"Mançester Siti" İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinib.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist və insayder Devid Ornşteyn sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, klub bu qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.
Qeyd edək ki, 2023-cü ilin fevralında "Mançester Siti" klubunun Premyer Liqanın 2009/2010-2017/2018 mövsümləri ərzindəki fəaliyyətini əhatə edən 115 ittiham irəli sürüb. KİV-in yaydığı məlumatlara görə, pozuntulardan biri "Mançester Siti"nin UEFA-nın maliyyə qaydalarından yan keçərək 30 milyon funt sterlinq əldə etməsi ola bilər.
Məlumata görə, "Siti"nin maliyyə pozuntuları haqqında "YouTube" filmi hazırlayan şəxslər UEFA-nın 2020-ci ildə ingilis klubunun maliyyə fəaliyyəti ilə bağlı hazırladığı hesabata çıxış əldə ediblər. Hesabatdan məlum olur ki, klub Əbu-Dabidən olan naməlum şəxsdən 15 milyon funt sterlinq məbləğində iki ödəniş alıb. Bu, 2012 və 2013-cü illərdə baş verib.
Köçürmələr BƏƏ-yə məxsus "Etisalat" telekommunikasiya şirkəti tərəfindən sponsorluq ödənişləri kimi rəsmiləşdirilib. Lakin UEFA belə qənaətə gəlib ki, əslində bu, "şəhərlilər"in Əbu-Dabidəki sahibləri tərəfindən həyata keçirilən "gizli maliyyələşdirmə" olub və bu, qurumun qaydalarının pozulmasıdır.
"Mançester Siti" bütün ittihamları ardıcıl olaraq rədd edib və onları yalan adlandırıb. Klubu İngiltərə Premyer Liqasından kənarlaşdırma, xalların silinməsi və böyük məbləğdə cərimələr gözləyə bilər. Bununla belə, klub üçün dəqiq nəticələr hələ müəyyən edilməyib.