Avropa İttifaqı (Aİ) ölkələrində yaşayan vətəndaşların böyük bir qismi Avropa Komissiyasına (AK) kimin rəhbərlik etdiyindən xəbərsizdir.
Oxu.Az xəbər verir ki, bu məlumatlar "Public First" şirkətinin "Politico" nəşri üçün həyata keçirdiyi rəy sorğusunun nəticələrində öz əksini tapıb. Məlumata əsasən, Fransada rəyi soruşulanların 20%-dən çoxu AK-nın rəhbəri vəzifəsini icra edən Ursula fon der Lyayenin kim olduğunu bilmədiklərini söyləyib. İspaniyada bu göstərici 10%, Almaniyada isə 5% təşkil edib. Nəşr vurğulayır ki, fon der Lyayen Aİ vətəndaşlarının rəğbətini və inamını qazana bilməyib, hətta onlardan bəziləri onun, ümumiyyətlə, kim olduğunu tanımır.
Sentyabrın 13-15-də Almaniya, İspaniya və Fransada hər ölkə üzrə 2 mindən çox yetkinlik yaşına çatmış şəxsin iştirakı ilə keçirilən sorğunun nəticələri fon der Lyayenin sentyabrın 16-da Strasburqda Aİ-nin vəziyyətinə həsr olunmuş illik proqram xarakterli çıxışı ərəfəsində yayımlanıb.
Tədqiqatın nəticələri, həmçinin göstərib ki, çox az sayda vətəndaş onun çıxışını canlı yayımda izləməyi planlaşdırır. Üç ölkə üzrə orta hesabla respondentlərin təxminən 10%-i müraciəti diqqətlə izləyəcəklərini, təqribən üçdəbiri isə təfərrüata varmayacaqlarını bildirib.
"Public First"ün sosioloji tədqiqatlar şöbəsinin rəhbəri Seb Rayd qeyd edib ki, fon der Lyayen bütün Avropada fəaliyyətdə olan liderlərin məğlubiyyətinə gətirib çıxaran siyasi isteblişmentə qarşı eyni etimadsızlıq əhvali-ruhiyyəsi ilə üzləşir. Onun sözlərinə görə, AK rəhbəri avropalıları Aİ-nin gündəliyinin onların yaşayış dəyərinin artması ilə bağlı ciddi narahatlıqlarını nəzərə aldığına inandırmaq üçün xeyli səy göstərməli olacaq.