Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində görkəmli azərbaycanlı alim, ilahiyyatçı-filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Xocalı şəhərinə gəliblər.
Oxu.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfrans iştirakçıları Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.
S.Qəhrəmanov qonaqlara Xocalı şəhərində həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin doğma yurda qayıdışı və şəhərdə yaradılan müasir infrastruktur barədə məlumat verib.
Daha sonra nümayəndə heyətinə bildirilib ki, Xocalı Soyqırımı Memorial Kompleksi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılması məqsədilə yaradılıb. Kompleksin təməli 2024-cü il fevralın 26-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
2025-ci il fevralın 25-də dövlət başçısının müvafiq Sərəncamı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması rəsmiləşdirilib.
Qeyd olunub ki, Xocalı-Əsgəran avtomobil yolunun üzərində yerləşən kompleks Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Memorial kompleksin ekspozisiyasında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş faciə ilə yanaşı, şəhərin tarixi, coğrafi əhəmiyyəti, habelə faciədən əvvəl Xocalıda həyat və dinc əhalinin gündəlik yaşayışı barədə məlumatlar əks olunur.
Komplekslə tanışlıq zamanı iştirakçılara, Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı törədilmiş cinayətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, faciə nəticəsində yüzlərlə dinc sakin qətlə yetirilib, yaralanıb, əsir və itkin düşüb, şəhər dağıdılıb.
Konfrans iştirakçıları memorial kompleksdə Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Səfər çərçivəsində qonaqlar Xocalı şəhərində aparılan bərpa-quruculuq işləri ilə də tanış olublar.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin Bakıda keçirilən 7-ci görüşü çərçivəsində Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Qarabağa səfər ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən səfər çərçivəsində Ağdam Cümə Məscidində xüsusi tədbir keçirilib.
Tədbirdə çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Ağdam Cümə məscidi Birinci Qarabağ Müharibəsi dönəmində "şəhid məscidi" kimi yadda qalmışdı:
"Bu divarlarda neçə-neçə ananın naləsi var. Mən özüm də bu hadisələr zamanı məsciddə olmuşam. Qarabağ indi yenidən qurulur, dini ibadət yerləri də bərpa edilir, yeni məscidlər tikilir və ibadət üçün açılır. Bu, çox sevindirici haldır".
Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov isə vurğulayıb ki, Ağdam şəhəri vaxtilə dağıntı və kədərin simvolu, "Qafqazın Xirosiması" kimi xarakterizə olunurdusa, bu gün o, sülhün, təhlükəsizliyin və gələcəyə inamın rəmzinə çevrilir.
İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi Həmid Şəhriyari çıxışında regionda və dünyada sülhün, sabitliyin təmin olunmasına çağırış edib:
"Ümid edirik ki, tezliklə Cənubi Qafqazda da davamlı sülh əldə ediləcək".
Türkiyədən olan nümayəndə Fatih Mehmet Karaca qeyd edib ki, Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin bir araya gəlməsi gələcəyə ümid və inam ifadə edən təşəbbüsdür:
"Mən Ağdam Cümə məscidini təkrar ibadətə açan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Məscid bir simvoldur, əsas məsələ bölgədə dağıdılan tarixin bərpası, yenidən inşasıdır. Bunu bacaran hər kəsə təşəkkür edirəm".
Özbəkistan müftisi Nuriddin Xuliqnəzər də Özbəkistan müsəlmanları adından çıxış edərək Ağdam Cümə Məscidinin yenidən öz əhlinə, öz müsəlmanlarına qayıtmasından məmnunluq ifadə edib:
"Bu məscid, bu diyar neçə-neçə günahsızın göz yaşlarının şahidi olub, şəhidlərin qanı bahasına azad edilib.
Azərbaycan və Özbəkistan sadəcə dost və qardaş deyil, həm də müttəfiqdir. Bizim prezidentlərimiz də bununla əlaqədar müqavilə imzalayıblar. Ümid edirəm ki, bu dostluq və müttəfiqlik əbədi davam edəcək".