Turanə Hüseynli yazır...
Ölüm haqqında hər kəsin bir fərziyyəsi var: kimi onu son hesab edir, kimi - başlanğıc. Kimi - qaranlıq, kimi - işıq. Kimi - sonsuz bir yuxu, kimi isə başqa bir həyata açılan qapı. Əsrlərdir yazıçılar, filosoflar, şairlər ölümün nə olduğunu anlamağa çalışırlar, amma bəlkə də onun haqqında bu qədər çox yazmağımızın səbəbi çox sadədir: heç birimiz cavabı bilmirik.
Rilke ölümü həyatın yad bir düşməni kimi deyil, insanın içində onunla birlikdə böyüyən bir həqiqət kimi görürdü. Tolstoy üçün ölüm insanı ən ağır sualla üz-üzə qoyurdu: "Doğrudanmı yaşamışam?" Borxes ölümün sərhədində "mən" dediyimiz şeyin nə qədər qalıcı olduğunu sorğulayırdı. Kamyu isə insanın ölümlü olmasını həyatın mənasızlığından çox, onun təkrarolunmazlığının sübutuna çevirirdi.
Mənə görə isə ölüm haqqında ən təsirli fikir paradoksal şəkildə ölümü deyil, həyatı izah edən fikirdir. Donald Revell haqqında yazılan bir təhlildə çox gözəl bir yanaşma var: ölüm haqqında şeir, əslində, həyatın bayramına çevrilə bilər; həyatın möcüzə olması məhz onun bir sonunun olmasından ayrılmazdır.
Bəlkə də, ölüm həyatın əksi deyil. Bəlkə, ölüm həyatın sərhədidir və biz yalnız sərhədi olduğu üçün yaşadığımız şeyin formasını görə bilirik.
Bəli, ölüm haqqında hər kəsin bir fərziyyəsi var. Çünki oradan heç kim bizə həqiqəti danışmaq üçün geri qayıtmayıb. Ona görə də ölüm, bəlkə də, bəşəriyyətin ən qədim boş səhifəsidir və hər kəs oraya öz qorxusunu, inancını və ümidini yazır.
Bəziləri isə yazdıqlarını mükəmməl şəkildə ekranlaşdırırlar. Ölüm haqqında bu qədər rəngli hiss edib yazımda əks etdirəcəyimi heç düşünməzdim. Amma artıq sizin də bildiyiniz kimi, mənə bütün hisslər haqqında çəkilmiş filmləri izləmək daha maraqlı gəlir...
Məsələn, "Başka Bir Sen" filminin ölümə yanaşmasının maraqlı tərəfi var. Hekayə "ölümdən sonra nə var?" sualından çox, "əgər hər gün öləcəyini bilsəydin, yaşamaq sənin üçün nə demək olardı?" sualını verir.
"Mümtaz" və "Derya" birlikdə öldükdən sonra üç il boyunca hər gün başqa bir insanın bədənində o insanın son gününü yaşayırlar. Yəni onlar ölümün o biri tərəfinə keçmirlər; əksinə, ölümün astanasında ilişib qalırlar. Hər səhər yeni bir həyat, hər axşam yenidən ölüm.
Burada çox gözəl bir paradoks yaranır: ölümsüzlük onlara sonsuz həyat şəklində verilmir: sonsuz sayda son gün şəklində verilir. Məncə, filmin ən poetik fikri buradadır. Çünki insan, adətən, ölümün dəhşətini onun bir dəfə baş verməsində görür. "Başka Bir Sen" isə təsəvvür edir ki, ölüm bir dəfə deyil, hər gün qarşına çıxsaydı, nə olardı? Bir müddətdən sonra qorxduğun şey ölümün özü yox, heç bir həyata tam aid ola bilməmək olardı.
Başqasının üzü ilə oyanırsan. Başqasının ailəsinə baxırsan. Başqasının xatirələrinin içərisinə düşürsən. Axşam isə onunla birlikdə ölürsən.
Beləcə, film ölüm haqqında danışarkən qəribə şəkildə kimlik haqqında danışmağa başlayır: Bədən dəyişirsə, insanı insan edən nə qalır?
Üzün deyil. Yaşın deyil. Sosial mövqeyin deyil. Hətta sabahın belə deyil.
"Derya" ilə "Mümtaz"ı bir-birinə bağlayan yeganə sabit şey bir-birini tanımalarıdır. Bütün bədənlər dəyişir, amma "səni tanıyıram" hissi qalır. Buna görə filmdə sevgi də klassik romantik filmlərdəki kimi, "səninlə bütün ömrümü keçirmək istəyirəm" fikrindən bir qədər fərqli səslənir. Burada sanki belə deyilir:
"Sənin hansı bədəndə olduğunu bilməsəm də, yenə səni taparam".
Bu isə ölüm mövzusu ilə çox gözəl birləşir. Çünki insanın ölümdən ən böyük qorxularından biri yalnız yox olmaq deyil, sevdiklərindən ayrılmaqdır. Film fantastik bir fərziyyə irəli sürür: bəlkə də, insanı insana bağlayan şey bədəndən daha davamlıdır?
Filmin ailə mövzusuna keçməsi də buna görə təsadüfi deyil. Mənbələrdə də filmin əsas xəttinin ailə ola bilməyin çətinlikləri və "sonsuz sevginin sərhədləri" ətrafında qurulduğu qeyd edilir.
Başda dediyim kimi: ölüm haqqında hər kəsin bir fərziyyəsi var. Kimi onu qaranlıq bir son, kimi - başqa bir başlanğıc, kimi də sonsuz bir yuxu hesab edir. "Başka Bir Sen" isə başqa bir ehtimal irəli sürür: bəlkə, ölümdən sonra bizi tamam başqa bir həyat yox, yaşamağın nə demək olduğunu anlayana qədər təkrarlanan son günlər gözləyir?
Bəlkə də, insan ölümə hazır olmaq üçün deyil, həyata hazır olmaq üçün dəfələrlə ölməlidir...