Avropa Ukraynadakı münaqişənin nizamlanması məqsədilə aparılan danışıqlarda fəal şəkildə iştirak etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Finlandiya Prezidenti Aleksandr Stubb ilə baş tutan telefon danışığından sonra bu barədə "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
AK rəhbərinin sözlərinə görə, iştirak formatı "E5 + Aİ" adlandırılıb. Bu formatda Avropanın beş dövləti - Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniya, həmçinin Avropa İttifaqının təsisatları yer alıblar.
"Avropa Rusiya və Ukrayna arasındakı danışıqlar prosesində "E5 + Aİ" formatı çərçivəsində yaxından iştirak edəcək", - deyə o qeyd edib.
Fon der Lyayen bildirib ki, Aİ-nin genişlənmə məsələlərinə dair Forumu ərəfəsində Stubb ilə bu mövzunu da müzakirə edib. Forum noyabrın 16-na təyin olunub.