"Mercedes-Benz" şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində təqsirləndirilən Xəyal Əli-Zadənin məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ittiham aktını elan edib.
İttihamda bildirilir ki, təqsirləndirilən Xəyal Əli-Zadə tanışı Seymur Talıbova Vüsal Şilderin cəzalandırılması müqabilində 10 min manat vəd edərək onun yaxın dostunun bacısına sataşdığını deyib.
Bundan sonra Vüsal Şilderlə bağlı məlumatlar Seymur Talıbova verildikdən sonra, o da bu işi tanıdığı Elman İskəndərova həvalə edib.
Elman İskəndərov Vüsal Şilderin hərəkət marşrutunu müəyyən etdikdən sonra ona qarşı verilən sifarişi yerinə yetirməyə dəfələrlə cəhd etsə də, buna şərait olmadığından cinayət baş tutmayıb.
Sonuncu dəfə Elman İskəndərov Vüsal Şilderi təhsil aldığı Qərb Universitetindən dərsdən çıxdıqdan sonra izləyərək Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli küçəsində arxadan ona yaxınlaşaraq qəfil boynundan bıçaqla zərbə endirir. Vüsal bu zərbədən sonra Elmana tərəf çevrildikdə o, daha bir zərbəni Şilderin sinəsindən endirir. Vüsal Şilder aldığı xəsarətlərdən dünyasını dəyişib.
Elman İskəndərov bundan sonra hadisə zamanı istifadə etdiyi bıçağı kanalizasiya lükünə atıb.
Seymur Talıbov bu işə görə Xəyal Əli-Zadədən aldığı 10 min manatdan 1000 manatı Elman İskəndərova verib.
Xəyal Əli-Zadə ittihamla özünü təqsirli bilməyib. O, hazırkı mərhələdə prosesdə ifadə verməkdən imtina edib.
Növbəti proses oktyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi 2 may 2013-cü il ildə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Almaniya vətəndaşı, "Mercedes-Benz" şirkətinin Azərbaycandakı təmsilçisinin oğlu Vüsal Şilder aldığı bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölüb. Əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıblar. Məhkəmənin qərarı ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə V.Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.
Qətlin təşkilatçısı və sifarişçisi Xəyal Əli-Zadə hadisədən sonra beynəlxalq axtarışa verilib. Onun yeri illər sonra Birləşmiş Ərəb Əmirliklərində müəyyənləşdirilib. 2026-cı il aprelin 10-da onun Azərbaycana ekstradisiyası həyata keçirilib.
Elgün Həsənli