Bakının Sabunçu Tibb Mərkəzində doğuşdan sonra ananın qolları olmayan və çoxsaylı inkişaf qüsurları ilə dünyaya gələn körpəsindən imtina etməsi ilə bağlı hadisə qeydə alınıb.
Tibb mərkəzinin məlumatına görə, 1985-ci il təvəllüdlü qadın iyunun 27-də hamiləliyin 36-cı həftəsində xəstəxanaya yerləşdirilib. Doğuşdan sonra oğlan uşağında çoxsaylı inkişaf qüsurları aşkarlanıb. Ana iyunun 30-da yazılı iltizamnamə ilə övladından imtina edərək tibb müəssisəsini tərk edib.
Körpə sentyabrın 10-da Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib. Hazırda uşağın vəziyyəti kafidir və sosial xidmət əməkdaşlarının nəzarətindədir.
"Vətəndaş övladını qeyri-rəsmi nikahdan dünyaya gətirdiyini deyərək, özünün, eləcə də övladının sağlamlığında olan problemlər səbəbindən ona daimi qayğı göstərməkdən imtina edib", - deyə Sosial Xidmətlər Agentliyinin əməkdaşı Qara Rəhimov bildirib.
Baku TV-nin hadisə ilə bağlı paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı müxtəlif fikirlər səsləndirilib.
"Bunu ancaq analıq hissi ölmüş qadın edər", - deyə sakinlərdən biri söyləyib.
Digər vətəndaş isə qeyd edib:
"Övladını atırsa, o nə insandır, nə də ana. O qədər valideynlər var ki, əli-ayağı olmayan uşaqlarına çox yaxşı baxırlar".