabrda həm partiyadan, həm də ordu sıralarından xaric ediliblər. Bundan əvvəl generallar He Veydonq və Miao Hua da vəzifələrindən uzaqlaşdırılmışdı. Nəticə etibarilə, 2022-ci ildə təşkil edilən komissiyanın yeddi üzvündən hazırda yalnız Si və Çjan Şenqmin öz postunu qoruyub saxlaya biliblər.

İki müdafiə nazirinə ölüm cəzası
Sabiq müdafiə nazirləri Vey Fenqhe və Li Şanqfu 2026-cı ilin may ayında rüşvətxorluq ittihamları ilə iki il təxirə salınmaqla edam cəzasına məhkum ediliblər. Li hələ 2023-cü ildə həftələrlə ictimaiyyət qarşısında görünməmiş və daha sonra vəzifəsindən azad edilmişdi. Strateji nüvə raket qüvvələrinin sabiq komandanı Li Yuçao və yüksəkrütbəli zabit Sun Szinmin də partiya sıralarından xaric ediliblər. Kadr təmizliyi Çinin nüvə hücumlarına qarşı cavabdeh qurum olan Raket Qüvvələrinə qədər genişlənib.

İtkin düşən xarici işlər naziri
Xarici işlər naziri Tsin Qanq 2023-cü ilin iyununda ictimaiyyətin gözündən itmiş, bir ay sonra isə tutduğu vəzifədən azad edilərək yerinə Vanq Yi təyin olunmuşdu. Bir vaxtlar ölkə liderinə ən yaxın şəxslərdən sayılan Tsinin hansı səbəbdən kənarlaşdırıldığı rəsmi şəkildə bəyan edilməyib. 2024-cü ilin iyulunda o, Kommunist Partiyasının Mərkəzi Komitəsini tərk etsə də, partiya üzvlüyünü qoruyub. Tsinin sonrakı taleyi və edam edildiyi ilə bağlı fərziyyələr davam etsə də, Pekin məsələ ilə əlaqədar susqunluğunu nümayiş etdirir.

Partiyada təmizləmə dalğası
Kadr dəyişiklikləri yalnız ordu ilə məhdudlaşmayıb. Sincanın sabiq partiya katibi və Siyasi Büronun üzvü Ma Sinjuy 2026-cı ilin iyul ayında korrupsiya ittihamları ilə partiyadan qovulub. ABŞ Konqresinə təqdim edilən 2026-cı il tarixli hesabata əsasən, Çin hərbi qüvvələrində general-leytenant və daha yüksək rütbəli onlarla şəxs vəzifədən uzaqlaşdırılıb və ya istintaq obyektinə çevrilib. Pekin bu prosesləri korrupsiyaya qarşı mübarizə kimi təqdim etsə də, Qərb mərkəzli hərbi təhlillərdə əməliyyatların Sinin şəxsi avtoritetini möhkəmləndirmək məqsədi daşıdığı qənaəti üstünlük təşkil edir.