Turanə Hüseynli yazır...
Tənhalıq bütün kainatlarda qorxuludur?
İnsanın ən böyük qorxusu ölüm yox, kiminləsə bölüşə bilmədiyi bir həyat yaşamaqdır, yəqin ki. Çox sadə görünən bu fikir əslində insanın ən qədim və ən ağır suallarından biridir: tək qalmaq nəyə görə bu qədər qorxulu gəlir?
"Passengers" ("Sərnişinlər")...
Film bizi Yer kürəsindən başqa bir planetə köçmək üçün 120 illik səyahətə çıxmış nəhəng kosmik gəmiyə aparır. Gəmidəki 5 000 sərnişin süni yuxu kapsullarında yatır və səyahət bitənə qədər oyanmamalıdırlar. Amma qəza nəticəsində mühəndis Ceyms Preston vaxtından 90 il əvvəl oyanır. Onu gözləyən heç kim yoxdur. Gəmi boş, kimsəsiz və sükutla doludur.
Ceyms yazıçı Avrora Leynin kapsulunu tapır. Uzun aylar ərzində onun yuxuda olan üzünə baxaraq keçirdiyi tənhalıqdan sonra o, qeyri-adi və əxlaqi baxımdan çox ağır bir qərar verir, Avroranı da oyadır.
Bu qərar filmin hekayəsinin və yuxarıda verdiyim sualların əsl başlama nöqtəsidir. Çünki bundan sonra izlədiyimiz artıq sadəcə kosmik macəra deyil, bir insanın başqa bir insanın taleyini öz əlinə alması və sonra bu seçimin nəticələri ilə yaşamağa çalışmasıdır.
"Passengers" filmi baş qəhrəman Ceymsi nə tam yaxşı, nə də tam pis insan kimi göstərir. Onu sadəcə tənhalığın apara biləcəyi son həddə çatmış zəif bir insan kimi də görə bilərik. Burada vacib bir sual doğur: mən onun yerində olsaydım, nə edərdim?
Rejissor Morten Tyldum filmi çəkərkən əsas diqqəti gəminin nəhəngliyi ilə insanların kiçikliyi arasındakı ziddiyyətə yönəldib. Geniş, işıqlı, demək olar ki, kimsəsiz otaqlar və sonsuz ulduz mənzərələri fonunda iki nəfərin tənhalığı get-gedə daha ağır hiss olunur. Bu vizual seçim təsadüfi deyil: gəminin lüksü əslində insanın öz seçimlərindən qaça bilməyəcəyi bir qəfəsə çevrilir.
Baş rollarda Kris Pratt və Cennifer Lourensin ifası filmin bütün ağırlığını çiyinlərində daşıyır, çünki əksər səhnələrdə ekranda sadəcə onlar ikisi var. 2016-cı ildə geniş prokata çıxan film kassada yaxşı nəticə göstərsə də, tənqidçilərin mövqeyi birmənalı deyildi: bir qismi filmi cəsarətli əxlaqi dilemmasına görə təqdir etdi, digər qismi isə filmin öz sualından qorxub daha "rahat" bir sona doğru getdiyini düşündü.
Məncə, məhz bu münaqişəli reaksiya filmdəki sualın nə qədər narahatedici olduğunu göstərir: tənhalıq insanı hansı həddə qədər gətirə bilər? Və başqasının həyatı üzərində qərar vermək - hətta ən yaxşı niyyətlə edilsə belə - bağışlana bilərmi?