"Universitetlərin bakalavr pilləsinin müddətinin 4 ildən 3 il yarıma, 3 ilə qədər endirilməsi təcrübəsi dünya praktikasında mövcuddur. Bu məsələyə Milli Məclisin Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birlikdə yenidən baxa bilər".
Oxu.Az xəbər verir ki, bunu deputat Eldar Quliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib.

O bildirib ki, təhsilin inkişafı üçün bu cür dəyişiklikləri dəyərləndirmək məqsədəuyğundur:
"Magistratura pilləsinə gəlincə, bu müddətə də yenidən baxıla bilər. Əksər ölkələrdə magistratura müddəti bir ildir. Düzdür, ABŞ-də və başqa bəzi inkişaf etmiş ölkələrdə elə universitet var ki, 2 illik magistr təhsili verir. Amma ümumilikdə bu müddətin Azərbaycanda bir ilə endirilməsi müzakirə oluna bilər. Məlumat üçün deyim ki, bu il magistratura üçün ayrılan 18 min yer üçün cəmi 15 min ərizə verilib. Ərizə verənlərin isə bir hissəsi imtahandan keçə bilməyib. İstənilən halda magistr üçün ayrılan bu qədər yerin boş qalması təhsilimiz üçün itkidir. Azərbaycanda təhsil ala bilməyən gənclər Türkiyəyə, Gürcüstana, digər region ölkələrinə və ya Avropa universitetlərinə gedirlər. Onlar təhsil alıb qayıtdıqdan sonra magistr diplomlarını Azərbaycanda təsdiq etdirirlər".