"Mançester Siti"nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozması ilə bağlı işi daha bir neçə il davam edə bilər.
Oxu.Az "Sky Sports"a istinadən xəbər verir ki, klubun 115 ittihamla bağlı işi üzrə müstəqil tribunal qərarını verib və proses apellyasiya mərhələsinə keçib. Mətbuatda ittihamların böyük hissəsinin təsdiqləndiyi bildirilsə də, proses məxfi olduğundan yekun qərarın bütün detalları açıqlanmayıb.
Apellyasiya şikayətinə üç nəfərdən ibarət yeni heyət baxacaq. Tərəflərin tribunalın qərarından şikayət vermək hüququ var. "Mançester Siti" apellyasiyada məğlub olacağı təqdirdə məsələni UEFA-nın İdman Arbitraj Məhkəməsinə (CAS) çıxara bilməyəcək. Bununla belə, klub rəhbərliyinin işi Böyük Britaniyanın Ali Məhkəməsinə daşımaq ehtimalı istisna edilmir.
Qeyd edək ki, "Mançester Siti" 2014-cü ildə UEFA-nın maliyyə feyr-pley qaydalarını pozduğuna görə 49 milyon funt sterlinq cərimələnib. 2020-ci ildə isə klub iki il müddətinə avrokuboklardan kənarlaşdırılıb və 30 milyon avro cərimə edilib. Daha sonra CAS apellyasiyanı təmin edərək avrokuboklardan uzaqlaşdırma qərarını ləğv edib, cəriməni isə 10 milyon avroya endirib.
Hazırkı iş isə Premyer Liqanın 2009-2018-ci illər arasında baş verdiyi iddia olunan maliyyə qayda pozuntuları və klubun araşdırma zamanı əməkdaşlıq etməməsi ilə bağlıdır. "Mançester Siti" bütün ittihamları rədd edir.
Klubun İdarə Heyətinin sədri Xaldun əl-Mübarək də mövqelərinin dəyişmədiyini bildirib. O, azarkeşlərə müraciətində prosesin hələ başa çatmadığını və klubun özünü təqsirsiz hesab etdiyini vurğulayıb.
İttihamların təsdiqlənməsi halında Premyer Liqanın klub qarşısında xal silinməsi, cərimə və digər idman sanksiyaları tətbiq etmək imkanları var. Qaydalar konkret cəza müəyyənləşdirmədiyi üçün mümkün sanksiyanın miqyası ayrıca prosesdə müəyyənləşdirilə bilər.
"Sky Sports"un məlumatına görə, prosesin miqyası və mümkün apellyasiya mərhələləri nəzərə alınaraq, "Mançester Siti" ilə bağlı hüquqi mübahisənin yekunlaşması daha bir neçə il çəkə bilər.